Məhkəmə qərarları › İş №e-2(049)-1765/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1765/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1765/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 21 sentyabr 2019-ci il tarixli K-192-A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi və Ravon R4 minik markalı **-PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və ödənilmiş 177 (yüz yetmiş yeddi) manat dövlət rüsümunun cavabdehdən alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 21 sentryabr 2019-ci il tarixli K-192-A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh “İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyətindən Ravon R4 minik markalı **- PB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini (şassi № XWBJA69V9KA115207) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 28451,29 (iyirmi səkkiz min dörd yüz əlli bir manat iyirmi doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 4350 (dörd min üç yüz əlli) manat pulu ilkin olaraq ödəmişdir. Cavabdeh qalan 24101,29 (iyirmi dödr min yüz bir manat iyirmi doqquz qəpik) manat məbləğində pulun hissə-hissə olmaqla 48 (qırx səkkiz ) ay müddətinə ayda 502 (beş yüz iki) manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2022-cı ilin noyabr ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə həm telefonla eyni zamanda şifahi müraciətlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da avtomobili qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etməmiş nə də avtomobili cəmiyyətə geri qaytarmamışdır. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozmuş və iddiaçı məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 21 sentyabr 2019-ci il tarixli K-19A-PCC-19 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilədən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan 2019-cu il buraxılışlı, “Ravon R4” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi: WBJA69V9KA115207 olan, albalı metallik rəngli avtomobil Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. 21 sentyabr 2019-ci il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış K- 192A-PCC-19 saylı müqaviləsi üzrə Cavabdeh sözügedən avtomaşına dair ödənişləri etmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan «İdeal Motors” MMC-nin tərəfindən tərtib edilmiş K-192A- PCC-19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 02 saylı əlavədən görünür ki, Cavabdeh sözügedən avtomaşının satışı ilə əlaqədar xx.xx.2023-cü il tarixədək hər ay ayda 502 manat, sonuncu ayda isə 507,29 manat ödənişi etmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan «İdeal Motors” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli “Avtomobililin müddətili satışı üzrə” müqaviləyə və müqavilənin 02 saylı əlavəsində nəzərdə tutulmuş ödəniş qrafikinə əsasən cavabdehin iddiaçıya 31 may 2023-cü il tarixində 8216.29 manat məbləğində əsas borc və 1022.82 manat cərimə borcu olmaqla, ümumilikdə 9239.11 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 01 yanvar 2023-cü il tarixli “xəbərdarlıq”dan görünür ki, "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan AD seriyalı 587431 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı MMC-nin mülkiyyətindədir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli K-192A-PPC-19 saylı Avtomobilin Müddətli satışı müqaviləsinə əsasən cavabdeh “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı MMC-dən satın almışdır. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcu ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İş üzrə İddiaçı MMC avtomobili cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh istifadəsindən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış K-192A-PCC-19 saylı xx.xx.2019-cu il tarixli Avtomobilin Müddətli satışı müqaviləsi ləğv edilməlidir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış K-192A-PCC-19 saylı xx.xx.2019-cu il tarixli avtomobilin müddətli satışı müqaviləsi ləğv edilsin. Cavabdeh onun istifadəsində olan “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınaraq İddiaçı MMC-yə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 (yüz yetmiş yeddi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar