Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-235/2024 06.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Minkənd kənd icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********670) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15M-1 markalı, 466251 nömrəli sayğac xx.xx.2017-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-ci il tarixinə 1070,17 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 1070,17 manat məbləğində borc pulun tutularaq **********670 saylı abonent koduna və 30,71 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abonentin kartından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 2016-cı il üzrə 117 manat, 2017-ci il üzrə 30 manat, 2018-ci il üzrə 98 manat, 2019-cu il üzrə 134 manat, 2020-ci il üzrə 85,50 manat, 2021-ci il üzrə 244,67 manat 2022-ci il üzrə 193 manat, 2023-cü il üzrə 176 manat və ümumilikdə 1070,17 manat borcu vardır. -İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, yaranmış borcu ödəməsi, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,71 manat dövlət rüsumu ödənilmişdir. Bundan başqa 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Bundan əlavə Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 kub metr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********670) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri cavabdehin ünvanına quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15M-1 markalı, 466251 nömrəli sayğac xx.xx.2017ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 2016-cı il üzrə 117 manat, 2017-ci il üzrə 30 manat, 2018-ci il üzrə 98 manat, 2019-cu il üzrə 134 manat, 2020-ci il üzrə 85,50 manat, 2021-ci il üzrə 244,67 manat 2022-ci il üzrə 193 manat, 2023-cü il üzrə 176 manat və ümumilikdə 1070,17 manat borcu yaranmışdır. Hazırda isə iddiaçı yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə hesab edir ki, cavabdeh ünvan 1 ünvanında su və kanalizasiya xidmətlərindən istifadə etdiyindən, lakin buna görə müəyyən edilmiş haqqı iddiaçıya ödəmədiyindən 2019-cu il tarixdən bu günədək yaranmış cəmi 833,17 manat (134+85,50+244,67+193+176) məbləğində borc iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Belə ki, 2019-cu ildən əvvəl yaranan borca görə iddiaçının tələb etmək hüququ mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirmişdir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 30,71 manat dövlət rusumunun 29 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 1,71 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh cəmi 833,17 manat borc pul, ödənilmiş dövlət rüsumunun 29 manatı tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,71 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284- 6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 833,17 (səkkiz yüz otuz üç manat on yeddi qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,71 (bir manat yetmiş bir qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-235/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-235/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver