Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-60/2025 06.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi 1562,88 (min beş yüz altmış iki manat səksən səkkiz qəpik) manat debitor borc və 35,62 (otuz beş manat altmış iki qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1598,5 (min beş yüz doxsan səkkiz manat əlli qəpik) manat pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X2 İdarəsinin Lerik rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********00000 olmaqla, xx.xx.2023-cü il tarixli, XS-93-01157/23 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Lerik rayonu, Ambu kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 1562,88 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 1562,88 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.6-cı bəndinə əsasən Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə istehlakçı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, XS-93-01157/23 nömrəli müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********00000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2024-cü ilin sentyabr ayınadək qazdan istifadəyə görə 1562,88 (min beş yüz altmış iki manat səksən səkkiz qəpik) manat borc hesablanmışdır. İşə əlavə edilmiş İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 iyul 2023-cü il tarixli, ******* nömrəli Aktdan görünür ki, Cavabdeh Lerik rayonu, Ambu kəndində yerləşən evinin həyətindən kənarda quraşdırılmış sayğaca labaratoriya şəraitində baxış keçirilən zaman İddiaçı İB-nin sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-cü il tarixli aktına əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmişdir. Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İşdə olan İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh Lerik rayonu, Ambu kəndində yerləşən evinin həyətindən kənarda quraşdırılmış sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinə görə tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan 12960 kub metr müəyyən edilmişdir. Belə ki, işin faktiki halları və rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı İB ilə Cavabdeh arasında cavabdehin Lerik rayonu, Ambu kəndində yerləşən evinə dair xx.xx.2020-ci il tarixdə qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Lakin İddiaçı İB tərəfindən Cavabdeh yaşadığı Lerik rayonu, Ambu kəndində yerləşən evinin həyətindən kənarda quraşdırılmış sayğaca labaratoriya şəraitində baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmiş və buna görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 iyul 2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən dəymiş ziyanın əvəzi kimi borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2 və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt (İddiaçı İB ilə Cavabdeh arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, XS-93-01157/23 nömrəli müqavilə bağlandıqdan və sayğac quraşdırıldıqdan sonra) iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının özü tərəfindən tərtib edilən yuxarıda qeyd edilən aktlara əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb etməsi qanunsuz və əsassızdır. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmiş, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin istifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərilən borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə onu da qeyd edir ki, Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-60/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-60/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver