Məhkəmə qərarları › İş №e-2(047)-211/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-211/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-211/2025 21.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslinin müddəalarına riayət edilmədən verildiyi üçün ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarını nəzərdən keçirən zaman müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul olunanadək Cavabdeh xx.xx.2024-cü il tarixdə ölməsi məlum olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllnin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllnin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllnin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllnin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Sadalanan prosessual normalarının müqayisəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmədə iddia qaldırılarkən fiziki şəxsin cavabdeh statusuna malik olması üçün, onun həyatda olması və prosessual fəaliyyət qabiliyyətinə malik olması mütləqdir. Heç də təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 134 və 168.1-ci maddələri işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsinin və ona əlavə edlilmiş sənədlərin rəsmi qaydada verilməsinin təmin olunmasını bir vəzifə kimi məhkəmənin üzərinə qoymuşdur. Bundan başqa prosessual qanunvericilikdə hüquq varisliyinə o zaman yol verilir ki, iş məhkəmənin icraatında olan zaman tərəflərdən biri sıradan çıxsın (şəxs ölsün). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-cü maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə Cavabdeh xx.xx.2024-cü il tarixdə ölməsi səbəbindən baxılması mümkün olmadığından ərizəni qəbul etməkdən imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu, həmçinin Cavabdeh hüquqi varisləri müəyyən edildikdən sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin hüquqi varislərə qarşı iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 284-4 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə Cavabdeh xx.xx.2024-cü il il tarixdə ölməsi səbəbindən baxılması mümkün olmadığından ərizəni qəbul etməkdən imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın, ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu, həmçinin Cavabdeh hüquqi varisləri müəyyən edildikdən sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin hüquqi varislərə qarşı iddia qaldırmaq hüququnun olduğu izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar