Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1756/2024 13.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdehdən 22 aprel 2021-ci il tarixli MAS- 3623 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 aprel 2024-cü il tarixə 1295.04 manat gecikdirilmiş əsas, 395.77 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 297.07 manat dəbbə pulu, ümumilikdə 1987.88 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli MAS-3623 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3623 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 22 aprel 2024-cü il tarixə ümumilikdə 1987.88 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı nümayəndəsi “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı mülki iş kommersiya məhkəməsinə aid olduğundan iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11 -ci bəndinə əsasən, MPMin 1 -ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri,) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Hazırki mülki iş üzrə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş “Kommersiya qurumunun dövlət reyestrindən” Çıxarışdan görünür ki, İddiaçı MMC hüquqi şəxs kimi müvafiq qeydiyyata alınmışdır (VÖEN: **********). İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş “vergi ödəyicisi barədə” məlumatdan görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh vergi ödəyicisidir (VÖEN: **********). O, vergi ödəyicisi kimi müvafiq qurumda xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından müəyyən edilir ki, iddia tələbi “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi”nə dair olmasına baxmayaraq iddia tələbini əsaslandıran 22 aprel 2021-ci il tarixli MAS-3623 saylı “Daxili lizinq müqaviləsi” sahibkarlıq subyektləri arasında bağlanmışdır və həmin müqavilədən irəli gələn münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Həmçinin müqavilə bağlanarkən Şahanə Rzyeva vergi ödəyicisi olmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Hazırki mülki işin faktiki hallarından müəyyən edildi ki, iddia tələbi üzrə iddianının əsasını təşkil edən mübahisənin predmeti və hüquq münasibətləri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Şirvan Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1756/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1756/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver