Məhkəmə qərarları › İş №e-2(048)-847/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-847/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-847/2024 19.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 may 2020-ci il tarixli, MHK5844531 saylı borc müqaviləsinə əsasən 3410 (üç min dörd yüz on) manat qalıq borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat cərimə borcu və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3970 (üç min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 31 may 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 8210 (səkkiz min iki yüz on) manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3410 (üç min dörd yüz on) manat qalıq borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 33759 manat cərimə borcu yaranmışdır (3410 manat x 990 gün x 1%=33759 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində tələb edir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Daha sonra İddiaçı MMC iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 31 may 2020-ci il tarixli, MHK5844531 saylı borc müqaviləsinə əsasən 3100 (üç min yüz) manat qalıq borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat cərimə borcu və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3660 (üç min altı yüz altmış) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında “Semazen” restoranında adminstrator işlədiyi zaman restoran üçün məişət avadanlığı olan kondisionerlərin İddiaçı MMC-dən onun adına götürüldüyünü, bir müddət həmin restoranda işlədikdən sonra işdən çıxdığını, restoranın sonra fəaliyyətinin dayandığını, o restoranda işlədiyi müddətdə restoran müdriyyəti tərəfindən borc məbləğindən mütəmadi ödənişlər edildiyini, restoran bağlandıqdan sonra ödənişlərdə gecikdirmələrin olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MHK5844531 nömrəli borc müqaviləsindən görünür ki, alıcı Cavabdeh 8210 (səkkiz min iki yüz on) manat məbləğində məişət avadanlıqlarını satıcı İddiaçı MMC-dən əldə etmiş, 2000 (iki min) manat ilkin ödəniş etmiş, 6210 (altı min iki yüz on) manat məbləği 18 ay müddətinə aylıq 345 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, MHK5844531 nömrəli müqavilə üzrə 3100 (üç min yüz) manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və 3100 (üç min yüz) manat məbləğində yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “500 (beş yüz) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn 3100 (üç min yüz) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 500 (beş yüz) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun 51,5 (əlli bir manat əlli qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 8,5 (səkkiz manat əlli qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, MHK5844531 saylı müqavilə üzrə 3100 (üç min yüz) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3150 (üç min yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun 51,5 (əlli bir manat əlli qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun ,5 (səkkiz manat əlli qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, MHK5844531 saylı müqavilə üzrə 3100 (üç min yüz) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3150 (üç min yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun 51,5 (əlli bir manat əlli qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar