Məhkəmə qərarları › İş №e-2(047)-518/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-518/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-518/2024 30.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehlər Cavabdeh2 və Laçın RİHB-nın Laçın şəhər icra nümayəndəliyinə (Cavabdeh2 çatdırılması üçün), həmçinin Cavabdeh1 və Şuşa RİHB-nın Malıbəy kənd icra nümayəndəliyinə (Cavabdeh1 çatdırılması üçün) xx.xx.2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Cavabdeh2 ümumi dəyəri 3336 manat məbləğində 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd televizoru kreditlə aylar üzrə 278 manat məbləğində ödəmək şərtilə əldə etmiş, müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş və həmin müqavilə üzrə öhdəliklərin icrasına digər Cavabdeh1 müvafiq qaydada təminat vermişdir. Lakin cavabdehlər qeyd edilən müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişlər. xx.xx.2024-cü il tarixinədək Cavabdeh2 İddiaçı müqavilə üzrə 1700 manat əsas, 100 manat cərimə məbləği, cəmi 1800 manat borcu qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1700 manat əsas, 100 manat cərimə məbləği, cəmi 1800 manat borcun və 38 manat ödənilmiş dövlət rusumunun İddiaçı xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrdən və təhvil-təslim aktından görünür ki, Cavabdeh2 ümumi dəyəri 3336 manat məbləğində 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd televizoru kreditlə aylar üzrə 278 manat məbləğində ödəmək şərtilə əldə etmiş, müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmçinin həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixə 1700 manat əsas və 100 manat cərimə məbləği borcu qalmışdır. İş materiallarına əlavə olunmuş pretenziyalardan görünür ki, cavabdehlərə borcunun ödəməsi üçün xəbərdarlıq məktubları göndərilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Cavabdeh2 ümumi dəyəri 3336 manat məbləğində 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd televizoru kreditlə aylar üzrə 278 manat məbləğində ödəmək şərtilə əldə etmiş, müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmçinin həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuş və bununla da qeyd edilən müqaviləyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin müqaviləyə əsasən borclu Cavabdeh2 müqavilə üzrə nəzərdə tutulan məbləğin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehlərin İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə 1700 manat əsas və 100 manat cərimə məbləği, cəmi 1800 manat borcu qalmışdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdehlərdən 100 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində 10 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 38 manat dövlət rüsumunun 37 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 01 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1700 manat əsas, 10 manat cərimə, cəmi 1710 manat borc pul, ödənilmiş 38 manat dövlət rüsumunun 37 manatı tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 01 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1700 manat əsas, 10 manat cərimə, cəmi 1710 (bir min yeddi yüz on) manat borc pul və ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manatı tutulub İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 01 (bir) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar