Məhkəmə qərarları › İş №e-2(047)-589/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-589/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-589/2025 07.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Laçın RİHB-nın Hoçaz kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh1 çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisiyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 1799 manat dəyərində olan mal satmışdır. Cavabdehlər nisyə aldığı malın dəyərinə görə 450 manat ilkin ödəniş etməklə, qalan 1349 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə Cavabdeh2 arasında həmin ödəliklərin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Lakin cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 MMC-nə müqavilə üzrə 1349 manat qalıq əsas borcu qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 1349 manat qalıq əsas borcun və 34,40 manat ödənilmiş dövlət rüsumunun tutulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisiyə alqı-satqı və zaminlik müqavilələrindən görünür ki, cavabdeh 1799 manat dəyərində nisyə aldığı malın dəyərini 450 manat ilkin ödəniş etməklə, qalan 1349 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmçinin Cavabdeh2 ilə də həmin ödəliklərin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 1349 manat qalıq əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 1349 manat qalıq borc pul vəsaitinin 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmişdir. Əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi cavabdehə bildirilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisiyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1799 manat dəyərində nisyə aldığı malı 450 manat ilkin ödəniş etməklə, qalan 1349 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 ilə həmin ödəliklərin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişlər göndərilərək 1349 manat qalıq borc pul vəsaitinin 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bundan sonra da borc məbləği ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.2022-ci il tarixli nisiyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-nə iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 1349 manat qalıq əsas borcu qalmışdır. Bundan başqa, İddiaçı MMC-nin iddia tələbini zamin Cavabdeh2 aid hissədə təftiş edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəliyin müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən, kreditor zaminə qarşı xx.xx.2024-cü il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən İddiaçı MMC xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zamin Cavabdeh2 zaminliyinə bütövlükdə xitam verilməklə ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırıması üçün iddiaçının ödədiyi 34,40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1349 manat qalıq əsas borc pul, həmçinin 34,40 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissəldə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 589, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1349 (bir min üç yüz qırx doqquz) manat qalıq əsas borc pul və 34,40 (otuz dörd manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar