Məhkəmə qərarları › İş №e-2(048)-445/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-445/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-445/2025 14.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1068 (min altmış səkkiz) manat əsas borc və 32 (otuz iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1100 (min yüz) manat borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Cavanşir oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 99005853 saylı alqı-satqı müqaviləsinə əsasən ümumi qiyməti 1068 manat dəyərində olan “Samsung” markalı televizor almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini 12 aya bölərək, hər ay üçün 89 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi,cəmi 1068 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, 068 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqımüqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqavilələrinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisəninməhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətin pisləşməsiniəsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, mənim sahibkarlıq fəaliyyətimə ziyan vurmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə ödəniş cədvəlindəndə göründüyü kimi cavabdehin sonuncu ödəniş müddəti də hesablanmaqla qanunla nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti buraxılmışdır. Hesab edirlər ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımnca icra edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 99005853 saylı alqı-satqı müqaviləsinə əsasən ümumi qiyməti 1068 (min altmış səkkiz) manat dəyərində olan “Samsung” markalı televizor almışdır. Alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini 12 aya bölərək, hər ay üçün 89 (səksən doqquz) manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1068 (min altmış səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, qalan 1068 (min altmış səkkiz) manat əsas borcu indiyədək ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 99005853 saylı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən “Samsung” markalı televizor üçün 1068 (min altmış səkkiz) manat əsas borc və 32 (otuz iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1100 (min yüz) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 99005853 saylı alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı televizor üçün 1068 (min altmış səkkiz) manat əsas borc və 32 (otuz iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1100 (min yüz) manat məbləğində borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 99005853 saylı alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı televizor üçün 1068 (min altmış səkkiz) manat əsas borc və 32 (otuz iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1100 (min yüz) manat məbləğində borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar