Məhkəmə qərarları › İş №e-2(049)-1814/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1814/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1814/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X1, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «alğı-satqı müqaviləsi üzrə borcun tutulması» tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40012145 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 158.49 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış 40012145 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1351.49 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 aymüddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 1351.49 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqısatqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 158.49 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etiraz göndərdiyi üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçınıb nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, OPTİMAL ELEKTRONİKA MMC-dən 40012145 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən 1351.49 manat dəyərində nisyə olaraq soyuducu almış və hər ay ödənişini etmişdir. Sonradan ona məlum olmuşdur ki, guya onun soyuducuya görə 158 manat borcu qalmışdır, halbuki həmin pulu o, OPTİMAL ELEKTRONİKA MMC-yə ödəmişdir və həmin ödəniş onun kartindan çıxarışdan da aşkar görünür. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış 40012145 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1351.49 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 aymüddətində ödəməyi öhdəsinə götürmüş, İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 1351.49 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 193 və 150 manat məbləğlərində pulu 40012145 saylı müqavilə üzrə ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bank kartından çıxarışdan görünür ki, Cavabdeh məxsus “X2”ına xxxx4160 nömrəli hesabdan xx.xx.2022-ci il tarixdə Optimal Electronic MMC-nin xeyrinə 127.47 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.3-cü maddəsinə əsasənmüştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış 40012145 saylı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1351.49 manat dəyərində nisyə soyuducu almış və həmin soyuducunun dəyərini xx.xx.2022-ci il, xx.xx.2022-ci, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tam olaraq ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «alğı-satqı müqaviləsi üzrə borcun tutulması» tələbi barədə iddiası rədd edilsin. İş üzrə 30 AZN məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 AZN xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar