Məhkəmə qərarları › İş №e-2(049)-1624/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1624/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1624/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1148.99 manat əsas borc, 689.37 manat cərimə - cəmi 1838.36 manat borc və 38.38 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2024-cü il tarixdə almış, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli LNK04834 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1699.99 manat olan məişət əşyalarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 85 manat ilkin ödəniş edərək hər ay 142 manat, sonuncu ay 137.99 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən tələb etmə hüququ “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə hazırda cavabdehin 1148.99 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 689.37 manat cərimə hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1148.99 manat əsas borc, 689.37 manat cərimə, 38.38 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1699.99 manat olan məişət əşyalarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərindən 85 manat ilkin ödəniş edərək hər ay 142 manat, sonuncu ay 137.99 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən tələb etmə hüququ “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 38.38 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1148.99 manat əsas borc, 689.37 manat cərimə - cəmi 1838.36 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 1838.36 manat borc və 38.38 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan 1148.99 manat əsas borc, 689.37 manat cərimə məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 38.38 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1148.99 manat əsas borc, 689.37 manat cərimə və 38.38 manat dövlət rüsumu - cəmi 1876.74 manat tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar