Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-71/2025 16.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2600 (iki min altı yüz) manat pul vəsaitinin və 46 (qırx atlı) manat dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “Honda” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Lənkəran rayon YPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə aktında göstərilmişdir ki, “Honda” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2600 (iki min altı yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA135985 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 2600 (iki min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Astara rayonu ərazisində tanışı X1 məxsus “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. avtomobili o idarə etmiş, Vüsalla birlikdə avtomobili Lənkəran rayonuna gətirmiş, avtomobili Lənkəran rayonu Darquba kəndi ərazisində yerləşən avtomobil təmir sexinin qarşısında üzü Lənkəran şəhəri istiqamətində yolun sağ kənarında saxlamışdır. O, avtomobildən düşüb yolun digər tərəfində olan sexə getmiş, ustadan avtomobilə baxmasını istəmiş, usta da avtomobili sexə gətirməsini ona bildirmişdir. O, yolun digər yəni sağ tərəfində saxladığı avtomobili sexə salmaq üçün hərəkətə gətirib sola tərəf manevr etmək istədikdə həmin vaxt arxa tərəfdən üzü Lənkəran şəhəri istiqamətində hərəkət edən “Honda” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Belə ki, onun idarə etdiyi avtomobilin qabaq sol qapı hissəsi ilə digər avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. İş materialları ilə də müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə əsasən məhz “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə zamanı avtomobili idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi-hüququ olmuşdur. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “Honda” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı Lənkəran rayon DYPŞ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “Honda” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2600 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə vaxtı müvafiq etibarnamə olmadan avtomobili idarə etməsi təşkil edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. - 163.2-ci maddəsinə əsasən, əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. - 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (iş üzrə cavabdeh) Cavabdeh hadisə vaxtı iddiaçı tərəfin iddia etdiyi kimi avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması hazırki iddia tələbinin təmin edilməsinə əsas vermir. Belə ki, «İcbari Sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsinin məzmunundan aydın olur ki, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni konteksdə qiymətləndirdikdə bu nəticəyə gəlmək mümkündür ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyini qiymətləndirərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. «İcbari Sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, “Uaz 452D” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisinin iradəsinə zidd olmadan Cavabdeh istifadəsinə verilmiş və onun tərəfindən idarə edilmişdir. Qeyd edilən halı təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin tutulması tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-71/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-71/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver