Məhkəmə qərarları › İş №e-2(047)-158/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-158/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-158/2025 04.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, "xxxx" MMC ilə “OCEAN RO452CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" MMC şirkətinə məxsus və qiyməti 1690 manat məbləğində olan “OCEAN RO452CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilmiş və bu barədə xx.xx.2020-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN RO452CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödənişsiz, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 16 ay müddətinə olmaqla hər ayın 06-dan gec olmayaraq, hər ay 100 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə 890 manat məbləğində əsas borcu qalmışdır. Odur ki, “OCEAN RO452CS” markalı su təmizləmə sistemi üçün 890 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ifadəsində göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, o, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə müvafiq olaraq "xxxx" MMC şirkətinə məxsus və qiyməti 1690 manat məbləğində olan su təmizləmə sistemi almış, bir neçə ay ödəniş etdikdən sonra, su təmizləmə sistemi işləməmiş, dəfələrlə iddiaçı MMC-nə müraciət etməsinə baxmayaraq su təmizləmə sistemini təmir edən olmamışdır. Ona görə də o, iddia tələbinin rədd olunması, “OCEAN RO452CS” markalı su təmizləmə sistemininin "xxxx" MMC-nə və ödədiyi pulun isə ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər üzərinə müəyyən öhdəliklər götürmüş, "xxxx" MMC şirkətinə məxsus və qiyməti 1690 manat məbləğində olan “OCEAN RO452CS” markalı su təmizləmə sistemi 16 ay müddətinə hər ay 100 manat ödəniş etmək şərtilə iddiaçı tərəfindən Cavabdeh yoxlanılaraq təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 890 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş pretenziya görünür ki, cavabdehə borcunun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsinə etirazın məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçının iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan “OCEAN RO452CS” markalı su təmizləmə sistemi almış, lakin müqaviləyə əsasən borclu aldığı əmlaka görə ödənilmələri vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin MMC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən 890 manat məbləğində borcu yaranmışdır. Bundan başqa məhkəmə onu da bildirir ki, cavabdeh tərəfindən məhkəməyə verdiyi izahatında onun tərəfindən iddiaçıdan alınmış “OCEAN RO452CS” markalı su təmizləmə sisteminin işləməməsini bildirilsə də, lakin bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 890 manat əsas borc pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 890 manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar