Məhkəmə qərarları › İş №e-2(048)-724/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-724/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-724/2024 22.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı QSC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə LDO000418 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 384 (üç yüz səksən dörd) manat borc və 57,6 (əlli yeddi manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 441,6 (dörd yüz qırx bir manat altmış qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış LDO000418 saylı, xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 384 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 384 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə Alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 384 (üç yüz səksən dörd) manat borc və 57,6 (əlli yeddi manat altmış qəpik) manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış LDO000418 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 384 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 384 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, X2 ilə Cavabdeh arasında bağlanmış LDO000418 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 384 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürsə də, bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İddiaçı MMC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 384 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Belə olan halda İddiaçı QSC-nin məhkəmə qaydasında Cavabdeh 384 (üç yüz səksən dörd) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin LDO000418 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 57,6 (əlli yeddi manat altmış qəpik) manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, LDO000418 saylı xx.xx.2023-cü il tarixli müqavilədən irəli gələn 384 (üç yüz səksən dörd) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “57.6 (əlli yeddi manat altmış qəpik) manat” dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 384 (üç yüz səksən dörd) manat borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 404 (dörd yüz dörd) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh LDO000418 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 384 (üç yüz səksən dörd) manat borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 404 (dörd yüz dörd) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar