Məhkəmə qərarları › İş №e-2(048)-417/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-417/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-417/2025 05.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3712 (üç min yeddi yüz on iki) manat sığorta ödənişini və 57,12 (əlli yeddi manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/071234 saylı, xx.xx.2021-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də sığorta təminatı almış və İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən qeyriyaşayış obyektinə xx.xx.2021-ci il tarixdə oğurluq hadisəsi nəticəsində maddi zərər dəymişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(037)-45/2022 saylı hökmünə əsasən qeyd edilən oğurluq hadisəsinin cavabdehlər tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. AKT-Fİ-0001/2022/AKT665/22 saylı sığorta aktına əsasən 3712 (üç min yeddi yüz on iki) manat məbləğində sığorta ödənişi sığortalının bank hesabına köçürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış AZ/071234 saylı, xx.xx.2021-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinin surətindən görünür ki, X2 məxsus İsmayıllı kəndi qarışıq mallar təsərrüfat malları mağazası xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan sığortaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatı barədə xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, X2 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən qarışıq mallar təsərrüfat malları mağazasına ümumilikdə 3962 (üç min doqquz yüz altmış iki) manat maddi zərər dəymişdir. İş materiallarında olan dəymiş zərərin məbləğinin razılışdırılması barədə xx.xx.2022ci il tarixli sazişdən görünür ki, sığortaçı "xxxx" ASC və sığortalı X3 xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən qarışıq mallar təsərrüfat malları mağazasında baş vermiş hadisə nəticəsində daşınar əmlaka 3962 (üç min doqquz yüz altmış iki) manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər. “Sığortalı” və “sığortaçı” sığorta olunan daşınar əmlaka 3962 (üç min doqquz yüz altmış iki) manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 250 (iki yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra 3712 (üç min yeddi yüz on iki) manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına (AZ55HAJCFRAZN**********8001) 3712 (üç min yeddi yüz on iki) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 1(037)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasına məhkum edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının çəkilmiş hesab olunması hökm edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh3 tanışları Cavabdeh2 və Cavabdeh1lə birlikdə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə, xx.xx.2021-ci il tarixə keçən gecə, təxminən saat 03 radələrində X2 məxsus İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi), yol kənarında yerləşən ərzaq dükanının qarşısına gələrək aralarında olan rol bölgüsünə əsasən Cavabdeh1 hər hansı şəxs gələcəyi təqdirdə xəbər verməkdən ötrü avtomobildə sürücü kimi hazır vəziyyətdə gözləmiş, o və Cavabdeh2 isə saxlanc yeri hesab olunan ərzaq dükanının plastik çərçivəli qapısını fiziki güc tətbiq edərək sıxıb açmaqla qanunsuz içəri daxil olaraq, dükanın salon hissəsində yerləşən, alış-veriş zamanı malların hesablanması masası üzərində olan kassadan cəmi 50 manat bir manatlıq əskinazlardan ibarət, 500 manat əlli və yüz manatlıq əskinazlardan ibarət pulları, salonun vitrinlərindən 1 ədəd dəyəri 18 manat olan V-Benz professional markalı feni, 3 ədəd hər birinin dəyəri 5 manat olan cəmi 15 manatlıq 1 litrlik “İvanovka” adlı çaxırları, 2 ədəd hər birinin dəyəri 10 manat olan cəmi 20 manatlıq 1 litrlik "Pearl" adlı şampanları, 1 ədəd dəyəri 15 manat olan 1 litrlik “Maral” adlı konyakı, 1 ədəd dəyəri 10 manat olan 7 litrlik “Ağsu” adlı arağı, 9 ədəd hər birinin dəyəri 0,5 manat olan cəmi 4,5 manatlıq “Alpenland” markalı yoqurtları, 1 ədəd dəyəri 11 manat olan 550 qramlıq “Azərçay” markalı çayı, 2 ədəd hər birinin dəyəri 9,7 manat olan cəmi 19,4 manatlıq 450 qramlıq “Berqa” markalı çayı, 1 ədəd dəyəri 2,6 manat olan 100 qramlıq “Beta kenya” markalı çayı, 2 ədəd hər birinin dəyəri 4 manat olan cəmi 8 manatlıq 1800 qramlıq “Qidam” markalı kəllə qəndləri, 2 ədəd hər birinin dəyəri 1,5 manat olan cəmi 3 manatlıq 500 qram həcmində “Azərşəkər” markalı və 3 ədəd hər birinin dəyəri 1,7 manat olan cəmi 5,1 manatlıq 700 qram həcmində “Yek dad” markalı qəndləri, 1 ədəd dəyəri 3 manat olan 500 qramlıq “Roşen-karovka” markalı konfetləri, salonun tütün məhsulları vitrinində olmuş 5 ədəd qutuda hər birinin dəyəri 1,8 manat olan cəmi 9 manatlıq kompakt “Arqo” markalı, 1 ədəd qutuda dəyəri 2,8 manat olan kompak “LD” markalı, 5 ədəd qutuda hər birinin dəyəri 2,5 manat olan cəmi 12,5 manatlıq qalın “Rotmans” markalı, 8 ədəd qutuda, hər birinin dəyəri 2,2 manat olan cəmi 17,6 manatlıq “Senator” markalı, 9 ədəd qutuda hər birinin dəyəri 2,2 manat olan cəmi 19,8 manatlıq kompak “X-line” markalı, 13 ədəd qutuda hər birinin dəyəri 2,2 manat olan cəmi 28,6 manatlıq nazik “Want” markalı, 3 ədəd qutuda hər birinin dəyəri 2 manat olan cəmi 6 manatlıq qırmızı kompak “Keno” markalı, 8 ədəd qutuda hər birinin dəyəri 2,2 manat olan cəmi 17,6 manatlıq nazik qara “Classic” markalı, 8 ədəd qutuda hər birinin dəyəri 2 manat olan cəmi 16 manatlıq nazik göy “Viceroy” markalı, 17 ədəd qutuda hər birinin dəyəri 2,2 manat olan cəmi 37,4 manatlıq uzun boz “Classic” markalı, 6 ədəd qutuda hər birinin dəyəri 2 manat olan cəmi 12 manatlıq “Veqas” markalı, 2 ədəd qutuda hər birinin dəyəri 2,5 manat olan cəmi 5 manatlıq ağ “West mikro” markalı, 6 ədəd qutuda hər birinin dəyəri 2,5 manat olan cəmi 15 manatlıq nazik ağ “Palmal” markalı, 1 ədəd qutuda dəyəri 2 manat olan nazik ag “Viceroy” markalı, 1 ədəd qutuda dəyəri 2,1 manat olan qalın “Kingston” markalı, 1 ədəd qutuda dəyəri 3,6 manat olan nazik “Davidov” markalı, 2 ədəd qutuda hər birinin dəyəri 2 manat olan cəmi 4 manatlıq göy kompak “Keno” markalı, 3 ədəd qutuda hər birinin dəyəri 2,2 manat olan cəmi 6,6 manatlıq ağ “X-line” markalı siqaretləri qəsdən gizli olaraq talayıb Səfa Kərimova ümumilikdə 902,2 manat (doqquz yüz iki manat iyirmi qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Beləliklə, məhkəmə iclasında aparılmış araşdırma və iş materialları ilə müəyyən olunur ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış AZ/071234 saylı, xx.xx.2021-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən X2 məxsus İsmayıllı kəndi qarışıq mallar təsərrüfat malları mağazası xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığortalanmış, Cavabdeh3 tanışları Cavabdeh2 və Cavabdeh1lə birlikdə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə, xx.xx.2021-ci il tarixə keçən gecə, təxminən saat 03 radələrində X2 məxsus İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi), yol kənarında yerləşən ərzaq dükanından oğurluq edərək X2 ziyan vurmuşlar, dəymiş zərərin hesabatı barədə sazişə əsasən X2 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən qarışıq mallar təsərrüfat malları mağazasına ümumilikdə 3962 (üç min doqquz yüz altmış iki) manat maddi zərər dəymiş, dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 250 (iki yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X2 3712 (üç min yeddi yüz on iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğurluq hadisəsində təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materialları, tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, "xxxx" ASC-də sığortlanmış X2 məxsus İsmayıllı kəndi qarışıq mallar təsərrüfat malları mağazasında xx.xx.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilmiş və İsmayıllı Rayon Məhkəməsinin 1(037)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğurluq hadisəsində təqsirli bilinərək məhkum edilmişlər. Dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 250 (iki yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X2 3712 (üç min yeddi yüz on iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 57,12 (əlli yeddi manat on iki qəpik) dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 3712 (üç min yeddi yüz on iki) manat məbləğində pul vəsaiti və ödənilmiş 57,12 (əlli yeddi manat on iki qəpik) dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3712 (üç min yeddi yüz on iki) manat məbləğində sığorta ödənişi və ödənilmiş 57,12 (əlli yeddi manat on iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar