Məhkəmə qərarları › İş №e-2(047)-337/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-337/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-337/2025 19.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2024-cü il tarixli AZL-1610 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 26 noyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1117.60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-1610 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 noyabr 2024-cü il tarixə ümumilikdə 1643.49 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Odur ki, Cavabdeh 17 yanvar 2024-cü il tarixli AZL-1610 SAYLİsaylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 739,16 manat gecikdirilmiş əsas, 510,54 manat gecikdirilmiş mükafat, 393,79 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1117,60 manat, ümumilikdə 2761,09 manat borcun və ödənilmiş 47,62 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin direktoru R.S.Mehdiyev məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli AZL-1610 SAYLİsaylı daxili lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı, tünd boz metalik rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş 17 yanvar 2024-cü il tarixli AZL-1610 SAYLİsaylı lizinq müqaviləsinə 3 nömrəli əlavə olan lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək hər ay 543,51 manat olmaqla ümumilikdə 36110 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, CHEVROLET COBALT LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi zədəli və arxa buferi zədəli vəziyyətdə İddiaçı MMC tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Avto Servis MMC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olmuş “CHEVROLET COBALT LTZ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1117,60 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 739,16 manat gecikdirilmiş əsas, 510,54 manat gecikdirilmiş mükafat, 393,79 manat dəbbə pulu, ümumilikdə 1643,49 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu borcunun və dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-nin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Həmçinin MM-in 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2024-cü il tarixli AZL-1610 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **- YG-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək hər ay 543,51 manat olmaqla ümumilikdə 36110 manat məbləğində pulu «Azərmaş” Lizinq MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də «Azərmaş” Lizinq MMC-nin mülkiyyətində olan “CHEVROLET COBALT LTZ” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 noyabr 2024-cü il tarixdə əzilmiş vəziyyətdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsindən alınaraq iddiaçı «Azərmaş” Lizinq MMC-nin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1117,60 manat dəyərində ziyan dəydiyi müəyyən olunmuşdur. Daha sonra iddiaçı «Azərmaş” Lizinq MMC qeyd edilən tələblə məhkəməyə müraciət etmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışına və qüsur aktına əsasən cavabdehin iddiaçı «Azərmaş” Lizinq MMC-nə xx.xx.2024cü il tarixə 739,16 manat gecikdirilmiş əsas, 510,54 manat gecikdirilmiş mükafat, 393,79 manat dəbbə pulu, 1117,60 manat dəymiş ziyan, ümumilikdə 2761,09 manat borcu yaranmışdır. Məhkəmə İddiaçı Avto Servis MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı ilə razılaşaraq belə hesab edir ki, 2023-cü il buraxılışlı “CHEVROLET COBALT LTZ” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1117,60 manat məbləğində ziyan dəymişdir. Bundan əlavə MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı «Azərmaş” Lizinq MMC Cavabdeh 393,79 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 50 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 47,62 manat dövlət rusumunun 44,17 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 3,45 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh 739,16 manat gecikdirilmiş əsas, 510,54 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu, 1117,60 manat dəymiş ziyan, ümumilikdə 2417,30 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 44,17 manatı tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 3,45 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd olunmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 739,16 manat gecikdirilmiş əsas, 510,54 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu, 1117,60 manat dəymiş ziyan, ümumilikdə 2417,30 (iki min dörd yüz on yeddi manat otuz qəpik) manat məbləğində borc pul və 44,17 (qırx dörd manat on yeddi qəpik) manat ödənilmiş dövlət rusumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3,45 (üç manat qırx beş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar