Məhkəmə qərarları › İş №e-2(049)-1288/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1288/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1288/2024 04.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış kirayə müqaviləsinə əlavə sazişə əsasən iddiaçı tərəfindən cavabdehə kirayə haqqı olaraq qabaqcadan ödənilmiş 5848 manat və dövlət rüsumuna görə ödənilmiş 78.88 manat vəsaitin, o cümlədən 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra - "xxxx" ASC) və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 13 nömrəli “Kirayə müqaviləsi bağlanmış və bu müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-2583 nömrəsi ilə qeyd edilmişdir (idendifikator (barkod): **********583). Həmin “Kirayə müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən, kirayəyə verən Cavabdeh bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Müqavilənin 2-ci maddəsində göstərilən mənzili (bundan sonra - “kirayə obyekti” adlandırılacaq) kirayəçinin ("xxxx" ASC-nin) istifadəsinə verməyi, kirayəçi isə kirayə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. “Kirayə müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən kirayə obyekti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən kirayə verənə məxsus olan və yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzil (reyestr nömrəsi: **********70-05301-093479) olmuşdur. “Kirayə müqaviləsinin” 3.1-ci maddəsinə əsasən, kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ayda vergilər daxil ümumilikdə 3400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. “Kirayə müqaviləsinin” 3.2-ci maddəsində, bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada kirayə obyekti təhviltəslim aktı üzrə kirayəçiyə təhvil verildiyi tarixdən etibarən kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ilk 05 ay üçün hesablanmış vergilər daxil 17 000 manat kirayə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı tarixdən etibarən 10 iş günü ərzində, sonrakı hesabat ayları üzrə aylıq kirayə haqqı isə növbəti hesabat ayının ilk 10 iş günü ərzində kirayəçi tərəfindən bu Müqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilməsi müəyyən edilmişdir. “Kirayə müqaviləsi”nin 3.5-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər ki, bu Müqavilə üzrə aparılan bütün ödənişlər rekvizitləri müqavilənin aşağında qeyd edilən bank hesabı üzrə (X1 bank hesabı üzrə) həyata keçiriləcək və kirayəyə verən təsdiq edir ki, kirayəçi tərəfindən kirayə haqqının aşağıdakı hesaba ödənilməsi həmin vəsaitlərin kirayəyə verənə çatması kimi qiymətləndiriləcəkdir. “Kirayə müqaviləsi”nin 3.6-cı maddəsinı əsasən, bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş kirayə haqqı məbləğinə Kirayəyə verən tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda vergi hesablanaraq həmin məbləğdən çıxılır (ödəmə mənbəyində tutulur) və dövlət büdcəsinə ödənilir, qalan məbləğ isə Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətlərdə və qaydada İcarəyə verənə ödənilir. “Kirayə müqaviləsi”nin 3.2-ci, 3.5-ci və 3.6-cı maddələrinə əsasən "xxxx" ASC tərəfindən ilk 05 ay üçün hesablanmış vergilər daxil 17000 manat kirayə haqqı məbləğindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda - 14% olmaqla 2380 manat vergi hesablanaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmiş, qalan məbləğ isə 14620 manat xx.xx.2023-cü il tarixində ******************** nömrəli hesaba köçürülmüşdür (kirayə verənə ödənilmişdir). Bu köçürmələr “101İNTL231500502” nömrəli “Debit haqqında bildiriş”də (ödənişi təsdiq edən sənəd), ******************** nömrəli hesaba dair hesabdan çıxarışda, o cümlədən "xxxx" ASC-nin Mühasibatlıq və uçot departamentinin direktoru (baş mühasibi) tərəfindən verilmiş 6-2-24/2-8725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Arayış”da öz əksini tapmışdır. “Kirayə müqaviləsi”nin 6.5-ci maddəsində qeyd edilmişdir ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilir. Tərəflər arasında “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixində “Əlavə saziş №1” (bundan sonra - “Əlavə saziş”) imzalanmışdır. “Əlavə saziş”ə əsasən “Kirayə müqaviləsi”nə xitam verilmişdir (1-ci maddə). Belə ki, tərəflər buna əsasən razılığa gəlmişlər ki, tərəflər arasında imzalanmış “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin (2.1-ci maddə). “Kirayə müqaviləsi”nin 4.1.3-cü maddəsində qeyd edilmişdir ki, bu müqaviləyə hər hansı səbəbdən, o cümlədən kirayəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, müqavilənin xitam tarixindən sonrakı müddət üçün ödənilmiş kirayə haqqını tam məbləğdə kirayəçiyə qaytarmaq kirayə verənin vəzifəsidir. “Əlavə saziş”in 2.2-ci maddəsində qeyd edilmişdir ki, bu sazişi imzalamaqla tərəflər razılaşır və təsdiq edirlər ki, “Kirayə müqaviləsi”nə xitam verilən tarixə kirayə verənin Cavabdeh kirayəçiyə ("xxxx" ASC-yə) ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. “Kirayə müqaviləsi”nin 8.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflər arasında bu müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər (bundan sonra birlikdə «mübahisələr» adlandırılacaq) tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 6-2-43/2-33081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Bildiriş (müqavilə üzrə borcun ödənilməsinə dair)” göndərilmişdir. Bildirişdə, “Kirayə müqaviləsi”nə edilmiş “Əlavə saziş”ə əsasən, Cavabdeh "xxxx" ASC-yə 5848 manat borcunun mövcud olması və qeyd olunan borc məbləğinin hələ də "xxxx" ASC-yə ödənilməməsi, bunu nəzərə almaqla müqavilə üzrə öhdəliklərə uyğun olaraq müvafiq borc məbləğinin xx.xx.2023-cü il tarixinədək bildirişə əlavə olunmuş bank hesabına köçürməklə "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin tələb edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aidiyyətı üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Müvafiq “Bildiriş” nəticəsiz qalmış və Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, lakin nümayəndələri məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə onların xahişlərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə çıxışı mətnini məhkəməyə təqdim edərək, həmin çıxışını aşağıda qeyd olunanlarla əsalandırmışdır:

1. İş materiallarında olan, “Vugar Babayev <Elektron ünvan 1>" ünvanından, Elnara Heydarova <Elnara.HElektron ünvan 2> ünvanına 17 aprel 2023-cü il tarixində, saat 19:06-da göndərilmiş, mövzusu “Port Baku menzil 608b documents” olan elektron məktubda (e-mail) qeyd edilmişdir ki, “Hörmətli Elnarə xanım, X11 608B mənzili ilə bağlı sənədləri Sizə təgdim edirəm. Mügaviləni hazır edib mənə geri göndərməyinizi xahiş edirəm. Link to chixarish https://eemlak.gov.az/eemdk/az/CheckElectronExtract?id=D5C9CA213039416DB4382B2604ADB 883”.

2. Tərəflər arasında olan faktiki münasibətlərə əsasən, ehtimal edirlər ki, “Vugar Babayev <Elektron ünvan 1>" ünvanından müvafiq elektron məktubu göndərən şəxs “Vüqar A.Babayev” olmuş (mobil nömrəsi ***-***-**-**) və o, cavabdehə vasitəçilik (makler) xidmətlərini göstərmiş, sözügedən münasibətlərdə cavabdehin təmsiçisi kimi çıxış etmişdir. Onun tərəfindən iddiaçı "xxxx" ASC-nin əməkdaşı Elnarə Heydərovaya göndərilmiş həmin elektron məktubdan anlaşılır ki, həmin yazışmada söhbət tərəflər arasında bağlanılacaq müvafiq kirayə müqaviləsindən getmişdir. Belə ki, həmin elektron məktubda qeyd edilmiş rəsmi keçidə daxil olduqda həmin keçidin Cavabdeh mülkiyyətində olan mənzilin (tərəflər arasında olan kirayə müqaviləsinin obyekti olan mənzilin) reyestr çıxarışı olması məlum olur.

3. İş materiallarında olan, Elnara Heydarova <Elnara.HElektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, 18 aprel 2023-cü il tarixində, saat 11:42-də göndərilmiş, mövzusu “RE: Port Baku menzil 608b documents” olan elektron məktubda (email), “Salam, Buyurun” qeyd edilmiş və müvafiq müqavilə layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün).

4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinə (№13)” (bundan sonra - “Kirayə müqaviləsi”) əsasən bəlli olur ki, bu müqavilə iddiaçı "xxxx" ASC (bundan sonra - "xxxx" ASC) və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-2583 nömrəsi ilə qeyd edilmişdir (idendifikator (barkod): **********583).

5. İş materiallarında olan, Elnara Heydarova <Elnara.HElektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, 02 may 2023-cü il tarixində, saat 11:32-də göndərilmiş, mövzusu “Emailing: Təhvil-təslim Mehmet-13” olan elektron məktubla (email), müvafiq təhvil-təslim aktının layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün).

6. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən, kirayəyə verən (Cavabdeh) bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Müqavilənin 2-ci maddəsində göstərilən mənzili (bundan sonra - “kirayə obyekti” adlandırılacaq) kirayəçinin ("xxxx" ASC- nin) istifadəsinə verməyi, kirayəçi isə kirayə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, kirayə obyekti Kirayəçi tərəfindən Kirayəçinin əməkdaşı X12 yaşayış məqsədləri üçün istifadə olunacaq.

8. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən, kirayə obyekti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən kirayə verənə məxsus olan və yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzil (reyestr nömrəsi: **********70-05301-093479) olmuşdur.

9. İş materiallarında olan “Kirayə müqaviləsinin” 3.1-ci maddəsinə əsasən, kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ayda, vergilər daxil ümumilikdə 3400 manat kirayə haqqı ödəməyi öhdəsinə götümüşdür. 10.İş materiallarında olan “Kirayə müqaviləsinin” 3.2-ci maddəsinə əsasən, bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada kirayə obyekti təhvil-təslim aktı üzrə kirayəçiyə təhvil verildiyi tarixdən etibarən kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ilk 5 ay üçün hesablanmış vergilər daxil 17 000 manat kirayə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı tarixdən etibarən 10 iş günü ərzində, sonrakı hesabat ayları üzrə aylıq kirayə haqqı isə növbəti hesabat ayının ilk 10 iş günü ərzində Kirayəçi tərəfindən bu Müqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilməsi müəyyən edilmişdir.

11. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 3.5-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər ki, bu Müqavilə üzrə aparılan bütün ödənişlər rekvizitləri aşağıda qeyd edilən bank hesabı üzrə (X1 bank hesabı üzrə) həyata keçiriləcək və Kirayəyə verən təsdiq edir ki, Kirayəçi tərəfindən kirayə haqqının aşağıdakı hesaba ödənilməsi həmin vəsaitlərin Kirayəyə verənə çatması kimi qiymətləndiriləcəkdir.

12. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 3.6-cı maddəsinə əsasən, bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş kirayə haqqı məbləğinə Kirayəyə verən tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda vergi hesablanaraq həmin məbləğdən çıxılır (ödəmə mənbəyində tutulur) və dövlət büdcəsinə ödənilir, qalan məbləğ isə Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətlərdə və qaydada İcarəyə verənə ödənilir. 13.İş materiallarında olan “101İNTL231500502” nömrəli “Debit haqqında bildiriş”ə (ödənişi təsdiq edən sənədə), ******************** nömrəli hesaba dair hesabdan çıxarışa, o cümlədən "xxxx" ASC-nin Mühasibatlıq və uçot departamentinin direktoru (baş mühasibi) tərəfindən verilmiş 6-2-24/2-8725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Arayış”a əsasən, "xxxx" ASC tərəfindən “Kirayə müqaviləsi”nin 3.2-ci, 3.5- ci və 3.6-cı maddələrinə əsasən ilk 5 ay üçün hesablanmış vergilər daxil 17000) manat kirayə haqqı məbləğindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda - 14% olmaqla 2,380 manat vergi hesablanaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmiş, qalan məbləğ isə 14,620 AZN (on dörd min altı yüz iyirmi manat xx.xx.2023- cü il tarixində ******************** nömrəli hesaba köçürülmüşdür (kirayə verənə ödənilmişdir).

14. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 6.5-ci maddəsinə əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilir.

15. İş materiallarında olan, ElnaraHeydarova <Elnara.Heydarova@abb bank.az> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, 27 iyul 2023-cü il tarixində, saat 17:11-də göndərilmiş, mövzusu “Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. Xitam sazişi məktuba əlavə olunub. Zəhmət olmasa tanış olub öz rəyinizi bildirin” mətni yazılmış müvafiq xitam sazişinin layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün). 16.İş materiallarında olan, ElnaraHeydarova <Elnara.HElektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, 28 iyul 2023-cü il tarixində, saat 11:45-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. Siz qeyd eydiyiniz düzəliş nəzərə alındı.” mətni yazılmış müvafiq xitam sazişinin dəyişiklik edilmiş layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün). 17.İş materiallarında olan, ElnaraHeydarova <Elnara.HElektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, 31 iyul 2023-cü il tarixində, saat 16:27-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. Zəhmət olmasa Saziş iki nüsxədə imzalanmış şəkildə əslini sabah gün ərzində bizə çatdırılmasını təmin edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi və imzaladıqdan sonra geri göndərilməsi üçün). 18.İş materiallarında olan “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixində “Əlavə saziş №1” (bundan sonra - “Əlavə saziş”) əsasən, tərəflər arasında müvafiq saziş imzalanmış, bu “Əlavə saziş”ə əsasən “Kirayə müqaviləsi”nə xitam verilmiş (1-ci maddə), tərəflər buna əsasən razılığa gəlmişlər ki, tərəflər arasında imzalanmış “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin (2.1- ci maddə). 19.İş materiallarında olan, Elnara Heydarova <Elnara.HElektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, 02 avqust 2023-cü il tarixində, saat 15:57də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. İmzalanmış sənədi təqdim edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun imzalanmış nüsxəsinin skan edilmiş versiyası vasitəçiyə təqdim edilmişdir. 20.İş materiallarında olan “Kirayə müqaviləsi”nin 4.1.3-cü maddəsinə əsasən, bu müqaviləyə hər hansı səbəbdən, o cümlədən kirayəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, müqavilənin xitam tarixindən sonrakı müddət üçün ödənilmiş kirayə haqqını tam məbləğdə kirayəçiyə qaytarmaq kirayə verənin vəzifəsidir. 21.İş materiallarında olan “Əlavə saziş”in 2.2-ci maddəsinə əsasən, bu sazişi imzalamaqla tərəflər razılaşır və təsdiq edirlər ki, “Kirayə müqaviləsi”nə xitam verilən tarixə kirayə verənin (Cavabdeh) kirayəçiyə ("xxxx" ASC-yə) ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. 22.İş materiallarında olan “Kirayə müqaviləsi”nin 8.1-ci maddəsinə əsasən, tərəflər arasında bu müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər (bundan sonra birlikdə «mübahisələr» adlandırılacaq) tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. 23.İş materiallarında olan, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş 6-2- 43/2-33081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Müqavilə üzrə borcun ödənilməsinə dair Bildiriş”də, qeyd edilmişdir ki, “Kirayə müqaviləsi”nə edilmiş “Əlavə saziş”ə əsasən, Cavabdeh "xxxx" ASC-yə 5848 manat borcunun mövcud olması və qeyd olunan borc məbləğinin hələ də "xxxx" ASC-yə ödənilməməsi, bunu nəzərə almaqla müqavilə üzrə öhdəliklərə uyğun olaraq müvafiq borc məbləğinin xx.xx.2023-cü il tarixinədək bildirişə əlavə olunmuş bank hesabına köçürməklə "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin tələb edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aidiyyətı üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. 24.Müvafiq “Bildiriş” nəticəsiz qalmış və Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmiş, bundan sonra iddiaçı öz hüquqlarını qorunamaq üçün məhkəməyə müraciət etmişdi. "xxxx" ASC məhkəməyə müraciət edərkən müvafiq xitam sazişinin tərəflər arasında bağlanmasına etimad etmişdir. Çünki tərəflər arasında olan işgüzar münasibətlərdən göründüyü kimi, müvafiq proseslərdə müvafiq vasitəçi cavabdehlərin nümayəndəsi kimi iştirak etmişdir və "xxxx" ASC sənəd mübadiləsini həmin şəxslə apararkən etimad etmişdir ki, bundan cavabdehlərin xəbəri olmuş və xitam sazişi cavabdehin iradə ifadəsini ehtiva edir. 25.Bundan sonra, iş məhkəmədə olarkən, bu işlə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyətə təqdim etdiyi 29 avqust 2024-cü il tarixli, 4/1244 nömrəli "Ekspert rəyi”nin "Tədqiqatın nəticəsi” hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 61-ci vərəqində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2023cü il 13 № li Kirayə müqaviləsinə xitam verilməsi haqqında 27 iyul 2023-cü il tarixli Əlavə saziş № 1 adlı sənəddə “KİRAYƏ VERƏN” bölməsində “620580 № li etibarnamə əsasında nümayəndəsi X2 (Ş/V AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X2 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” 26.Ekspert rəyindən sonra "xxxx" ASC-yə məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquazidd əməllər törədilmiş və "xxxx" ASC-nin hüquqları pozulmuşdur (çünki "xxxx" ASC ilk növbədə həmin sənədə etimad edərək məhkəməyə müraciət etmişdir). Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək "xxxx" ASC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli “Vəsatət” təqdim edilmiş və məhkəmədən e-2(049)-1288/2024 saylı mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi- nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir. 27.Hesab edirlər ki, yuxarıda adıçəkilən sübutlar (vasitəçi (nümayəndə) ilə yazışmalar, imzalanmış sazişin vasitəsçi (nümayəndə) tərəfindən iddiaçıya ("xxxx" ASC-yə) təqdim edilməsi və s.) onu təsdiq edir ki, cavabdehin tərəflər arasında olan mülki münasibətlərə 04 avqust 2023-cü il tarixində xitam verilməsindən xəbəri olmuşdur (xəbəri olmalı idi) və onun hazırda məhkəmə iclasında faktiki münasibətlərə 04 avqust 2023-cü il tarixində xitam verilməsini inkar etməsi mülki-hüquq nöqteyi nəzərindən vicdanlı davranış hesab edilmir. 28.Tərəflər arasında olan mülki münasibətlərə həqiqətən də 04 avqust 2023-cü il tarixində xitam verilməsi özünü digər sübutlar ilə də təsdiq edir. Belə ki, məlum olduğu kimi, tərəflər arasında olan müqaviləyə əsasən, kirayə obyekti Kirayəçi tərəfindən Kirayəçinin əməkdaşı X13 yaşayışı məqsədləri üçün istifadə olunacaq. Buradan aydın olur ki, iddiaçının müvafiq müqaviləni bağlamaqda məqsədi onun əməkdaşı olan X13 üçün yaşayış yerini təmin etmək olmuşdur. Tərəflər arasında olan müqaviləyə xitam sazişi ilə 04 avqust 2023-cü il tarixində xitam verilməsinə etimad edən və buna əsasən növbəti addımları atan "xxxx" ASC müvafiq əməkdaşına yeni yaşayış yeri təmin etmək üçün başqa şəxslə kirayə müqaviləsi bağlamışdır. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlara dair aşağıdakı məqamları məhkəmənin diqqətinə çatdırırlar. 29.Belə ki, əvvəlcə qeyd etmək lazımdır ki, yeni yaşayış yerinə X13 faktiki olaraq 05 avqust 2023-cü il tarixində yerləşmişdir. Bunu iş materiallarında olan X13 və X6 arasında bağlanmış 05 avqust 2023-cü il tarixli təhvil-təslim aktı təsdiq edir. Göründüyü kimi, iddiaçı öz əməkdaşı üçün, cavabdeh ilə müqaviləyə xitam verilikdən dərhal sonra, konkret olaraq 1 gün sonra yaşayış yerinin təmin edilməsi üçün zəruri tədbirlər görmüş, müvafiq əməkdaş yeni yaşayış yerinə daxil olması ilə bağlı aktı imzalamışdır. Buna səbəb (müqavilədən qabaq faktiki münasibətlərin yaranmasına səbəb) vəziyyətin təxirəsalmaz və təcili xarakter daşıması olmuşdur. Belə ki, Cavabdeh məxsus olan mənzildən (kirayə obyektindən) çıxdıqdan sonra "xxxx" ASC-nin əməkdaşı X13 aydın məsələdir ki, yaşayış yeri olmadan qala bilməzdi. Buna görə də o, yeni tapılmış mənzilə dərhal yerləşmişdir. 30.Müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra tərəflər ("xxxx" ASC və müvafiq mənzilin mülkiyyətçisi X6) müvafiq faktiki münasibətləri müqavilə ilə rəsmiləşdirmişlər. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinə (№14) əsasən bəlli olur ki, bu müqavilə iddiaçı "xxxx" ASC (kirayəçi) və X6 (kirayəyə verən) arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-4965 nömrəsi ilə qeyd edilmişdir (idendifikator (barkod): **********965). 31.İş materiallarında olan, "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinin (№14)” 1.2-ci maddəsində qeyd edilmişdir ki, kirayə obyekti kirayəçi tərəfindən kirayəçinin əməkdaşı X12 yaşayış məqsədləri üçün istifadə olunacaq. 32.İş materiallarında olan, "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinin (№14)” 3.1-ci maddəsinə əsasən, bu müqavilənin 1.4-cü bəndində göstərilən qaydada Kirayə obyekti təhvil-təslim aktı üzrə Kirayəçiyə təhvil verildiyi tarixdən etibarən Kirayə obyektindən istifadəyə, binanın saxlanmasına və Kirayə obyektinin isidilməsi, havalandırılmasına görə Kirayəçi Kirayəyə verənə ayda vergilər daxil, ümumilikdə 3400 manat məbləğində kirayə haqqı ödəyir. Kommunal xidmətləri - su, qaz, elektrik enerjisi, televiziya və internetdən istifadəyə görə ödənişi Kirayəçinin əməkdaşı öz hesabına ödəyir. 33.İş materiallarında olan, "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinin (№14)” 3.2-ci maddəsinə əsasən, bu müqavilənin 1.4-cü bəndində göstərilən qaydada kirayə obyekti təhvil-təslim aktı üzrə kirayəçiyə təhvil verdildiyi tarixdən etibarən kirayə obyektindən istifadətə görə Kirayəçi kirayə verənə ilk 3 ay üçün hesablanmış vergilər daxil 10200 manat məbləğində kirayə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı tarixdən etibarən 10 iş günü ərzində, sonrakı hesabat ayları üzrə aylıq kirayə haqqı isə növbəti hesabat ayının ilk 10 iş günü ərzində Kirayəçi tərəfindən bu müqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. 34.İş materiallarında olan, "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinin (№14)” 3.5-ci maddəsində ödənişlərin aparılacağı hesabın rekvizitləri verilmişdir. Həmin rekvizitlərə əsasən "xxxx" ASC tərəfindən ödənişlər X3 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına ödəniləcəkdir. 35.İş materiallarında olan “101İNTL232340502” nömrəli “Debit haqqında bildiriş”ə (ödənişi təsdiq edən sənədə), ******************** nömrəli hesaba dair hesabdan çıxarışa əsasən, "xxxx" ASC tərəfindən X6 ilə bağlanmış kirayə müqaviləsinin 3.2-ci, 3.5-ci və 3.6cı maddələrinə əsasən, ilk 3 ay üçün (xx.xx.2023-xx.xx.2023) hesablanmış vergilər daxil 10200 manat kirayə haqqı məbləğindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda - 14% olmaqla 1428 manat vergi hesablanaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmiş, qalan məbləğ isə 8,772 AZN xx.xx.2023-cü il tarixində ******************** nömrəli hesaba köçürülmüşdür (kirayə verənə (X5) ödənilmişdir). 36.İşin materiallarından irəli gələrək, işin hüquqi tərəfi barədə onu qeyd etmək yerinə düşər ki, tərəflər arasında bağlanmış “Kirayə müqaviləsi”nin 4.1.3-cü maddəsində qeyd edilmişdir ki, bu müqaviləyə hər hansı səbəbdən, o cümlədən kirayəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, müqavilənin xitam tarixindən sonrakı müddət üçün ödənilmiş kirayə haqqını tam məbləğdə kirayəçiyə qaytarmaq kirayə verənin vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.3-cü maddəsinə əsasən, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. “Kirayə müqaviləsi”nin 5.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflər bu müqavilə ilə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə bu Müqavilədə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1- ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, bu sübutlar və işin faktiki halları da bir daha təsdiq edir ki, "xxxx" ASC və Cavabdeh arasında olan mülki münasibətlərə faktiki olaraq xx.xx.2023-cü il tarixində xitam verilmiş, cavabdehin bundan xəbəri olmuş (xəbəri olmalı idi), buna görə də iddiaçı "xxxx" ASC öz əməkdaşı üçün yeni mənzil tapmış və əməkdaş xx.xx.2023-cü il tarixindən Cavabdeh evindən çıxdığına görə xx.xx.2023-cü il tarixində yeni bir mənzilə köçmüşdür. Belə olan halda, hesab edirlər ki, "xxxx" ASC-nin iddiası tamamilə əsaslıdır və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əlavə olaraq iddiaçının nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq e-2(049)- 1288/2024 saylı mülki iş üzrə vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi-nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsini xahiş etmişdir. O, vəsatəti onunla əsaslandırmışdır ki, hazırki işlə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 4/1244 nömrəli “Ekspert rəyi”nin “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 61-ci vərəqində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il 13 № li Kirayə müqaviləsinə xitam verilməsi haqqında 27 iyul 2023-cü il tarixli Əlavə saziş № 1 adlı sənəddə “KİRAYƏ VERƏN” bölməsində “620580 № li etibarnamə əsasında nümayəndəsi X2 (S/V AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X2 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquazidd əməllər törədilmişdir. Müvafiq imzanın kim tərəfindən atılması faktı bizə məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyinəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəmə çıxışı mətnini məhkəməyə təqdim edərək, həmin çıxışını olunanlarla əsalandırmışdır ki, iddiaçının tələbi tamamiə əsassızdır, rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı tələblərinin hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin 6.5-ci maddəsinə istinad etmiş və tələblərini onunla əsaslandırmışlar ki, həmin bəndə əsasən kirayə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin həmin bəndindən hərəkət edərək aralarında xx.xx.2023-cü il tarixli əlavə saziş №1 imzalandığını və həmin sazişə əsasən müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verildiyini bildirmişlər. İddiaçı tələblərinin hüquqi əsası kimi sırf həmin kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə sazişə istinad etmiş və həmin sazişin şərtlərində də Cavabdeh "xxxx" ASC-ə 5848 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı sazişdəki imzanın cavabdehə məxsus olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçı digər, işə aid olmayan bir sıra sənədlər təqdim edərək cavabdehin bundan xəbəri olduğunu sübuta yetirməyə çalışmışdır. İddiaçının təqdim etdiyi digər sənədlərin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına heç bir aidiyyatı yoxdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin 1-ci bəndinə əsasən kirayə verən həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada müqavilənin 2-ci maddəsində göstərilən mənzili kirayəçinin sahibliyinə və istifadəsinə verməyi, kirayəçi isə kirayə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanması ilə onu imzalayan tərəflər üçün müəyyən hüquq və vəzifələrin yaranmasına səbəb olmuşdur. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən kirayəçi kirayə verənə 3400 manat məbləğində kirayə haqqı ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kirayəçi kirayə verənə ilk 5 ay üçün hesablanmış vergilər daxil 17000 manat kirayə haqqını birdəfəlik olaraq, sonrakı aylar üzrə isə ilk 10 iş günü ərzində kirayəçi tərəfindən kirayə verənə ödənilir. Həmin müqavilənin 4.3.3-cü maddəsinə əsasən kirayəçi kirayə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən kirayə verənə ziyan vuran hərəkətlərə yol verməməlidir. Kirayə müqaviləsinin 6.1-ci maddəsinə əsasən kirayə müddəti tərəflər arasındakı razılaşma ilə 11 ay müddətində müəyyən edilmişdir. Kirayə müqaviləsinin 6.4-cü maddəsinə əsasən bu müqaviləyə yalnız hər iki tərəfin yazılı şəkildə ifadə olunmuş razılığı ilə dəyişikliklər və hər hansı əlavələr edilə bilər. Müqavilənin 6.5-ci bəndinə əsasən kirayə müqaviləsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilə bilər. Tərəflər arasındakı müqavilədən göründüyü kimi müqavilə 11 ay müddətinə bağlanmış, ilk 5 ayın ödənişi müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən ödənilmiş, mənzil cavabdeh tərəfindən təhvil verilmişdir. Göründüyü kimi işin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə istifadə üçün təhvil verib əvəzində ödənişi qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etmişdir. İddia tələbində cavabdehin müqavilənin şərtlərini pozması, götürmüş olduğu öhdəliyi icra etməməsi və ya nöqsanları aradan qaldırmaması nəticədə kirayəçinin mənzildən istifadəsinə hər hansı maneə yaranması və.s kimi əsaslara istinad edilməmişdir. Sadəcə tərəflərin razılaşaraq qərarlaşdıqlarını və xitam sazişində tərəflərin qaytarılmasına razılaşdıqları məbləğin geri ödənilməsinə istinad edilmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə olan halda müqavilə qüvvədə olmuş sayılır və tərəflərin götürmüş olduğu öhdəliklərin icrası ilə yükümlü olduqları bir müqavilə şərtləri olduğu halda kirayəçi öz öhdəliklərini kobud şəkildə pozaraq kirayə verənə bu barədə məlumat vermədən, mənzili təhvil təslim etmədən, razılaşma əldə etmədən, müqaviləyə xitam verilməsi ilə bağlı mövqeyini kirayə verən tərəfə bildirmədən şəxsi ambisiyaları səbəbindən mənzili tərk edib getmişdir. Kirayə verən olaraq cavabdehin vəzifəsi deyildir ki, davamlı olaraq kirayəçinin mənzildə olub olmamasını, mənzildən istifadə edib etməməsini yoxlasın, tez-tez mənzilinə gəlib kirayəçini narahat etsin. Kirayə müqaviləsi üzrə ödəniş müqavilə şərtindən irəli gələrək 5 aylıq birdəfəlik ödəniş formasında icra edildiyi üçün kirayə verən də mənzili təhvil verərək, öhdəliyini icra etmiş, kirayəçinin orada nə qədər qalıb qalmamasında, hara gedib gəlməsində maraqlı olmamışdır. İddiaçı tərəf məhkəməyə kirayə müqaviləsi təqdim edərək guya cavabderhlə müqaviləyə xitam verildikdən sonra başqa şəxsə məxsus mənzilə dair kirayə müqaviləsi bağladıqlarını və əməkdaşlarının orada qaldıqlarını bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, həmin müqavilə cavabdeh üçün hər hansı öhdəlik yaratmadığı kimi hazırkı iş üzrə də sübut hesab edilə bilməz. Mülki Məcəllənin əsas prinsiplərindən biri də müqavilə azadlığı prinsipidir ki, iddiaçı tərəf həmin hüququndan istifadə edərək sərbəst şəkildə müqavilə bağlamışdır. İddiaçının başqa şəxslərlə yeni müqavilə bağlaması öz özlüyündə cavabdehlə olan müqavilənin xitamına səbəb olmur. Bir daha bildirir ki, kirayə verən mənzili təhvil vermiş, razılaşdırılmış məbləği almış və öz üzərinə düşən öhdəliyini icra etmişdir, müqavilə hal hazırda da qüvvədədir, kirayə verən olaraq pulunu aldıqdan sonra hər gün mənzildə kim yaşayır, nə yeyir nə içir deyə maraqlanmaq kimi bir vəzifəsi olmamışdır. Qarşı tərəf vicdanlı davranmamış, vicdanlı kirayəçi vəzifəsini pozmuş, mənzili tərk etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklif belə verməmişdir. Zamanında qanunvericiliyin tələblərinə riayət olunaraq müqaviləni ləğv edilməsi ilə bağlı təklif göndərilmiş olsa və niyyətlərini bildirmiş olsalar, nə kirayəçi zərərə uğrayardı, nədəki kirayə verən çünki, müqavilə ləğv ediləcəyi təqdirdə təmsil etdiyim şəxs mənzili təhvil alaraq zamanında başqa şəxsə kirayə verməklə həmin pulu yenə qazanacaqdı və iddiaçı da eyni qaydada geri aldığı pul ilə başqa mənzilin ödənişini edəcəkdi. Burada risk iddiaçının üzərinə düşür, cavabdeh ilə ləğv edilməmiş müqaviləsi olmasına və həmin müqavilə üzrə 5 aylıq ödənişi birdəfəlik etməsinə baxmayaraq yenidən başqa şəxs ilə müqavilə bağlayıbsa nəticəsi ilə də razılaşmalıdır. Cavabdeh nə üçün iddiaçıya pul qaytarmalıdır ?. O, mənzilini təhvil verib, pulunu alıb, iddiaçının orada yaşayıb yaşamaması cavabdehi maraqlandırmır. İddiaçının Vüqar Babayev adlı şəxs ilə yazışmasını əks etdirən sənədlərə münasibətdə bildirirəm ki, həmin sənədlər sübut qismində qəbul edilə bilməz. Həmin şəxsin cavabdehə heç bir aidiyyatı yoxdur, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilməmişdir, nədəki, mətndə qeyd edilmiş məlumatlar cavabdehə çatdırılmamışdır. Cavabdeh kirayəçinin mənzildən getməsindən, mənzili boşaltmasından məlumatsız olmuşdur. Təqdim edilən sənədlərin cavabdehə heç bir aidiyyatı yoxdur. Bu günədək hansı əsasla mənzili istifadə etmədiklərini, nə üçün başqa mənzil tutduqlarını bildirməmişlər. Halbuki, Mülki Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmağınızı xahiş edir.

Tədqiq olunmuş sübutlar:

İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzil mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan "xxxx" ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən Cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzili ayda 360 manat vergi ödənişi də daxil olmaqla 3 400 manat məbləğə banka kirayə verir, bank 05 ay üçün hesablanmış 17000 manat kirayə haqqını ilk 05 ay üçün hesablanmış vergi ödənişləri də hesablanmaqla cavabehə birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 11 ay müddətinə bağlanmışdır. İşdə olan “Debet haqqında bildiriş”, “Hesabdan çıxarış” və ABB-nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vergi ödənişləri çıxıldıqdan sonra cavabdehə 05 aylıq kirayə haqqı olan 14 620 manat bank tərəfindən ödənilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış “02” may 2023-cü il tarixli, 13 №li Kirayə müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1№li Əlavə sazişdən görünür ki, həmin Sazişin predmetini Müqaviləyə xitam verilməsi təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki, onlar arasında imzalanmış Müqaviləyə 04 avqust 2023-cü il tarixindən etibarən xitam verilsin. Həmin Sazişi imzalamaqla Tərəflər razılaşır və təsdiq edirlər ki, Müqaviləyə xitam verilən tarixə Kirayə verənin Kirayəçiyə ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. Həmin Sazişin qüvvəyə minməsi və Kirayə verənin Kirayəçiyə bu Sazişin 2.2-ci bəndində nəzərdə tutulmuş borc məbləğini ödəməsi ilə Müqavilə üzrə Tərəflərin bütün hüquq və öhdəliklərinə xitam verilir. Saziş hər iki Tərəfdən imzalandığı tarixdən qüvvəyə minir. İşdə olan bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət etmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1244 №li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 61-ci vərəqində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il 13 № li Kirayə müqaviləsinə xitam verilməsi haqqında 27 iyul 2023-cü il tarixli Əlavə saziş № 1 adlı sənəddə “KİRAYƏ VERƏN” bölməsində ”620580 № li etibarnamə əsasında nümayəndəsi X2 (ŞA/ AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X2 və Cavabdeh qızı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 138 manat təşkil eləmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, mübahisələndirləməyən hal ondan ibarətdir ki, "xxxx" ASC-i ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi”nə əsasən kirayəyə verən Cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzili ayda 360 manat vergi ödənişi də daxil olmaqla cəmi 3 400 manat məbləğə banka kirayə vermiş, bank 05 ay üçün hesablanmış 17000 manat (3400 x 05 = 1700) kirayə haqqını ilk 05 ay üçün hesablanmış vergi ödənişlərini çıxmaqla cavabehə cəmi 14 620 manat məbləğində birdəfəlik kirayə haqqı ödəmiş, Kirayə müqaviləsi 11 ay müddətinə, xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Mübahisələndirlən hal isə ondan ibarətdir ki, iddiaçının nümayəndəsi bildirir ki, tərəflər arasında bağlanmış həmin müqavilə qarşılıqlı razılaşma əsasında xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış 1 №li Əlavə sazişlə ləğv edilmiş, bank kirayəyə götürdüyü mənzildən 02 ay 22 gün istifadə etdiyi üçün, qabaqcadan kirayə haqqı olaraq 05 ay üçün ödənilmiş 14 620 manat məbləğdən həmin mənzildən faktiki olaraq istifadə etdiyi müddət üçün hesablanmış kirayə haqqını çıxılmaqla, 05 ay üçün nəzərdə tutulmuş istifadə hüququndan istifadə edilməmiş qalan 02 ay 08 gün üçün qabaqcadan ödənilmiş 5848 manat məbləğində kirayə haqqının cavbabdehdən alınaraq onlara verilməsini xahiş edir. Cavabehin nümayəndəsi isə, tərəflər arasında bağlanmış Kirayə müqaviləsinin qarşılıqlı razılaşma əsasında xx.xx.2023-cü il tarixdə, 1 №li Əlavə sazişi imzalamaqla ləğv edilmədiyini, həmin Sazişi cavabdeh və onun nümayəndəsi imzalamadığını, Kirayə müqaviləsinin birtərəfli qaydada, "xxxx" ASC-i tərəfindən ləğv edildiyini bildirmişdir. Göründüyü kimi, əsas mübahisə kirayə müqaviləsinin ləğvi ilə bağlıdır. Həmin mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə tələbi tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 13 № li kirayə müqaviləsindən irəli gəlir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kirayə müddəti kirayə obyektinin Bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada Kirayə obyekti Təhvil-təslim aktı üzrə Kirayəçiyə təhvil verildiyi tarixdən 11 ay müddətində müəyyən edilmişdir. İş materiallarına kirayə obyektinin təhvil-təslim aktı əlavə edilməmiş, lakin, tərəflərin nümayəndələri Kirayəı müqaviləsi imzalandıqdan sonra kirayə obyektinin (mənzilin) banka təhvil verildiyini təsdiq etmişlər. Kirayə obyektinin banka təhvil verilməsi Kirayə müqaviləsi bağlanan andan hesablanmaqla onun müddəti xx.xx.2024-cü il tarixdək olmuşdur. Yəni, müqavilənin qüvvədə olduğu xx.xx.2024-cü il tarixədək müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də Müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilə bilərdi. Belə ki, tərəflər arasında bağlanmış Kirayə Müqaviləsinin 6.5-ci bəndinə əsasən Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də Müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilir. İddiaçının iddiasının əsasını kirayə müqaviləsinin xitamının tərəflərin qarşılıqlı razılığı təşkil eləyir. Bu zaman iddiaçı tərəflər arasında imzalandığını iddia etdiyi xx.xx.2023-cü il tarixli 1 №li Əlavə sazişə istinad edir. Lakin, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli 1 №li Əlavə saziş cavabdeh və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmamışdır. Bu hal isə ona dəlalət edir ki, həmin kirayə müqaviləsinə qarşılıqlı razılaşma əsasında deyil, bir tərəfli qaydada, "xxxx" ASC-i tərəfindən ləğv edilmişdir. "xxxx" ASC-i tərəfindən birtərəfli qaydada müqavilənin ləğv edilməsi müqavilənin tələblərinə və qanuna zidd olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış Kirayə Müqaviləsi xx.xx.2023-cü il tarixdən sonra da xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Belə ki, tərəflər arasındakı müqavilə 11 ay müddətinə bağlanmış, ilk 5 ayın ödənişi müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən ödənilmiş, mənzil cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Göründüyü kimi müqavilənin şərtlərinə görə cavabdeh müqavilə üzrə üzərinə götürmüş bütün öhdəliklərini tam yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə cavabdehə təhvil verib əvəzində 5 ayın ödənişini qabaqcadan qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini tam icra etmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Əksinə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi pozaraq cavabdehə bu barədə məlumat vermədən, birtərəfli qaydada kirayə müqaviləsinə xitam vermişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi etdiyi xx.xx.2023-cü il tarixli 1 №li Əlavə sazişin heç bir hüquqi qüvvəsi yoxdur. Bu faktı iddiaçı özü də, məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində təsdiq etmişdir. Belə ki, iddiaçı məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində göstərmişdir ki, “Ekspert rəyindən sonra "xxxx" ASC-yə məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquazidd əməllər törədilmiş və "xxxx" ASC-nin hüquqları pozulmuşdur (çünki "xxxx" ASC ilk növbədə həmin sənədə etimad edərək məhkəməyə müraciət etmişdir). Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək "xxxx" ASC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli “Vəsatət” təqdim edilmiş və məhkəmədən e-2(049)-1288/2024 saylı mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi- nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir.” Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə çıxışı mətnində qeyd etmişdir ki, onlar ehtimal edirlər ki, “Vugar Babayev <Elektron ünvan 1>" ünvanından müvafiq elektron məktubu göndərən şəxs “Vüqar A.Babayev” olmuş (mobil nömrəsi ***-***-**-**) və sonucu cavabdehə vasitəçilik (makler) xidmətlərini göstərmiş, sözügedən münasibətlərdə cavabdehin təmsiçisi kimi çıxış etmişdir. Buna görə də, cavabdehin Kirayə Müqaviləsinin xitamından xəbəri olmuşdur. Məhkəmə iddiaçının bu fikiri ilə razılaşmayaraq qeyd edir ki, ilk əvvəl özü də etimal edir ki, Vugar Babayev sözügedən münasibətlərdə cavabdehin təmsiçisi (nümayəndəsi) kimi çıxış etmişdir. Lakin o, bunu təsdiqləyən mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərar qəbul etdiyi zaman ehtimalara deyil, mötəbər, təkzib olunmaz sübutlara əsaslanır. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə çıxışı mətninidə istinad etdiyi digər hallara da qiymət verərək qeyd edir ki, məhkəmə həmin məsələlərlə bağlı cavabdehin nümayəndəsinin məhkəmə çıxışı mətnində göstərdiyi fikirlərlə tam razılaşır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Göründüyü kimi, Vugar Babayevin cavabdehi təmsil etmək üçün zəruri əsas cavabdeh tərəfindən ona verilmiş etbarnamənin olmasıdır. Lakin iddiaçının nümayəndəsi belə bir etibarnaməni məhkəməyə təqdim etməmiş, eləcə də belə bir etibarnamənin mövcud olduğunu sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalı və ekspertiza tədqiqatının dəyəri olan 138 manat iddiaçıya aid edilməklə, ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nəzərə alır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri iddiaçı "xxxx" ASC-nə aid edilsin və ondan 138 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar