Məhkəmə qərarları › İş №e-2(047)-924/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-924/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-924/2024 05.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisiyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı 1 ədəd mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 640,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh qeyd edilən borc məbləğindən səkkiz ay ödəniş etdikdən sonra aldığı mobil telefonda müvafiq nasazlıqların olmasını bəhanə edərək qalan borc məbləğini ödəməkdən imtina etmişdir. Lakin "xxxx" MMC-nin serviz mərkəzinin xx.xx.2024-cü il tarixli texniki rəyinə əsasən Cavabdeh istifadəsində olan mobil telefonda cavabdehin iddia etdiyi qüsur təsdiqlənməmiş və həmin mobil telefonun işlək vəziyyətdə olması və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-nə müqavilə üzrə 348,40 manat əsas, 52,20 manat cərimə məbləği, cəmi 400,60 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 348,40 manat əsas, 52,20 manat cərimə məbləği, cəmi 400,60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə olan Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisiyə) alqı-satqı müqaviləsindən və ona 1 nömrəli əlavədən görünür ki, cavabdeh iddiaçıdan aldığı 1 ədəd mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 640,40 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə 348,40 manat əsas, 52,20 manat cərimə məbləği, cəmi 400,60 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş etirazın məzmunundan görünür ki, Cavabdeh istifadəsində olan mobil telefonda qüsurlar olduğundan və o, həmin mobil telefonu qızıl zəmanətlə aldığından bu barədə İRŞAD-ELECTRONİCS» MMC-nin serviz mərkəzinə müraciət etsə də nə mobil telefonu təmir etmişlər nə də ki, həmin mobil telofonu dəyişdirməmişlər. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin serviz mərkəzinin xx.xx.2024-cü il tarixli texniki rəyindən görünür ki, Cavabdeh istifadəsində olan mobil telefonda cavabdehin iddia etdiyi qüsur təsdiqlənməmiş və həmin mobil telefonun işlək vəziyyətdə olması və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlməsi müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “Honor” markalı mobil telefon almış, lakin müqaviləyə əsasən borclu aldığı mobil telefona görə ödənilmələri vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh qeyd edilən borc məbləğindən səkkiz ay ödəniş etdikdən sonra aldığı mobil telefonda müvafiq nasazlıqların olmasını bildirərək qalan borc məbləğini ödəməkdən imtina etmiş və həmin nasazlıqların olması barədə "xxxx" MMC-nin serviz mərkəzinə müraciət etmiş, lakin "xxxx" MMC-nin serviz mərkəzinin xx.xx.2024-cü il tarixli texniki rəyinə əsasən Cavabdeh istifadəsində olan mobil telefonda cavabdehin iddia etdiyi qüsur təsdiqlənməmiş, həmin mobil telefonun işlək vəziyyətdə olması və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlməsi müəyyən edilmişdir. Bundan sonra da cavabdeh tərəfindən qalan borc məbləği ödənilməmiş və iddiaçı tərəfindən cavabdehə bu barədə xəbərdarlıq göndərilsə də cavabdeh yenə də borcun qalıq məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı məcbur qalıb qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən MMC-nə xx.xx.2024cü il tarixə 348,40 manat ödənilməmiş hissə, 52,20 manat cərimə, cəmi 400,60 manat məbləğində borcu qalmışdır. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 52,20 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində 05 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 348,40 manat əsas borc, 05 manat cərimə, cəmi 353,40 manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rusumu pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 348,40 manat əsas borc, 05 manat cərimə, cəmi 353,40 (üç yüz əlli üç manat qırx qəpik) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar