Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-999/2023 19.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını İizinqə götürmüşdür. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin müvafiq müqavilələrə əsasən tələb hüququ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli müqavilə üzrə 15993 manat gecikdirilmiş əsas borcu və 6486,97 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş və öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin onlar qanunun tələblərinə əsasən məhkəmədə iddianın qaldırılması üçün dövlət rüsumunun ödənilməsindən də azaddırlar. Eyni zamanda bildirirlər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət olunmuş və həmin haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli müqavilə üzrə yaranmış 15993 manat gecikdirilmiş əsas borcun və 6486,97 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 22979,97 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı icraatının gedişində cavabdeh tərəfindən əsas borc məbləği tam ödənildiyindən xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6486,97 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizənin verilməsinə əsas olmuş səbəblər məhkəmə baxışı gedişində əmələ gəldiyindən həmin ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, "xxxx" ASC ("xxxx" ASC) ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli müqaviləyə əsasən o, satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını İizinqə götürmüşdür. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə borcu yaranmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra müqavilə üzrə yaranmış əsas borcu tam ödəmişdir. Qeyd edilənlərə əsasən də o, iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat hissəsində qəbul edir, lakin cərmə borcu hissəsində isə qəbul etmir. Odur ki, iddia tələbinin izahatına uyğun qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 399-GL/17 saylı lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə dəyəri 37620 manat məbləğində qiymətləndirilən X1 Holland-TC5050 markalı texnika lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, 399-GL/17 saylı lizinq müqaviləsinə 2 nömrəli əlavə olan lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 2640 manat olmaqla ümumilikdə 37620 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borc üzrə 15993 manat və cərimə üzrə 6486,97 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardımla bağlı 500 (beş yüz) manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-nin 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-nin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-nin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-nin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən dəyəri 37620 manat məbləğində qiymətləndirilən X1 Holland-TC5050 markalı texnika lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh tərəfindən satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə İizinqə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin müvafiq müqavilələrə əsasən tələb hüququ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Bundan sonra Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lakin məhkəmə baxışı gedişində əsas borcunu, yəni 15993 manat məbləği iddiaçıya ödəmiş və nəticədə cavabdehin xx.xx.2017-ci il tarixli, 399-GL/17 nömrəli müqavilə üzrə cəmi 6486,97 manat cərimə borcu qalmışdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh 6486,97 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 500 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddia tələbi qismən təmin edilsə də əsas məbləğ dəyişmədiyindən, eyni zamanda Cavabdeh da hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləği qəbul etdiyindən iddiaçının hüquqi yardımla bağlı iddia ərizəsinə əsasən tələb etdiyi 500 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh 500 manat cərimə və hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 1000 manat məbləğində pul tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 manat cərimə və hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 1000 (bir min) manat məbləğində pul tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-999/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-999/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver