Məhkəmə qərarları › İş №e-2(047)-417/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-417/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-417/2025 08.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Daşlı kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən Cavabdeh (abonent kodu **********230) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Abonentin istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri, ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş və nəticədə 1001,27 manat borcu yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 1001,27 manat məbləğində borcun (abonent kodu **********230) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abonentin kartından görünür ki, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nə 2016-cı il üzrə 44,61 manat, 2017-ci il üzrə 96,20 manat, 2018-ci il üzrə 63,50 manat, 2019-cu il üzrə 224,50 manat, 2020-ci il üzrə 88,50 manat, 2021-ci il üzrə 240,96 manat 2022-ci il üzrə 231 manat, 2023-cü il üzrə 202 manat və 2024-cü il üzrə isə 234 manat olmaqla, ümumilikdə 1425,27 manat borcu yaranmışdır. Həmin borcun 424 manatı cavabdeh tərəfindən ödənilmiş və buna görə də cəmi borc 1001,27 manat təşkil etmişdir. -“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, o, yaranmış borcunu 7 (yeddi) iş günü müddətində ödəməsi, əks halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. Bundan başqa “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Bundan əlavə Azərbaycan Respublikası Tarif Şurasının «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 kub metr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən Cavabdeh (abonent kodu **********230) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Abonentin istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri, ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 2016-cı il üzrə 44,61 manat, 2017-ci il üzrə 96,20 manat, 2018-ci il üzrə 63,50 manat, 2019-cu il üzrə 224,50 manat, 2020-ci il üzrə 88,50 manat, 2021-ci il üzrə 240,96 manat 2022-ci il üzrə 231 manat, 2023-cü il üzrə 202 manat və 2024-cü il üzrə 234 manat olmaqla, ümumilikdə 1425,27 manat borcu yaranmışdır. Həmin borcun 424 manatı cavabdeh tərəfindən ödənilmiş və buna görə də cəmi borc 1001,27 manat təşkil etmişdir. Hazırda isə iddiaçı yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, qeyd edilən iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 32,80 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalı olsa da, lakin iddiaçı iddia ərizəsində həmin dövlət rüsumunun 30 manat məbləğində tutulmasını xahiş etdiyindən göstərilən məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 1001,27 manat borc pul və ödənilmiş dövlət rüsumunun 30 manatı tutulub iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1001,27 (bir min bir manat iyirmi yeddi qəpik) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsusmu tutulub iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar