Məhkəmə qərarları › İş №e-2(049)-2011/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2011/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2011/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Xalq Sığorta” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2769 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmnin hesabına ödənilən 48 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 09:20 radələrində Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2107” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ orqanının əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki,“Mercedes Benz” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2769 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrəPXA 124672/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 2769 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi-bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalananları nəzərə alaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2769 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 48 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinin qərarını təqdim edərək bildirdi ki, baş vermiş avtoqəzaya görə həmin qərar əsasında İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati qaydada cərimə olunmuş və bununla da hər şeyin bitdiyini düşünmüşdür. Lakin həmin vaxt digər məhkəmə qərarı ilə sürücülük hüququnun məhdudladırılması barədə məlumatı olmamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ünvanladıqları ərizədə məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, işə onların iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, onun tərəfindən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: İş materiallarında olan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsulliyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 məxsus “Vaz 21070” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bayramov X1 Faiq Şahverdi oğlunun idarə etdiyi “Mersedes E220 CDİ” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1998-ci il olan, Sedan tipli, ** RO *** dövlət qeydiyyat nişanlı Vaz 21070 minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh2 mülkiyyətində olan Vaz 21070 minik markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 3 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Sabunçu DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Sabunçu Rayon Məhkəməsinin 3(008)-6786/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Avtomobillərin Texniki Xidmət Mərkəzinin rəhbəri X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Qüsur aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində Faiq adlı şəxsə məxsus “Mersedes Bens E220 CDİ” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri 1579 manat və işçilik qiyməti 1190 manat olmaqla ümumilikdə 2769 manat manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Vaz 2107” markalı, ** RO *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş PXA124672 saylı Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:20-də Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində Cavabdeh1 idarə etdiyi “Vaz 2107” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil, “Mersedes Bens” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər üçün ödənilən məbləğ 2769 manat və məbləği alan X3r. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarxli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X4 ödənilmiş 2769 manat sığorta məbləğinin 7 iş günü ərzində Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ödənilməsi təklif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 13 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət etməkdən ötrü "xxxx" ASC tərəfindən 48 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, cavabdehin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmalarının nəticəsi olaraq müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 09:20-də Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2107” markalı, ** RO *** dövlət nömrə nişanlı sığortalanmış avtomobil, X4 məxsus “Mersedes Bens” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mersedes Bens” markalı, ** CJ *** dövlət nömrə nişanlı avtomobilə 2769 manat məbləğində zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh1 barəsində Sabunçu DYPŞ-nin polis leytenantı X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuş və protokola əsasən Sabunçu Rayon Məhkəməsinin 3(008)-6786/2022 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə olunmuşdur. Cavabdeh1 idarə etdiyi avtomobil "xxxx" ASC-də sığortalanmış olduğundan, "xxxx" ASC tərəfindən PXA 124672 saylı sığorta aktına əsasən 2769 manat sığorta məbləği "xxxx" ASC tərəfindən X4 ödənilmişdir. Həmin sığorta ödənişi həyata keçirildikdən sonra yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh1 həmin məbləği "xxxx" ASC-yə ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhəkəmə hesab edir ki, Cavabdeh1 Sabunçu RPİ-də və məhkəmədə verdiyi izahatlarında qeyd etdiyi kimi, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sürücülük hüququ məhkəmə tərəfindən məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etmiş və buna görə də iddiaçının həm ona, həm də qəza törədilən avtomobilin mülkiyyətçisi - Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. İş materiallarına əlavə olunmuş etibarnamədən görünür ki, hadisə vaxtı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh1 qanuni sahibliyində olmuşdur. İcbari sığortalar haqqında qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin maddənin tələbindən aydın olur ki, subroqasiya hüququnun sığortalıya və ya sığorta olunana qarşı yaranması üçün iki hal mövcud olmalıdır: 1.Sığortalı əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməlidir. 2.Sığortalı şəxs bu barədə məlumatlı və ya məlumatlı olmağa borclu olmalıdır. İşin hallarından göründüyü kimi, "VAZ 21070" markalı, 4** RO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni əsasla (etibarnamə) sahiblik edən Cavabdeh1 həmçinin, sığorta müqaviləsinin tərəfidir. Beləliklə, sığorta münasibətində sığortalı kimi iştirak edən Cavabdeh2 nəqliyyat vasitəsinin sığortalı olduğunu bilə-bilə onu həmin vaxt sürücülük hüququ məhkəmə tərəfindən məhdudlaşdırılan və dolayısı ilə nəqliyyat vasitəsini idarə etməyi bilməyən birinə idarə etməsi üçün etibarnamə vermişdir. Ona görə də subroqasiya qaydasında iddia tələbi məhz Cavabdeh2 qarşı da yaranmalıdır. "xxxx" ASC ilə sığorta ödənişi almış X6 arasında sığorta ödənişi həyata keçirilənədək hər hansı bir öhdəlik münasibəti olmamışdır. Cavabdeh1 Balxan oğlu ilə Cavabdeh2 arasında mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2769 manat alınıb iddiaçı təşkilat "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumu cavabdehlərə aid edilməklə, onlardan alınıb iddiaçıya verilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏ: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada zərərə görə ödənilmiş 2769 manat və dövlət rüsumu kimi ödənilmiş 48 manat, cəmi 2817 (iki min səkkiz yüz on yeddi) manat alınıb iddiaçı "xxxx" ASC-yə köçürülməlidir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar