Məhkəmə qərarları › İş №e-2(047)-960/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-960/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-960/2024 16.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Şamkənd kənd icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onun saslandırmışdır ki, «Kia Optima» markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il fevral ayının 19-da Cavabdeh sərxoş halda idarə etdiyi «Kia Optima» markalı **-RN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 79-cu km-də idarəetməni itirərək yol kənarındakı təhlükəsizlik səddinə ziyan vurmuşdur. Vİİ Tağım YPX-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Vİİ Tağım YPX-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X1 Xidməti” MMCnin xx.xx.2021-ci il tarxli arayışına əsasən xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına 772,80 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 5511 nömrəli ödəniş tapşırığı ilə 772,80 manat ziyan məbləği Azərbaycan Avtomobil X2 ödənilmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 772,80 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 802,80 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktından, arayışdan və digər sənədlərdən görünür ki, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi «Kia Optima» markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun 74-cü km-də idarəetməni itirərək yol kənarındakı təhlükəsizlik səddinə ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 772,80 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Vİİ Tağım YPX-nin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş 772,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması nəticəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Göründüyü kimi xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi «Kia Optima» markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun 74-cü km-də idarəetməni itirərək yol kənarındakı təhlükəsizlik səddinə ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, lakin Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən avtomobili sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Buna görə də Vİİ Tağım YPX tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə Azərbaycan Avtomobil X2 dəymiş ziyanın məbləği 772,80 manat müəyyən edilmiş, həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş, lakin qeyd edilən məbləğ iddiaçı tərəfindən Cavabdeh tələb edilsə də o, həmin məbləği indiyənədək sığorta şirkətinə ödəməmişdir. Cavabdeh sığorta şirkətinə halhazırda cəmi 772,80 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının tələb etdiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 772,80 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 802,80 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 772,80 (yeddi yüz yetmiş iki manat səksən qəpik) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 802,80 (səkkiz yüz iki manat səksən qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar