Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-165/2025 23.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində X1 hüququ olmadan və etibarnaməsiz idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Renault Logan” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, həmçinin sərnişinlər X6 və X10 az ağır, X4 isə yüngül dərəcəli xəsarətlər almışdır. Hadisə üzrə Abşeron Rayon Məhkəməsi tərəfindən 1(012) 493/2021 saylı hökm çıxarılmış və hökmə əsasən müəyyən olunmuşdur ki, X11 yol-nəqliyyat hadisəsi törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük hüququ), həmçinin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti (etibarnaməsi) olmamışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Renault Logan” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 7000,00 (yeddi min) manat təşkil edir. “Renault Logan” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərlə bağlı tərəflərindən PXA82460 saylı sığorta aktı tərtib edilməklə icbari sığorta üzrə sığorta ödənişinin son həddi olan 5000,00 (beş min) manat məbləğində vəsait zərərçəkənin təqdim etdiyi hesaba köçürülmüşdür. Həmçinin, sərnişinlər X6 və X10 az ağır xəsarət aldığından hər birinə 1500,00 (bir min beş yüz) olamaqla cəmi 3000,00 (üç min) manat, X4 isə yüngül dərəcəli xəsarət aldığından 750,00 (yeddi yüz əlli) manat PXA105553, PXA105554, PXA105555 və PXA106530 saylı sığorta aktları tərtib edilməklə zərər çəkənlərə ödənilmişdir. "xxxx" ASC tərəfindən hadisə ilə bağlı müvafiq sənədlər toplandıqdan sonra məlum olmuşdur ki, sürücü X11 vəfat etmişdir. Sürücünün vəfatı ilə bağlı müvafiq notariat orqanına sorğu verilmiş və sonuncunun vərəsəsinin olmadığı aşkar edilmişdir. Bundan başqa araşdırma zamanı məlum olmuşdur ki, sığortalı “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1, istifadə hüququ ilə isə Cavabdeh2 məxsus olmuş və sonuncunun razılığı ilə X9 idarə edilməsinə verilmişdir. Yuxarıda qeyd olunanları və hadisə zamanı nəqliyyat vasitəsinin Cavabdeh1 mülkiyyətində, Cavabdeh2 isə etibarnamə əsasında istifadəsində olduğunu nəzərə alaraq ümumilikdə 8750,00 (səkkiz min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə cavabdehlərdən tutulmasına əsas vardır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8750 (səkkiz min yeddi yüz əlli) manat sığorta ödənişinin və ödənilmiş 108,00 (bir yüz səkkiz) manat dövlət rüsumu əvəzi pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 hal-hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı CÇM-dən məhkəməyə ərizə göndərərək düzgün araşdırılma aparılıb ədalətli qərar qəbul edilməsinə köməklik edilməsini məhkəmədən xahiş etmiş, Cavabdeh1 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktlarından, qüsur aktından və Abşeron rayon Pİ-nin istintaq şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 məxsus olan X7 idarə etdiyi “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmış, xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, faydalanan şəxslər X6 və digər şəxslərə ödənilən sığorta ödənişinin məbləği isə ümumilikdə 8750 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişinin alınması üçün plastik ödəmə kartlarının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən faydalanan şəxslərə 8750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 tərəfindən Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 1(012)-493/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1146/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üzərində 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və onun cəzasının əvvəlinin 15 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış etirazın məzmunundan görünür ki, iddiaçı Xalq Sığorta ASC Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müvafiq maddələrini əsassız olaraq tətbiq edərək pulun onlardan tutulmasını tələb edir. Birmənalı şəkildə qeyd edir ki, iddiaçının iddiası absurd tərtibatdan ibarət olmaqla onların məhkəmə süründürməçiliyinə səbəb olan hallardan başqa bir şey deyildir. Hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan, maddi və prosesual hüquq normaları baxımından qanunvericiliyin və beynalxalq hüquq normalarının tələblərinə ziddir. Belə ki, mərhum oğlu, X12 istər onun, istərsə də digər Cavabdeh2 xəbəri və razılığı ilə nəqliyyat vasitəsini idarə etməmiş, nəticədə mövcud hadisələr və mülki mübahisələr yaranmışdır. Eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində də Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsini əsas götürərək icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindəm sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi onlara qarşı irəli sürülmüş iddia obyektiv və ya subyektiv cəhətdən qarşı tərəfə subroqasiya ilə pul tələbi əsassızdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.6-cı maddəsində göstərilir ki, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Qeyd edir ki, hadisəni törədən oğlu dünyasını dəyişmişdir, ona görə də iddiaçı işə xitam vermək əvəzinə hüquqlardan sui-istifadə etməklə sosial-iqtisadi, maddi və mənəvi çətinliklər içərisində yaşamaqlarına qanunsuz şəkildə tələb irəli sürmüşdür. O, özü ağır şəkər, qaraciyər, ürək qan-damar xəstəliyindən əziyyət çəkir, digər cavabdeh oğlu Cavabdeh2 isə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Hadisə olan zaman Cavabdeh2 həbsdə olmuşdur. O, isə xəstə olduğu üçün yataq xəstəsi olmuş, mərhum oğlunun hansı şəraitdə avtomaşını hara, necə getməsindən xəbəri olmamışdır. Belə olan halda onlara qarşı irəli sürülmüş iddia əsassız olduğundan rədd edilməlidir. Hadisəni törədən vəfat etmişdir. Hesab edir ki, işin icraatına xitam verilməli idi. Qanunun tələbində zərər vuranın ölüb-ölməməsi və hansı halda onların cavabdeh olmağı subyektiv və ya obyektiv şəkildə hüquq münasibətlərinin tənzimlənməsi konkret olaraq göstərilməmişdir. Bir daha qeyd edir ki, onun avtomaşının qaçırılmasından xəbəri olmayıb və iradəsilə avtomaşın idarə olunması üçün zərərvuranın istifadəsinə, idarə etməsinə verilməmişdir. O, nə bilərdi ki, avtomaşını oğlu ondan gizlin sürüb aparıb hardasa qəza törədəcək. Xülasə iddia ərizəsinə etirazını bildirir və hesab edir ki, iddiaçı onlara qarşı qərəzli mövqe tutaraq onların daha da acınacaqlı vəziyyətə düşməsinə səbəb olan hərəkət və ya hərəkətsizliklər edir. Odur ki, etiraz ərizəsinin təmin edilməsi, iddia ərizəsinin rədd edilməsi və işin icraatına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı CÇM-dən məhkəməyə göndərdiyi ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, anasına məxsus “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili o, azadlıqda olanda anası tərəfindən verilmiş avtomobili yalnız idarə etmək üçün etibarnamə ilə idarə etmiş, rəhmətlik qardaşı X9 onun heç bir hüququ olmayıb ki, avtomobili idarə etməsinə icazə verə. Anasının dediyinə görə Amil anasının yatmasından istifadə edərək avtomobili, anasından gizli olaraq sürüb gedib və həmin qəzanı törədib və aldığı xəsarətdən Qara Qarayev adına xəstəxanada müalicə olub. Amilin rəhmətə getməsinə səbəb də aldığı xəsarətlərin fəsadlarının nəticəsi olmuşdur. Odur ki, ədalətli qərar qəbul edilməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən cavabdehlərə göndərilmiş bildirişdən görünür ki, cavabdehlərdən 8750 manat məbləğində sığorta ödənişinin 7 (yeddi) iş günü ərzində könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "xxxx" ASC-nə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 adına vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 108 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir. 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi Cavabdeh1 məxsus olan X11 tərəfindən idarə olunan "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Renault Logan” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi zərər dəymiş, həmçinin sərnişinlər X6 və X10 az ağır, X4 isə yüngül dərəcəli xəsarətlər almışlar. Baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASCdə sığortalanmış “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 qeyd olunan yol nəqliyyat hadisəsi baş verərkən həmin avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir ki, bu hal da Abşeron Rayon Məhkəməsinin 1(012)-493/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə öz təsdiqini tapmış və nəticədə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən “Renault Logan” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin sərnişinlər X3, X8 və X2 dəymiş zərər üzrə ümumilikdə 8750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 8750 manat məbləğində dəymiş ziyan X5 tələb edilsə də qeyd edilən məbləğ X11 tərəfindən ödənilməmiş, sonradan X11 vəfat etmiş, iddiaçı Xalq Sığorta» ASC tərəfindən X7 vəfatı ilə əlaqədar olaraq onun vərəsələrinin olub-olmaması ilə bağlı müvafiq notariat orqanına sorğu verilmiş, lakin X7 vərəsəsinin olmadığı aşkar edilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən 8750 manat məbləğində dəymiş ziyan Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi Cavabdeh1 və həmin avtomobili istifadə hüququ ilə idarə edən Cavabdeh2 tələb edilmiş, lakin qeyd edilən sığorta ödənişi məbləği cavabdehlər tərəfindən ödənilmədiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də belə müəyyən olunmuşdur ki, göstərilən 8750 manat məbləğində dəymiş ziyanın vurulmasında X11 ilə yanaşı birbaşa təqsirkar şəxs Cavabdeh1 da olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" ASC Cavabdeh2 da qeyd edilən söğorta ödənişinin onun xeyrinə tutulmasını tələb etsə də Cavabdeh2 həmin sığorta ödənişinin əmələ gəlməsində təqsirli olmasına dair mötəbər sübutları iddiaçının nümayəndəsi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC subroqasiya tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Lakin bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, məhz Cavabdeh2 da qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1146/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının məzmunundan da belə müəyyən olunur ki, “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X11 tərəfindən idarə olunaraq yol nəqliyyat hadisəsi törədilərkən Cavabdeh2 müvafiq istintaq təcridxanasında olmuşdur. Belə olan halda isə “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh2 tərəfindən müvafiq razılıq əsasında idarə edilməsi üçün X9 verilməsini məhkəmə absurd hesab edir. Bundan başqa Cavabdeh1 məhkəməyə ünvanladığı etirazında “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin onun razılığı olmadan, yəni onun mülkiyyətindən hüquqa zidd olaraq alınıb X11 tərəfindən idarə edilməsini bildirsə də o, da bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, həmçinin o da müəyyən edilir ki, törədilmiş hadisə Cavabdeh2 münasibətdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən, yəni “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 idarə edilmək üçün verilməsində cavabdehlərdən biri olan Cavabdeh2 təqsiri sübuta yetirilmədiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “Renault Logan” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin sərnişinlər X3, X8 və X2 dəymiş ziyanla bağlı subroqasiya hüququ da yaranmamışdır. Ona görə də məhkəmə iddiaçı "xxxx" ASC-nin iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməli olmadığını bildirir. Beləliklə də məhkəmə Cavabdeh1 8750 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 108 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsini və iddia tələbinin qalan hissədə isə rədd edilməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 8750 (səkkiz min yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və ödənilmiş 108,00 (bir yüz səkkiz) manat dövlət rüsumu pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 8750 (səkkiz min yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-165/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-165/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver