Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1821/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İlkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia təlbi üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi”, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin ləğv edilməsi və mənəvi ziyan” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İlkin iddia tələbi üzrə İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13 iyul 2023-ci il il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1640 manat gecikdirilmiş borcun, 262.40 manat cərimənin və ödənilmiş 39.43 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Cavabdeh iddia tələbinə etiraz vermiş, onun etirazı əsasında işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh etiraz ərizəsində ona qarşı olan iddia tələbi ilə razı olmadığını qeyd etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İlkin iddia tələbi üzrə iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 iyul 2023-ci il tarixdə İKtech markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1640 manat, cərimə üzrə 262.40 manat borcu vardır. Müqavilənin 2.4-cü maddəsinə əsasən ödənişin gecikməsinə görə borclu hər gecikdirilən gün üçün penya ödəyəcəkdir Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kazımoff Group MMC ilə onun arasında 23 fevral 2023-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Kazımoff Group MMC-yə ödənilmiş 50 manat ilkin ödənişin ona geri qaytarılması, ona dəymiş mənəvi ziyana görə 3.000 (üç min) manat mənəvi ziyanın və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun Kazımoff Group MMC-dən alınaraq ona verlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Kazımoff Group MMC ilə onun arasında 23 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, Kazımoff Group MMC-yə ödənilmiş 50 manat ilkin ödənişin ona geri qaytarılması və ona dəymiş mənəvi ziyana görə 3.000 (üç min) manat mənəvi ziyanın və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun Kazımoff Group MMC-dən alınaraq ona verlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Eknur Rüstəmov, 23 fevral 2023-cü il tarixdə saat 19 radələrində evdə olduğu zaman bir neçə xanım evinə gələrək su fıltirləri quraşdırdıqlarını qeyd etmişlər. Həmin şəxslərlə uzun danışıqdan sonra evində su filtrinin quraşdırılmasına razılıq vermişdir. Həmin şəxslər ona demişlər ki, su filtirini təmir etmək onların üzərindədir. Həmin şəxslər ona demişlər ki, 2 il müddət ərzində filtr xarab olarsa və ya tutularsa şirkət onu öz hesabına təmir edəcəkdir. O, da buna görə onlarla razılaşmışdır. Elə həmin gün su fıltrini quraşdıraraq getmişlər. Belə ki, şirkətin əməkdaşları ilə birlikdə onlar 8 nəfər olmuşlar. Onlar su fıltrini işə saldqdan sonra çıxıb getmişlər. O, şirkətin hesabına həmin vaxt 50 manat məbləğində ödəniş də etmişdir. Onlar sabahısı gün, yəni 24 fevral 2023-cü il tarixdə evdə sudan istifadə edərkən halları pis olmuşdur. Ona bu barədə dedikdə o, dərhal arvadına sudan istifadə etməməsini demiş və özü evə gəldikdən sonra suya baxmış və su çox üfunət iyi verirmiş. O, dərhal Kazımoff GROUP MMC-yə zəng edərək su fıltirinin işləmədiyini demişdir. Ona demişlər ki, narahat olmasın, şirkətdən gəlib baxış keçirərlər. O, bundan sonra şirkətin işçilərini gözləmişdir. Lakin bir neçə gündən sonra şirkətdən heç kimin gəlmədiyini görüb yenidən zəng etmiş və onlara gəlmələrini demişdir. Şirkət işçiləri isə ona narahat olmamağını, gəlib baxış keçirəcəklərini demişlər. Bu minvalla 40 gündən sonra Şirkət ona zəng edərək bildirmişdir ki, su fıltrini qaytara bilmirlər və gərək 500 manat pulu qaytarmalıdır ki, onlar su fıltrini dəyişdirsinlər. O, da bununla razılaşmayaraq onlara demişdir ki, axı o, dərhal onlara zəng edərək su filtrinin işləmədiyini demişdir. Onlar isə onu 40 gündür ki, bugün sabaha salırmışlar. Lakin buna baxmayaraq Şirkət əməkdaşları ondan aylıq ödənişini tələb etmişlər. O, isə onlara demişdir ki, onun su filtrini dəyişməli idilər və öz öhdəliklərini yerinə yetirmədikləri üçün o, da ödəniş etməyəcəkdir. Bütün bu danışıqları (həm su fıltrini quraşdırdıqları günün sabahsı günü etdiyi danışıq və həmçinin də ondan sonrakı danışıqları Şirkət tərəfindən qeydə alınmışdır. Lakin buna baxmayaraq Şirkət öz öhdəliyini icra etməmişdir. Belə ki, Kazımoff Group MMC ilə onun arasında 23 fevral 2023-cü il tarixdə bağlanmış zəmanət şərtləri barədə müqavilənin 5-ci hissəsində göstərilmişdir ki, zəmanət müddəti malın təmir vaxtı hesabına uzadıla bilər. Təmirin maksimum müddəti 30 gündür. Həmin müddətin başlanğıcı alıcının satıcıya rəsmi bildirişi aldığı tarixdən başlayır. O, da şirkətə rəsmi qaydada 24 fevral 2023-cü il tarixdə məlumat verərək malın xarab olduğunu demişdir. Lakin buna baxmayaraq şirkət əməkdaşları qəsdən filtri dəyişməmişlər. Bununla da ona ümumiyyətlə keyfiyyətsiz mal vermişlər. Qanuna görə o, keyfiyyətsiz malın 14 gün ərzində dəyişdirilməsini və ya da qaytarılmasını tələb edə bilər. Bundan əlavə zəmanət müqaviləsində olan bəndlərin içərisində o, müştərinin məmnuniyyəti hissəsinin müştərinin məhsuldan və xidmətdən razı qaldımı sözünün qarşısında bəli yazmamışdır. Yəni o, hələ məhsuldan razı qalacağımı bilmədiyi üçün bəli yazmamışdır. Halbuki, məhsulun dəyərindən razılığın qarşısında bəli sözünü yazmışdır. Bundan əlavə filtirlərin qiymətindən və dəyişdirilmə şərtlərindən də razı qaldımı sözünün qarşısında bəli yazmışdır. Onun həyətinmə gəlib filtri quraşdıranlar və onunla müqavilə bağlayanlar şirkətin rəsmi işçiləri olmamışlar. O, şirkətlə danışdıqda ona demişlər ki, müqaviləni onunla bağlayanların əmək müqaviləsi olmamışdır və onlar işdən çıxarılmışlar. Bundan əlavə alqı-satqı müqaviləsinin 2.2-ci maddəsində qeyd edilib ki, təhvil-təslim aktı imzalanmışdırsa malın zahirən görünən qüsuru ilə bağlı pretenziya qəbul edilmir. Müqavilənin bu şərti də qanunun tələbinə görə onu əlverişsiz vəziyyətə salan şərtdir. Bundan əlavə alqı-satqı müqaviləsində və satıcının hüquq və vəzifələri hissəsində satıcının lazımi keyfiyyətdə malı alıcıya təhvil verməli olduğu, lazımi keyfiyyətdə mal vermədikdə hansı vəzifələr daşıması qeyd edilməmişdir. Bununla da satıcı qanunun ziddinə alqı-satqı müqaviləsi tərtib etmişdir. Satıcının vəzifələri hissəsində olan 3.2-ci bəndində yalnız satıcının hansı çeşiddə və müəyyənləşdirilən miqdarda mal verməsi vəzifəsini daşıdığı qeyd edilmişdir. Göründüyü kimi satıcı ona lazımlı keyfiyyətdə mal verməyə borclu idi. O, malın keyfiyyətsiz olduğunu sabahısı günü bilmiş və dərhal da şirkətə zəng edərək bu barədə məlumat vermişdir. Məlumat verməyi isə şirkətdə telefon danışıqlarının qeydə alınması ilə öz təsdiqini tapacaqdır. Lakin buna baxmayaraq şirkət malı dəyişməmiş və ona lazımlı keyfiyyətdə mal verməmişdir. Həmin müqavilə onun hüquqlarını pozmaqla bağlandığı üçün və lazımi keyfiyyətdə malın verilməsi vəzaifəsinin müqavilədə yazılmadığı üçün həmin əqd etibarsız əqd sayılmalıdır. Bundan əlavə onun arvadı və uşaqları həmin suyu içərək zəhərlənmişlər. O, bununla qorxu və həyacana düşmüşdür və əsəbləri pozulmuşdur. Çoxlu dərmanlar almışdır. Bununla da ona mənəvi ziyan dəymişdir. Qarşılıqlı iddiasının əsasını isə alqı-satqı müqaviləsi, zəmanət müqaviləsi, dövlət rüsumu barədə qəbz və Baş Prokurorluğa yazdığı müraciətlər təşkil edir. Məhkəmə baxışında ilkin iddia tələbi üzrə Cavabdeh ona qarşı iəli sürülmüş iddia tələbini qəbul etməyərək və qarşılıqlı iddia tələbini müdafiə edərək, məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd edilən su filtri alındığı gündən yalnız bir dəfə istifadə edilmiş, sonradan onun nasaz olduğunu görərək istifadə etməmiş, öz qutusuna yığaraq evində saxlamış, İddiaçı MMC tərəfindən rəsmi şəxs ona müraciət etmədiyindən həmin əşyanı onlara təqdim etməmişdir. Həmin mal zədələnməmişdir və onda saxlanılır. Odur ki, ilkin iddia tələbi üzrə iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 23 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən, müqaviləyə əlavə olunan təhvil-təslim aktından və cədvəldən görünür ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən 1690 manat məbləğində dəyərləndirilmiş su təmizləyici qurğu iddiaçı tərəfindən cavabdehə satılmaqla təhvil verilərək sonuncunun evində quraşdırılmışdır. Cavabdeh aldığı əmlakın dəyərindən 50 manat ilkin ödəniş etməklə, qalan məbləği hər ay 68 manat, sonuncu ay isə 76 manat olmaqla 24 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.6-cı maddəsində qeyd edilmişdir ki, alıcı malları qəbul edərkən təhvil aktını imzalamaqla, təhvil aldığı malların keyfiyyətli, bu müqavillənin şərtlərinə uyğun, yeni (əvvəllər istifadə olunmamış) və qablaşdırılmış formada olmasını, satıcı tərəfindən istismar təlimatı və ya texniki pasportunda göstərilmiş komplektlilikdə təhvil verildiyini təsdiq edir. Həmin müqavilənin 4.6-cı maddəsində qeyd edilmişdir ki, malın satıcısı alıcı tərəfindən malın dəyəri tam ödənilənədək mala mülkiyyət hüququnu özündə saxlayır. Alıcı ödənişləri vaxtında həyata keçirməzsə, gecikdirərsə, satıcı malı geri götürmə və mala dəymiş zərəri tələb etmə hüququna malikdir. Mal alıcı tərəfindən geri götürüldükdə, alıcı əvvəlki ödənilmiş ödənişləri satıcıdan geri tələb edə bilməz. Həmin müqavilənin 5-ci maddəsində qeyd edilmişdir ki, satıcı təhvil verdiyi malların keyfiyyəti va fasiləsiz istismarı üçün, yalnız alıcıya veriləcək zəmanət talonundakı şərtlər əsasında zəmanət verir (5.1); Alıcı bu müqaviləni imzaladıqdan va müvafıq zəmanət talonu ilə tanış olduqdan sonra gələcəkdə zəmanət şərtləri ilə bağlı satıcıya heç bir pretenziya irəli sürməyəcəyini bəyan edir (5.2); Mal alıcının səhlənkarlığı ucbatından nasaz olarsa va ya sıradan çıxarsa, zəmanət etibarsız hesab edilir va malın geri qaytarılması yolverilməzdir (5.3); Satıcı qüsurlu mal satarkən alıcı qarşısında "lstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində (Qüsuru olan mal satılarkən istehlakçının hüquqları) nəzərdə tutulan məsuliyyəti daşıdığını bəyan edir (5.4); Mal o zaman qüsurlu formada satılmış hesab olunur ki, alıcı malı qəbul edərkən onda qüsurlar aşkar etmiş va bu barədə satıcıya yazılı məlumat vermişdir. Belə bir məlumat olmadıqda qəbul edilmiş mal qüsurlu hesab edilmir (5.5); Alıcı təyin edilmiş vaxt ərzində ödənişləri 5 gün ərzində hayata keçirməzsə (bu hal 3 dəfə təkrarlanarsa) satıcı tərəfındən verilmiş 5 il zəmanət etibarsız sayılır. İş materiallarına əlavə edilmiş, tərəflər arasında tərtib edilərək imzalanmış “Zəmanət şərtləri”ndə qeyd edilmişdir ki, zəmanətin müddəti malın təhvil verilmə tarixindən başlayır və fiziki şəxslərə 5 ildən, hüquqi şəxslərə isə 3 ildən ibarətdir. Zəmanət şərtlərinin 6 və 7-ci bəndlərində göstərilənlər istisna olmaqla, malın komplektinə aid olan bütün hissələri zəmanətə daxildir və həmin hissələrə çəkilməli xərc və onun təmir şərtləri satıcının hesabına edilir. Zəmanət müddəti malın təmir vaxtı hesabına uzadıla bilər. Təmirin maksimum müddəti 30 gündür. Həmin müddətin başlanğıcı alıcının satıcıya rəsmi bildirişi tarixindən başlayır. Mal və onun hissələri “Malın istismar qaydaları haqqında” təlimata uyğun olaraq istifadə olunmadıqda sıradan çıxarsa, tələb olunan xərc və onun təmiri alıcının hesabına edilir. Zəmanət qaydaları o halda etibarlıdır ki, mal yalnız satıcı tərəfindən quraşdırılsın və zəmanət müddəti ərzində mala edilən xidmət və təmir işləri (filtrlərin dəyişilməsi və s.) vaxtlı-vaxtında və yalnız satıcı tərəfindən edilsin. Membran, sediment, karbon filtr, kokonat, mineral filtr, aktiv karbon və sensor zəmanətə daxil deyildir. filtrlərin dəyişilməsi də zəmanətə daxil deyildir və alıcının hesabına edilir. filtrlərin dəyişdirilməsi vaxtı və tələb olunan məbləğlər: önləyici filtr (6 aydan bir) 60 manat; mineral filtr (12 aydan bir) 30 manat; kokos filtr (12 aydan bir) 30 manat; menbran filtr (2 ildən bir) 90 manat miqdarındadır. filtrlərin dəyişilmə müddəti 30 gündən artıq müddət ərzində alıcı tərəfindən gecikdirilərsə, malın zəmanəti etibarsız sayılır. Alıcı həmin “Zəmanət şərtləri”ndə “ filtrlərin dəyişilməsinin ödənişli olduğunu bilib razılıq verirəm” qeydini yazaraq “Zəmanət şərtləri”ni imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1540 manat gecikdirilmiş əsas borc və 262,40 manat cərimə - cəmi 1902,40 manat borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışda cavabdehin xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1540 manat gecikdirilmiş əsas borcu və 262.40 manat cərimə - cəmi 1690 manat borcu qaldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 38,43 manat dövlət rüsumu ödəmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar mübahisə predmetinə aid olan əşyanın satıcı tərəfindən alıcıya hansı vəziyyətdə təhvil verildiyini, həmin əşyanın hazırda hansı vəziyyətdə olduğunu, istifadəyə yararlı olub-olmadığını, nasazlıq aşkar olunduğu halda, həmin nasazlığın hansı şəraitdə və kimin təqsiri üzündən yarandığını müəyyən etmək məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən verilən məlumatda qeyd edilmişdir ki, mərkəzin mühəndis-texniki ekspertizalar şöbəsində xüsusi təyinatlı avadanlıq və cihazlar, o cümlədən, su təmizləyici sistemlər üzrə ekspert yoxdur. Ona görə də məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün deyildir. Eyni zamanda, işə iddia icraatı qaydasında baxılarkən iddiaçıya göndərilmiş məhkəmə bildirişlərində qeyd edilmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallarla iddia ərizəsinə əlavə edilmiş sənədlərdə anlaşılmazlıq və uyğunsuzluqlar vardır. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, yekun qərar qəbul edilməsi üçün mübahisə predmetinə aid olan əşyanın satıcı tərəfindən alıcıya hansı vəziyyətdə təhvil verildiyi, həmin əşyanın hazırda hansı vəziyyətdə olduğu, istifadəyə yararlı olubolmadığı, nasazlıq aşkar olunduğu halda, həmin nasazlığın hansı şəraitdə və kimin təqsiri üzündən yarandığı və sair suallarla bağlı dəqiqləşdirmə aparılmasına zərurət vardır. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə baxış iclasında iştirakını zəruri hesab edir. Bundan əlavə, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla yekun qərar qəbul edilməsi üçün mübahisə predmetinə aid olan əşyanın istismar təlimatının və həmin əşyaya dair texniki pasportun məhkəməyə təqdim edilməsi zərurəti yaranmışdır. İddiaçının səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirak etməsi və iddia tələblərinin əsası kimi istinad edilən halların sübut edilməsi, həmçinin, mübahisə predmetinə aid olan əşyanın istismar təlimatının və həmin əşyanın texniki pasportunun məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxışı iclası dəfələrlə təxirə salınmışdır. Əlavə sübutlar təqdim edilməyəcəyi təqdirdə, işə yalnız işdə mövcud olan sübutlar əsasında baxılaraq yekun qərar qəbul ediləcəyi iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə iddiaçının bütün sübutları məhkəməyə təqdim etdiyi, iddia tələbini müdafiə etdiyi bildirərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Bundan sonra məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını qərara almışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehdən 1540 manat gecikdirilmiş əsas borc, 262.40 manat cərimə və 39.43 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş sənədlərə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və iddia tələbinə etirazının əsasları olaraq ona nisyə satılmış avadanlığın öz funksiyasını yerinə yetirmədiyini, həmin qurğudan normal şəkildə istifadə edə bilmədiyini, bu barədə iddiaçı təşkilatın əməkdaşlarına məlumat verərək həmin əşyanı təmir etmələrini və ya geri təhvil almalarını dəfələrlə desə də, heç bir nəticəsi olmadığını qeyd edir. İlkin iddia tələbi üzrə cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət edərək, ilkin iddia tələbi üzrə iddiaçı ilə arasında bağladığı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini, həmin müqaviləyə əsasən ödədiyi 50 manat vəsaiti, mənəvi ziyana dair 3.000 manat vəsaiti və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 55 manat vəsaiti qarşı tərəfdən tələb edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ilkin iddia tələbi üzrə cavabdehin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ilkin iddia tələbi üzrə iddiaçı dəyəri 1690 manat müəyyən edilmiş “İKtech” markalı su təmizləyici sistemi cavabdehə təhvil verməyi, qarantiya müddəti ərzində həmin əşyanın yararlı vəziyyətdə təyinatına uyğun istifadəsinə zəmanət verməyi, cavabdeh isə həmin əşyanı qəbul edib aldığı əşyanın dəyərindən 55 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 68 manat, sonuncu ay isə 76 manat olmaqla 24 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra “İKtech” markalı su təmizləyici sistem cavabdehə təhvil verilmişdir. Tərəflər arasında müqavilənin tərkib hissəsi kimi “Zəmanət şərtləri” tərtib edilərək imzalanmışdır. İşin məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki hallarından görünür ki, su təmizləyici qurğusu Cavabdeh təhvil verildikdən sonra o, həmin qurğunun nasaz olduğunu hesab edərək, həmin su filtrinin işləməməsi barədə İddiaçı MMC-yə məlumat vermişdir. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim edilərək, iş materiallarına əlavə edilmiş Lənkəran rayonu, Cild kəndi sakini Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna, Lənkəran rayon prokuroruna və İddiaçı MMC-yə ünvanlanmış ərzənin surətindən görünür ki, həmin ərizədə Cavabdeh 23 fevral 2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi əsasında ona satılaraq təhvil verilmiş su filtrinin işləməməsi barədə 24 fevral 2023-cü il tarixdə İddiaçı MMC-yə məxsus olan +99***-***-**-** mobil nömrəsinə məlumat verməsinə baxmayaraq, onlar tərəfindən bununla əlaqədar heç bir tədbir görülməməsi barədə bildirməklə şikayət etmişdir. Qeyd edilən ərizənin imzalandığı tarix kimi “xx.xx.2023-cü il” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, Cavabdeh tərəfindən göndərilmiş poçt göndərişləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna xx.xx.2023-cü il tarixdə, Lənkəran rayon prokuroruna xx.xx.2023-cü il tarixdə və İddiaçı MMC-yə Bakı şəhəri, Hidayətzadə küçəsi 7 ünvanı üzrə xx.xx.2023cü il tarixdə çatdırılmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqısatqı müqaviləsində də MMC-nin ünvanı ünvan 2ş Cavabdeh ünvanlanmış Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, həmin məktublarla Cavabdeh münasibətinə münasibət bildirilmişdir. Belə ki, işin faktiki hallarından müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən aldığı su filtrinin işləməməsi barədə həmin malın zəmanət müddəti ərzində satıcıya məlumat versə də satıcı tərəfindən bu barədə hərhansı tədbir görülməmişdir. Bunun əksi İddiaçı MMC tərəfindən təkzib edilməmiş, qarşılıqlı iddia tələbinə münasibət bilidirilməmiş və Cavabdeh qeyd etdiklərinə qarşı etiraz və sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 420.1 və 420.1.1-ci maddələrinə əsasən təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. 506.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.2, 587.2.1 və 587.2.2-ci maddələrinin məzmununa əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 584.2 maddəsinə əsasən, satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. 589.3 maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.4 maddəsinə əsasən, alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.6 maddəsinə əsasən, yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7 maddəsinə əsasən, Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 587.4 maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5 maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 157.2 maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə, Mülki Məcəllənin 587-ci maddəsinin məzmununa istinad etməklə qeyd edir ki, alıcının ona satılmış, lazımi keyfiyyəti olmayan əşyaya görə, istər nisyə alqı-satqı müqaviləsinə, istərsə də nağd (birdəfəlik ödənilən) müqavilələrə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş tələbləri satıcıya qarşı irəli sürmək hüququ vardır. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə tərəflərin tələb irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunu qanunvericiliyin imperativ normalarının tələblərinə zidd olmamalıdır. Qanunvericiliyə görə hər bir tərəf öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Tərəflər öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırki iş üzrə isə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, tərəflər müqavilə şərtlərini qəbul edərək onu imzalamışlar. Həmin müqavilədə şərtlərdən biri kimi alıcının (yəni hazırki iş üzrə cavabdehin) təyin edilmiş vaxt ərzində ödənişləri 5 gün ərzində hayata keçirmədiyi halda (bu hal 3 dəfə təkrarlanarsa) satıcı (yəni hazırki iş üzrə iddiaçı) tərəfındən verilmiş 5 il zəmanətin etibarsız sayıldığı qeyd edilmişdir. Həmin müqaviləyə görə satıcı tərəfındən verilmiş zəmanətin etibarlılığı alıcı tərəfindən ödənişlərin gecikdirilməsi ilə şərtləndirilməklə, alıcının qarşısında əsassız və qeyri-adekvat zəmanət şərti qoyulmuşdur. Əşya alıcıya təhvil verildiyi andan sonra aşkar edilmiş qüsurlara görə satıcının məsuliyyət daşımadığı barədə müddəa isə 5 illik zəmanət müddətini əhəmiyyətsiz etmişdir. Cavabdeh müqaviləni imzalamaqla, zahirən həmin şərti də qəbul etmiş sayılsa da, belə bir şərt müqavilələrin qanunvericilikdə nəzərdə tutulmuş imperativ normalarına zidd olduğundan tərəflər arasında bağlanmış müqavilənin qanunauyğun şərti hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, alıcının nisyə olaraq aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyi olduğu kimi, satıcının da həmin əşyanı alıcıya təhvil verməklə yanaşı, qeyd olunan əşyanın qarantiya müddəti ərzində öz təyinatına uyğun istifadəyə yararlı vəziyyətdə olmasını təmin etmək üçün, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində, davam edən öhdəliyi olmuşdur. İlkin iddia tələbi üzrə iddiaçı cavabdehin məhkəmə iclasında qeyd etdiyi, su təmizləyici qurğunun təyinatına uyğun istifadəsi üçün əşyanın keyfiyyətində yaranan qüsurların qarantiya müddəti ərzində yaranmış olduğu barədə dəlillərini təkzib etmək üçün qarantiya müddəti müəyyən edilmiş əşyalara görə satıcının məsuliyyətini aradan qaldıra biləcək, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə istinad etməklə həmin müqavilədə nəzərdə tutulan su təmizləyici qurğu üçün ödənilməmiş qalan məbləği cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Eyni zamanda ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlandığı müəyyən edilsə də iddia ərizəsinin məzmununda həmin müqavilənin xx.xx.2023-cü il tarixdə bağlandığı qeyd edilmişdir. Məhkəmə tərəflərin dəlillərinə məhkəmədə tədqiq olunmuş sübutlarla əlaqəli şəkildə və məcmu halında qiymət verərək, həmin dəlilləri müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun təhlil edərək qərara gəlir ki, ilkin iddia tələbi üzrə iddiaçının hazırki iddia tələbinin cavabdehdən xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1540 manat gecikdirilmiş əsas borc tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin əsaslarla və qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin gecikdirilmiş əsas borc məbləğinə dair hissəsinin təmin edilməməsi nəzərə alınmaqla, iddia tələbinin xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehdən 262.40 manat cərimə tutulmasına dair hissəsi də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsində qeyd edilən öhdəliklərin icrası əhəmiyyətli dərəcədə pozulduğuna görə tərəflər arasında bağlanmış 23 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Həmin müqavilə pozulmuş hesab edildiyindən müqavilənin şərtlərinə əsasən, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq ödənilmiş 50 manat pul vəsaiti İddiaçı MMCdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbində İddiaçı MMC-dən 3.000 manat mənəvi ziyan tələb etməsinə baxmayaraq ona cavabdeh tərəfindən həmin məbləğdə ziyanın vurulması ilə əlaqədar məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəbdən də “mənəvi ziyan tələbi” hissəsində də iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin əsaslarla və qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi üzrə iddia təmin edilmədiyindən həmin tələb üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 38,43 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia tələbi “mənəvi ziyan tələbi” hissəsində təmin edilmədiyindən həmin tələb üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1640 manat gecikdirilmiş əsas borc, 262.40 manat cərimə məbləği tələbinə dair iddiası təmin edilmsəsin. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 38,43 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqısatqı müqaviləsi ləğv edilmiş hesab edilsin. 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 55 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1821/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1821/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver