Məhkəmə qərarları › İş №e-2(049)-1186/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1186/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1186/2023 11.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci tarixli, LNK05134 №-li müqavilə üzrə 195.99 manat qalıq borcu, 51.50 manat cərimə borcu olmaqla, cəmi 247.49 manat məbləğində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NK05134 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ilkin ödəniş 4 manat edilməklə 6 müddətinə hissə-hissə hər ay üçün 16 manat, sonuncu ay üçün isə 7.98 manat ödəmək şərti ilə, 283.98 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2022-ci tarixli, LNK05134 saylı müqavilə üzrə qalıq borcu 195.99 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1913.84 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 51.50 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2022-ci tarixli, LNK05134 saylı müqavilə üzrə 195.99 manat qalıq borcu, 51.50 manat cərimə borcu olmaqla, cəmi 247.49 manat borcu yaranmışdır. “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 N-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-cu tarixli, LNK05134_№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbi “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2022-ci tarixli, LNK05134_№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə Bidiriş verilmişdir. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Pünar Hacızadə məhkəməyə “Elektron məhkəmə” İnformasiya Sistemində olan elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 18 mart 2022ci il tarixdə nisyə alqı-satqı müqaviləsinə əsasən, “Optimal” şirkətindən duxovka və Armağan klassik çay seti almışdır. Evə gəldikdən sonra məhsulları işə salarkən görmüşdür ki, hər iki məhsul qüsurludur. Belə ki, çay setinin kranından su buraxmışdır və duxovka isə elektrik buraxmışdır. Hətta həmin duxovkanı işə salarkən ailə üzvlərini elektrik crəyanı vurması təhlükəsi ilə də qarşılaşmışıar. Həmin anda həmin məişət texnikalarını yenidən qutusuna qoyaraq aldığı güdə də yəni 18 mart 2022-ci il tarixdə mağazaya geri qaytarmışdır. Hal hazıradək həmin mallar ona geri qaytarılmamışdır. Malları təhvil verərkən mağaza tərəfindən ona bu barədə rəsmi sənəd verilməsindən imtina edilmişdir. Lakin buna baxmayaraq hazırki iddia tələbi üzrə bor hələ də ondan tələb edilir. O, bu barədə şikayət ərizəsi ilə polisə də müraciət etmişdir və bu müraciətdən sonra polisin işə müdaxiləsi nəticəsində aldığı malların mağazaya təhvil verilməsi ilə əlaqədar akt mağaza tərəfindən ona təqdim edilmişdir. O, aldığı malları mağazaya geri qaytardığı üçün kredit ödənişlərini dayandırmışdır. Ona qarşı irəli sürülmüş hazırki iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli, NK05134 №-li nisyə alqı-satqı müqaviləsindən, həmin müqavilənin 1 və 2 saylı əlavələrindən görünür ki, Cavabdeh ilkin ödəniş 4 manat edilməklə 19 ay müddətinə hissə-hissə hər ay üçün 16 manat, sonuncu ay üçün isə 7.98 manat ödəmək şərti ilə, 283.98 manat dəyərində mallar – duxovka və çay seti məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə arayışından görünür ki, 08 fevral 2023-cü il tarixə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli LNK05134 №-li nisyə satış müqaviləsi üzrə ödənilməmiş borc və cərimə məbləği 247.49 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə «X1 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 01 saylı 01 sentyabr 2022-ci il tarixli Faktorin müqaviləsindən görünür ki, xx.xx.2022-ci tarixli, NK05134 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh "xxxx" MMC-nə olan borcu üzrə pul tələbi faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı «X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbəğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə sorğusu əsasında «X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən “Elektron məhkəmə” İnformasiya Sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli iş aktlarından görünür ki, xx.xx.2022-ci tarixli, NK05134 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh satılmış “Simfer” markalı duxovka və “Armağan” markalı çay seti “Optimal” mağazası tərəfindən təhvil alınmışdır. Aktlarda duxovkada heç bir problemin olmadığı, çay setinin isə kranının təmir edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “müştəri mallarının təhvil-təslim blankları”ndan görünür ki, “Simfer” markalı duxovka və “Armağan” markalı çay seti xx.xx.2022-ci il tarixdə “Optimal” mağazasının əməkdaşı Fuad Kərimli tərəfindən təhvil alınmışdır. Lakin həmin məişət texnikalarının Cavabdeh yenidən təhvil verilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin həmin məhsulları yenidən təhvil alması ilə əlaqədar Cavabdeh hər-hansı formada xəbərdar edilməsi barədə sübut da iş materiallarına əlavə edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Cavabdeh tərəfindən iddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixli NK05134 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, ona satılmış “Simfer” markalı duxovka və “Armağan” markalı çay seti xx.xx.2022ci il tarixdə “Optimal” mağazası tərəfindən təhvil alınmışdır. Lakin həmin malların cavabdehə qaytarılması və onun tərəfindən təhvil alması ilə əlaqədar hər-hansı formada xəbərdar edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu halda cavabdehin iddiaçı qarşısında pulun ödənilməsi ilə əlaqədar öhdəliyi qalmamışdır. Həmçinin hazırki mülki iş üzrə iddiaçı tərəfindən tərtib edilən iddia ərizəsində və ona əlavə edilən sənədlərdə (maliyyə arayışı, bildiriş) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış NK05134 №-li nisyə alqı-satqı müqaviləsinin tarixi “xx.xx.2022-ci il” qeyd edilməsinə baxmayaraq, iş materiallarından müəyyən edilir ki, həmin müqavilə xx.xx.2022ci il tarixdə bağlanmışdır. İddia ərizəsində müqavilənin müddətinin 6 müddətinə bağlandığı qeyd edilməsinə baxmayaraq iş materiallarından müqavilənin 19 ay müddətinə bağlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı «X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı təşkilat tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar