Məhkəmə qərarları › İş №e-2(047)-452/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-452/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-452/2025 11.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı borc və avtomobilin geri qaytarılması tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT MMC Cavabdeh qarşı borc və avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 sentyabr 2022-ci il tarixli, ML/4211 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 (bir) ədəd 2011-ci il buraxılışı olan “Hyundai Azera” minik markalı, KMHFH41B4CA106682 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 (iyirmi üç) % dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Cavabdeh uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər hələ də icra edilmir və lizinq üzrə borc ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh 14 sentyabr 2022-ci il tarixli, ML/4211 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə əsas borcunun məbləği 16072,96 manat, faiz borcunun məbləği 6382,68 manat, hesablanmış cərimə məbləği isə 803,65 manat olmaqla, cəmi 23259,29 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanmışdır (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). İşin təkzibedilməz halıdır ki, tərəflər arasında 14 sentyabr 2022-ci il tarixli, ML/4211 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra edərək “Hyundai Azera” minik markalı, KMHFH41B4CA106682 ban nömrəli nəqliyyat vasitəsini təhvil-təslim aktı əsasında (lizing obyekti) Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirərək icra etməməyə başlamışdır. Bundan başqa, 14 sentyabr 2022-ci il tarixli, ML/4211 nömrəli maliyyə lizinqi müqaviləsinin 12.1-ci maddəsinə əsasən, lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, 12.1.2. lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə və 12.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Hesab edirlər ki, Cavabdeh 14 sentyabr 2022-ci il tarixli, ML/4211 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə lizinq borcu-lizinq üzrə əsas borcun məbləği 16072,96 manat, lizinq üzrə faiz borcunun məbləği 6382,68 manat, lizinq üzrə hesablanmış cərimə məbləği 803,65 manat olmaqla,cəmi 23259,29 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq predmetini təşkil edən “Hyundai Azera” minik markalı avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmalıdır. Odur ki, iddiaçı "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli, ML/4211nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 16072,96 manat əsas borc, 6382,68 manat faiz borcu və 803,65 manat cərimə borcu olmaqla, cəmi 23259,29 manat borcun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 160,68 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "MONETRİ” Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməsi və lizinq predmetini təşkil edən “Hyundai Azera” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 sentyabr 2022-ci il tarixli ML/4211 saylı maliyyə lizinqi müqaviləsindən, alqı-satqı müqaviləsindən, qeydiyyat şəhadətnaməsinin surətindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə 2011-ci il buraxılışlı, “Hyundai Azera” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı BOKT MMC-nin (əvvəlki adı "xxxx" BOKT MMC) mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş 14 sentyabr 2022-ci il tarixli ML/4211 saylı maliyə lizinqi müqaviləsinə 1 nömrəli əlavə olan lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 979,38 manat olmaqla ümumilikdə 23505,14 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin həmin tarixə 16072,96 manat əsas borcu, 6382,68 manat faiz borcu və 803,65 manat cərimə borcu olmaqla, cəmi 23259,29 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, cavabdehdən müqaviləyə əsasən ödəməli olduğu cəmi 23259,29 manat borcunun 3 (üç) təqvim günü müddətində ödənilməsi, əks təqdirdə lizinq predmetini təşkil edən “Hyundai Azera” minik markalı avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılması, həmçinin qeyd edilən tələblər yerinə yetirilməyəcəyi halda tərəflərindən müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3588 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən BOKT-na ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli maliyyə lizinqi müqaviləsinə edilmiş 1 №-li əlavə şərtləri əsas götürülməklə cavabdehin BOKT-na olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixə əsas borc üzrə 15749,53 manat, mükafat borcu üzrə 4507,89 manat. xx.xx.2025-ci il tarixə əsas borc üzrə 15749,53 manat, mükafat borcu üzrə 4507,89 manat təşkil edir. Həmçinin bildirilir ki, tərəflər arasında imzalanmış müqavilə üzrə cərimə bəndi nəzərdə tutulsa da, təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Eyni zamanda MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-nin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-nin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC (əvvəlki adı "xxxx" BOKT MMC), X4 və Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli, ML/4211 saylı alqı-satqı və maliyyə lizinqi müqavilələrinə əsasən Cavabdeh sifarişi ilə 2011-ci il buraxılışlı, “Hyundai Azera” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı BOKT MMC-nin (əvvəlki adı "xxxx" BOKT MMC) mülkiyyətinə alınmış, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və “maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 979,38 manat olmaqla ümumilikdə 23505,14 manat məbləğində pulu İddiaçı BOKT MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də İddiaçı BOKT MMC tərəfindən cavabdehə pretenziya göndərilərək müqaviləyə əsasən ödəməli olduğu cəmi 23259,29 manat borcunun 3 (üç) təqvim günü müddətində ödənilməsi, əks təqdirdə lizinq predmetini təşkil edən “Hyundai Azera” minik markalı avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılması, həmçinin qeyd edilən tələblər yerinə yetirilməyəcəyi halda tərəflərindən müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra da pretenziyada göstərilən tələblər Cavabdeh tərəfindən yerinə yetirilmədiyindən İddiaçı BOKT MMC məcbur qalıb qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin İddiaçı BOKT MMC-nə xx.xx.2025-ci il tarixə 16072,96 manat əsas borcu, 6382,68 manat faiz borcu və 803,65 manat cərimə borcu olmaqla, cəmi 23259,29 manat borcu yaranmışdır. Daha sonra cavabdehin İddiaçı BOKT MMC-nə olan ümumi borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3588 nömrəli ekspertiza rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən BOKT-na ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli maliyyə lizinqi müqaviləsinə edilmiş 1 №-li əlavə şərtləri əsas götürülməklə cavabdehin BOKT-na olan borcu-xx.xx.2024-cü il tarixə əsas borc üzrə 15749,53 manat, mükafat borcu üzrə isə 4507,89 manat, eyni zamanda xx.xx.2025-ci il tarixə əsas borc üzrə 15749,53 manat və mükafat borcu üzrə isə 4507,89 manat təşkil etmişdir. Həmçinin qeyd edilən ekspert rəyində bildirilmişdir ki, tərəflər arasında imzalanmış müqavilə üzrə cərimə bəndi nəzərdə tutulsa da, təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Lakin məhkəmə ekspert rəyinin cavabdehin İddiaçı BOKT MMC-nə ödənilməmiş 15749,53 manat əsas və 4507,89 manat mükafat borcu məbləği hissəsi ilə razılaşsa da və qeyd edilən məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni və əsaslı hesab etsə də, Cavabdeh cərimə borcunun hesablanmamasına dair hissəsi ilə isə razılaşmır. Çünki, məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə bəndi nəzərdə tutulduğundan və cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirilmədiyindən cavabdehdən iddiaçının xeyrinə qanunla müəyyən edilmiş məbləğdə cərimə borcu da tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli, ML/4211 saylı maliyyə lizinqi müqaviləsinin 3.1.4-cü bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3% (sıfır tam onda üç faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmirsə və Lizinq verənin yazılı bildirişi alındıqdan sonra 5 (beş) gün ərzində belə pozuntular aradan qaldırılmayıbsa, Lizinq verən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin cari dəyərinin 0,3% (sıfır tam onda üç faiz) miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir. Lizinq alan isə ona Lizinq verən tərəfindən öhdəliyin yerinə yetirilməməsi haqqında müvafiq bildiriş göndərilən gündən 7 (veddi) gün ərzində dəbbə pulunu ödəməyi öhdəsinə götürür. Həmçinin, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı BOKT MMC Cavabdeh 803,65 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 200 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, məhkəmə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin iddia tələbinin mülkiyyətində olan 2011-ci il buraxılışlı, “Hyundai Azera” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh istifadəsindən alınaraq saz və işlək vəziyyətdə mülkiyyətçi İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə qaytarılması barədə hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. MM-nin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Bundan əlavə, “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 4 iyun 2021ci il tarixli qərarının 48-ci bəndində qeyd olunur ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, lizinq obyekti iddia üzrə cavabdehin istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə qaytarılmalıdır. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 160,68 manat dövlət rusumunun 152 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 8,68 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh 15749,53 manat əsas borc, 4507,89 manat mükafat borcu, 200 manat dəbbə pulu, ümumilikdə 20457,42 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 152 manatı tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 8,68 manatı iddiaçının hesabına aid edilməli, normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla 2011-ci il buraxılışlı, “Hyundai Azera” minik markalı, KMHFH41B4CA106682 ban nömrəli, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh saz və işlək vəziyyətdə alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə qaytarılmalı və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3588 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE00000 00000000 2088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0 **********000003944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15749,53 manat əsas borc, 4507,89 manat mükafat borcu, 200 manat dəbbə pulu, ümumilikdə 20457,42 (iyirmi min dörd yüz əlli yeddi manat qırx iki qəpik) manat məbləğində borc pul və 152 (bir yüz əlli iki) manat ödənilmiş dövlət rusumu tutulub İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. “Hyundai Azera” minik markalı, buraxılış ili 2011-ci il olan, KMHFH41B4CA106682 ban nömrəli, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 8,68 (səkkiz manat altmış səkkiz qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3588 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE00000 00000000 2088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0 **********000003944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar