Məhkəmə qərarları › İş №e-2(049)-2333/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2333/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2333/2025 11.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, iddiaçı Xalq Sığorta ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xalq Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 “subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbinə” dair mülki işə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 4200 manat zərər məbləğinin və ödənilmiş 62.0 manat dövlət rüsumunun cavabdehlərdən müştrərək qaydada tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il, saat 13:40-da Lənkəran- Lerik yolunun 30-cu km-də Cavabdeh1 məxsus, Xalq Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Lada 21214 Urban minik” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz E220 CDİ” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 332.4-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, Mercedes Benz E 220 CDİ markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin məbləği 4200,00 (dörd min iki yüz) manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına loto sistemi vasitəsi ilə sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktları tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 4200,00 (dörd min iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini göstərməmişlər. Cavabdeh2 iddia tələbinə etiraz verərək avtomobilin mülkiyyətçinin iradəsinə zidd olmadan tərəfindən idarə edildiyini, buna görə də tələbi qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun çıxış edərək idarə etdiyi Lada 21214 Urban minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olmadan onun istifadəsinə verildiyini və onun tərəfindən idarə edildiyini bildirdi. Qeyd etdiyi halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməyən iddiaçının ona qarşı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin tutulmasını tələb etməsini əsasız sayır. Əlavə olaraq bildirdi ki, həmin avtomobil müliyyətçisi Mirhəmid tərəfindən Nümayəndə2 satılmış, özü isə o avtomobili İsmayıldan almışdır. Hadisə törədən zaman avtomobili etibarnaməsiz idarə etdiyinə görə YPX tərəfindən ona protokol yazılmışdır. O, həmin vaxtı dəymiş ziyanı yerində ödmək istəsə də, ona ziyanın sığorta şirkəti tərəfindən qarşılanacağı bildirilmişdir. Hadisədən 2 il sonra sığorta şirkətinin ona qarşı iddia qaldırması ilə razılaşmır və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan sığorta şəhadətnaməsinin görünür ki, Cavabdeh1 ilə xx.xx.2022-ci tarixdə PXA********** saylı icbari sığorta müqaviləsi bağlanmış, həmin müqavilə ilə Lada 21214 Urban Legend makalı ** HA *** dövlət nömrə nişanlı avtomobil üşüncü şəxslərin əmlakına dəyən zərərə görə 5000 manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərər, bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Lada 21214 Urban Legend makalı ** HA *** dövlət qeydiyyat nişanlı avotmobili qəza törədərək, X4 idarə etdiyi Mersedes benz E220CDİ minik markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə baş verən zaman avtomobilin mülkiyyətçisi Cavabdeh1, sürücü isə Cavabdeh2 olmuşdur. İş materiallarında olan Lerik rayon YPX-nin baş inspektoru Zaur Qurbanov tərəfindən qəbul olunmuş İnzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixlində saat 12:13-də Lənkəran-Lerik yolunun 30-cu km ərazisində Lada 21214 Urban Legend makalı ** HA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən İXM-nin 332.1, 332.4 və 327.2-ci maddələrinə nəzərdə tutlan inzibati xətaları törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Sənaye Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli yekun qiymətləndirilmə aktından görünür ki, ödənişçi tərəfindən ödəniləcək məbləğ 4200 manat müəyyən edilmişdir. İş materiallarında olan ZBTS-1257/23 nömrəli ödəniş aktından görünür ki, zərər dəymiş avtomobil üçün 4200 manat məbləğində sığorta ödənişi X4 hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət etməkdən ötrü "xxxx" ASC tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. İ şamteriallarına əlavə edilmiş X2 izahtından görünür ki, VAZ 21214 Urban makalı ** HA *** dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında məxsusdur. xx.xx.2023-cü il raruxdə avtomobili Relax istirahət mərkəzinin ərazisində qoyub Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 həmin avtomobili onun xəbəri olmadan götürüb idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, cavabdehin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, məhkəmə araşdırmalarının nəticəsi olaraq müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə, saat 13:40-da Lənkəran-Lerik yolunun 30-cu km ərazisində mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, etibarnamə əsasında X3 verilmiş Xalq Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Lada 21214 Urban minik” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh2, X5 məxsus "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz E220 CDİ” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz E220 CDİ” markalı, **-HC-*** dövlət nömrə nişanlı avtomobilə 4200 manat məbləğində zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh2 barəsində Lerik RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Zaur Qurbanov tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1, 332.4 və 327.2-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli, AP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuş və protokola əsasən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə olunmuşdur. Cavabdeh2 idarə etdiyi avtomobil "xxxx" ASC-də sığortalanmış olduğundan, "xxxx" ASC tərəfindən ZBTS-1257/23 saylı sığorta aktına əsasən 4200 manat sığorta məbləği "xxxx" ASC tərəfindən X5 ödənilmişdir. Həmin sığorta ödənişi həyata keçirildikdən sonra yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh2 həmin məbləği "xxxx" ASC-yə ödəməmişdir. İcbari sığortalar haqqında qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhəkəmə hesab edir ki, Cavabdeh2 Lerik RPİ-də və məhkəmədə verdiyi izahatlarında qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və buna görə də iddiaçının ona qarşı subroqasiya hüquqları yaranmışdır. Məhkəmə digər Cavabdeh1 qarşı iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından görünür ki, “Lada 21214 Urban minik” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi həqiqətən də Cavabdeh1 olmuşdur. Lakin həmin avtomobil etibarnamə əsasında X1. Bu hal iş materialları və Miryusif Əsgərovun izahatı ilə tam təsdiq olunur. Hazırki cavabdeh Mirhəmid Nərimalı qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə avtomobili Miryusif Əsgərova vermişdir. Bundan sonrakı dövrdə qeyd edilən avtomobilin kim və ya kimlər tərəfindən başqa şəxslərə, konkret halda Cavabdeh2 qanuni və ya qanunsuz verilməsindən xəbəri olmamışdır. Belə olan halda hazırki iddia tələbi üzrə Cavabdeh1a qarşı iddianın təmin edilməsi qanuni və əsaslı deyildir. Əks yanaşma həm MM 1108.1-ci maddəsinin tələblərinə, həm də nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalara zidd olardı. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh2 4200 manat alınıb iddiaçı təşkilat "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu cavabdehə aid edilməklə, onlardan alınıb iddiaçıya verilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏ: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 zərərə görə ödənilmiş 4200 manat və dövlət rüsumu kimi ödənilmiş 62 manat, cəmi 4262 (dörd min iki yüz altımış iki) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar