Məhkəmə qərarları › İş №e-2(048)-58/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-58/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-58/2025 14.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC – Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat əsas borc və 157,4 (yüz əlli yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1207,3 (min iki yüz yeddi manat otuz qəpik) manat borcun və 32,07 (otuz iki manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər 70 manat olmaqla, cəmi 1049 manat ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1574 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1574 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 157,4 (yüz əlli yeddi manat qırx qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin İddiaçı MMC-yə olan borcu 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat əsas borc və 157,4 (yüz əlli yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1207,3 (min iki yüz yeddi manat otuz qəpik) manat təşkil etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-933/2024 saylı, 23 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh İddiaçı MMC-nin Lənkəran rayonunda yerləşən filialından hər ay 70 manat olmaqla, 15 ay müddətinə ümumilikdə 1049 manat dəyərində “Xiaomi” markalı mobil telefon almışdır. Cavabdeh növbəti günün səhəri şirkətin Lənkəran rayonunda yerləşən filialına yaxınlaşaraq aldığı telefonu geri qaytarmaq istədiyini bildirmiş, heç bir sənədləşmə etmədən telefonu filiala qoyaraq çıxıb getmişdir. Cavabdeh heç bir əsas olmadan telefonu filiala geri qaytardığından, filialın əməkdaşlarında bununla bağlı şübhə yaranmış və bu səbəbdən telefon yoxlanış üçün texniki şöbəyə göndərilmişdir. Texniki şöbənin xx.xx.2021ci il tarixli texniki rəyinə əsasən cavabdehin aldığı və bir gün sonra şirkətə geri qaytardığı “Xiaomi” markalı telefonun kamera şüşəsində cızıqlar və kalonkada əzik aşkar olunmuşdur. Telefonun əmtəə görünüşü pozulduğuna görə telefonun dəyişdirilməsi və qaytarılması mümkün olmamış, bu səbəbdən cavabdehlə əlaqə saxlanılmış, ona telefonda olan qüsurlar barədə məlumat verilmiş, aldığı telefonu filiala yaxınlaşaraq götürməsi bildirilmişdir. Lakin cavabdeh aldığı telefonu filialdan götürməkdən imtina etmişdir. Hazırda telefon qaytarıldıqdan sonra onda qüsurların aşkar olunduğunu, telefonun cavabdehə satılmasından uzun müddət keçdiyini və bu müddət ərzində telefonun dəyərinin itdiyini, şirkətin ikinci əl telefonun satışı ilə məşğul olmadığını, bu səbəbdən telefonun şirkət tərəfdən qiymətləndirilərək geri götürülməsinin mümkün olmayacağını bildirərək iddia tələbinin təmin edilməsini, cavabdehdən telefonun pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onunla İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, o İddiaçı MMC-nin Lənkəran rayonunda yerləşən filialından hər ay 70 manat olmaqla, 15 ay müddətinə ümumilikdə 1049 manat dəyərində “Xiaomi” markalı mobil telefon almışdır. O, telefonu alıb evə gətirdikdən sonra, evdə atası telefonun aylıq ödənişinə görə narazılıq etdiyi üçün növbəti günün səhəri aldığı “Xiaomi” markalı telefonu şirkətin Lənkəran rayonunda yerləşən filialına gətirərək geri qaytarmaq istədiyini bildirmiş, heç bir sənədləşmə etmədən telefonu filiala qoyaraq çıxıb getmişdir. Sonradan onunla əlaqə saxlanılaraq ona qaytardığı telefonda qüsurların aşkar olunduğunu bildirmişlər, o isə telefonu hansı vəziyyətdə almışdısa, o vəziyyətdə qaytardığını, telefonun vitrin telefonu olduğunu bildirmişdir. Hazırda o, qaytardığı telefonu geri götürmək istəmədiyini və kredit ödənişini ödəməyə maddi imkanının olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hər ay 70 manat olmaqla 15 ay müddətinə cəmi 1049 manat ödəməklə “Xiaomi” markalı mobil telefon almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat əsas borc və 157,4 (yüz əlli yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1207,3 (min iki yüz yeddi manat otuz qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC-nin texniki şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli texniki rəydən görünür ki, İMEİ kodu **********59662 olan “Xiaomi” markalı telefonda kamera şüşəsində cızıqlar və kalonkada əzik aşkarlanmışdır. Cihazın əmtəə görünşü pozulduğuna görə cihazın dəyişdirilməsi və ya qaytarılması mümkün deyildir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubudan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş, ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (nisyə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin cavabdehdən həmin müqavilə üzrə “Xiaomi” markalı mobil telefon üçün 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “157,4 (yüz əlli yeddi manat qırx qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn “Xiaomi" markalı mobil telefon üçün 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 157,4 (yüz əlli yeddi manat qırx qəpik) manat dəbbə pulunun azaldılaraq 15 (on beş) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 32,07 (otuz iki manat yeddi qəpik) manat dövlət rüsumunun 30,64 (otuz manat altmış dörd qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 1,43 (bir manat qırx üç qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə cavabdehin “telefonu qaytarması və bu səbəbdən onun pulunu ödəmək niyyətinin olmaması” dəlili ilə bağlı bildirir ki, cavabdeh telefonu növbəti günün səhəri mağazaya qaytarsa da, telefonun geri qaytarılması ilə bağlı sənədləşmədə iştirak etməmiş, təhvil-təslim aktını tələb etməmiş, telefonu filiala qoyaraq çıxıb getmişdir. Məhkəmə cavabdehin “telefonu hansı vəziyyətdə almışdısa, o vəziyyətdə qaytarması, telefonun vitrin telefonu olması” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh telefonu alan zaman onda hər hansı bir gözlə görünən qüsurun olması ilə bağlı iradını bildirməmiş, malı yoxlayıb qəbul etmiş, cavabdeh telefonu növbəti günün səhəri mağazaya qaytarsa da, qaytarmanın səbəbi kimi telefonda hər hansı bir qüsurun olmasını deyil, aylıq ödənişinə görə evdə narazılıq yarandığı üçün qaytardığını bildirmiş, cavabdeh tərəfindən telefon qaytarılandan sonra telefon yoxlanış üçün texniki şöbəyə göndərilmiş, texniki şöbənin xx.xx.2021-ci il tarixli texniki rəyinə əsasən cavabdehin aldığı və bir gün sonra şirkətə geri qaytardığı “Xiaomi” markalı telefonun kamera şüşəsində cızıqlar və kalonkada əzik aşkar olunmuşdur. Qeyd edilən hallar məhkəmə iclasında tərəflərin izahatları ilə, eləcə də məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş telefona tərəflərin iştirakı ilə keçirilmiş vizual baxışla da telefonun kamera şüşəsində cızıqlar və kalonkada əziyin olduğu müəyyən edilmişdir. Bu səbəbdən telefon şirkət tərəfindən dəyərləndirilərək geri götürülməmiş, cavabdehə aldığı telefonu gəlib götürməsi və onun dəyərinin ödənilməsi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin 3.4.2-ci bəndinə əsasən alıcının nisyə alınan malı yoxlayıb qəbul etmək hüququ vardır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin tələbinə əsasən, cavabdeh malı alan zaman yoxlayıb qəbul etmək hüququ olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh telefonu heç bir sənədləşmə etmədən filiala qoyaraq çıxıb getdikdən sonra hazırki vaxtadək təhvil-təslim aktını tələb etməmiş, eləcə də onlar arasında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya və ya məhkəməyə də müaciət etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə hazırda qüvvədə olduğundan, müqavilə üzrə tərəflər üzərlərinə düşən öhdəliyi icra etmək məcburiyyət olduqlarından, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək malı alıcıya verdiyindən, alıcı da müqavilə üzrə malın dəyərini satıcıya ödəmək öhdəliyini icra etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 1064,9 (min altmış dörd manat doxsan qəpik) manat borc və ödənilmiş 32,07 (otuz iki manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 30,64 (otuz manat altmış dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumunun 1,43 (bir manat qırx üç qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 1049,9 (min qırx doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 1064,9 (min altmış dörd manat doxsan qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30,64 (otuz manat altmış dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar