Məhkəmə qərarları › İş №e-2(047)-261/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-261/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-261/2025 04.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ilə məhkəməyə müraciət еdərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il, saat 21:18-də DSK yolunda şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh2 məxsus, “Vaz 21214 minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə piyada qismində olan X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarəti, piyada qismində olan digər şəxs X2 isə həyat üçün təhlükəli olan “Ağır” dərəcəli bədən xəsarəti almışdır. DYPŞnin əməkdaşı tərəfindən tərtib edilmiş TP6175906 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində, X5 vurulmuş maddi zərər 1500,00 manat və X4 vurulmuş maddi zərər isə 1500,00 manat təşkil edir. "xxxx" ASC tərəfindən hadisə üzrə PXA157841/23 və PXA157842/23 saylı sığorta aktı tərtib edilməklə X5 1500,00 manat və X4 isə 1500,00 manat, ümumilikdə 3000,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinin əvəzi olaraq 3000 manat vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumu pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2082 manat pulun və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə ərizələr göndərərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində DSK yolunda Cavabdeh2 məxsus “Vaz 21214 minik” markalı, **-OS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, X5 və X4 az ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Bununla bağlı bildirir ki, onun idarə etdiyi “Vaz 21214 minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. O, həmin avtomobili Cavabdeh2 razılığı ilə xx.xx.2023-cü il tarixdə qəbul etmiş, o, “Vaz 21214 minik” markalı avtomobili onun mülkiyyətçisinin razılığı ilə istifadə etmək üçün qəbul etdiyindən onun "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi də yaranmamışdır. Qanunu bilməməzliyindən 918 manat "xxxx" ASC-yə pul ödəmiş, sonra ona məlum olmuşdur ki, qeyd edilən avtomobili Cavabdeh2 öz razılığı ilə idarə etdiyi üçün onun "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi də yaranmamışdır. Ona görə də qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, yolunun uzaqlığını nəzərə alaraq bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödəniş öhdəliyinin yaranmadığından iddia tələbinin bütünlüklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2 isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktlarından, Bakı şəhəri Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş arayışdan, ekspert rəylərindən və qiymətləndirmə aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 idarə etdiyi «VAZ 21214 MİNİK» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə DSK yolunda yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə piyada qismində olan X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarəti, piyada qismində olan digər şəxs X2 isə həyat üçün təhlükəli olan “Ağır” dərəcəli bədən xəsarəti yetirilmiş və nəticədə dəymiş maddi zərərin ümumi məbləği 3000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 3000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, müəyyən edilmiş 3000 manat məbləğində sığorta ödənişinin yeddi gün müddətində İddiaçı ASC-nə ödənilməsi Cavabdeh1 xahiş edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 idarə etdiyi «VAZ 21214 MİNİK» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə DSK yolunda yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə piyada qismində olan X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarəti, piyada qismində olan digər şəxs X2 isə həyat üçün təhlükəli olan “Ağır” dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin inzibati xəta haqqında qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuş, nəticədə dəymiş ziyanın ümumi məbləği 3000 manat müəyyən edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq qaydada zərər çəkmiş şəxslərə ödənilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 3000 manat məbləğində dəymiş ziyan cavabdehlərdən biri olan Cavabdeh1 tələb edilsə də qeyd edilən məbləğin 918 manatı Cavabdeh1 tərəfindən ödənilsə də qalan 2082 manat cavabdeh tərəfindən ödənilməmişdir, ona görə ki, Cavabdeh1 sonradan iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyinin yaranmadığını bilmişdir. Lakin buna baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə yanaşı Cavabdeh2 qarşı da belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili hüquqi əsas olmadan Cavabdeh1 istifadəsinə verməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Məhkəmə vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibinin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Beləliklə, məhkəmə bildirir ki, Cavabdeh1 idarə etdiyi «VAZ 21214 MİNİK» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahibliyi və ondan istifadəsi hüquqa zidd hesab edilməməlidir. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, istər Cavabdeh1, istərsə də Cavabdeh2 hərəkətləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü, həmçinin MM-in 1108.1-ci maddələrinin təsir dairəsinə düşmədiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı piyada qismində olan X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarəti, piyada qismində olan digər şəxs X2 isə həyat üçün təhlükəli olan “Ağır” dərəcəli bədən xəsarəti yetirilməsi məticəsində dəymiş ziyanla bağlı subroqasiya hüququ yaranmamışdır. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə iddia tələbinin təmin olunmamasını qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2082 manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2082 (iki min səksən iki) manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar