Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2390/2025 18.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 509.99 manat əsas borc məbləği, həmçinin, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Cavabdeh bildirişi, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətlərini aldıqdan sonra iddiaçının tələbinə dair etiraz ərizəsini məhkəməyə təqdim edərək işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmin etiraz ərizəsi əsasında məhkəmənin müvafiq qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 599.99 manat dəyərində mobil telefonu "xxxx" MMC-dən satın almışdır. Cavabdeh nisyə aldığı mala görə 40 manat ilkin ödəniş etdikən sonra qalan 559.99 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 47.00 manat, sonuncu ay isə 42.99 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin tərəf olduğu müəyyən işlər, o cümlədən, cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 559.99 manat borca dair tələb hüququ İddiaçı QSC-yə, yəni hazırki iş üzrə iddiaçıya keçmişdir. Eyni zamanda, tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında (əlavə 2) qeyd olunan malı satır və alıcı həmin malı qəbul edib malın dəyərini tərəflər arasında razılaşdırılmış qaydada həmin müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş müddətdə satıcıya ödəyir. Eyni zamanda, həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 %-i miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləğlərin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, cavabdehin iddia ilə məhkəməyə müraciət edilən tarixə 509.99 manat əsas borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İşə iddia icraatı qaydasında baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada rəsmi məlumat verilmişdir. Eyni zamanda, işə iddia icraatı qaydasında baxılarkən iddiaçıya göndərilmiş məhkəmə bildirişlərində qeyd edilmişdir ki, iddia tələbinin tam, hərtərəfli və obyektiv araşdırılması məqəsdilə məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını zəruri hesab edir. Buna baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Bundan sonra məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilən ərizədə qeyd edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi müqavilə bağlandığı vaxtdan etibarən lazımi qaydada icra etməmişdir. Bu səbəbdən onun barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə münasibət olaraq qeyd edilir ki, sənədlərə əlavə olunan hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh nisyə olaraq aldığı əşyanın dəyərinə görə yalnız bir dəfə - xx.xx.2022-ci il tarixdə ödəniş etmişdir. Həmin tarix də cavabdehin nisyə olaraq aldığı əşyanı "xxxx" MMC-nin texniki servisinə təhvil verdiyi günə təsadüf edir. Halbuki, cavabdehlə nisyə alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılmışdır. Bu isə onu göstərir ki, telefonda qüsur yaranmazdan əvvəl də borclu öhdəliyini yerinə yetirməkdə maraqlı olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Cavabdehin etirazına əlavə etdiyi sənəddən görünür ki, o, xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə telefonu tam və qüsursuz şəkildə almasına baxmayaraq, bir müddət telefonu işlətmiş və kənar təsir nəticəsində telefonun ekranının sınması halı baş vermişdir. Belə şəraitdə isə yaranmış qüsurlara satıcı tərəfindən qarantiya şamil olunmur. Digər tərəfdən borclu təmir olunması üçün texniki servisə təhvil verdiyi məhsulun sonrakı vəziyyəti ilə bağlı maraqlanmamış, icra etməli olduğu aylıq ödənişləri yerinə yetirməmək üçün məhsulun servisdən geri götürülməsinə təşəbbüs göstərməmişdir. Ona görə də cavabdehin etiraz ərizəsi onun öhdəliyin icrasından qəsdən yayınmaq üçün bəhanə gətirdiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin öz etirazına əlavə etdiyi sənəddə göstərilir ki, məhsul (mobil telefon) işlənmiş və ona kənar təsir nəticəsində zərər vurulmuşdur. Qeyd olunan halları nəzərə alaraq cavabdeh tərəfindən verilmiş etirazın rədd edilməsi və iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşə iddia icraatı qaydasında baxılarkən cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, həqiqətən də "xxxx" MMC-dən kreditlə (nisyə) mobil telefon almış, telefonun pulunu aylıq ödəmək barədə razılaşmışdır. Mobil telefonu 3 ay işlətdikdən sonra ekranı zədələndiyi üçün telefonu həmin mağazaya aparmış və orada işləyən əməkdaşlara təqdim etmişdir. Ona bildirmişlər ki, 20 gün ərzində telefonu təmir edib qaytaracaqlar. Telefon təhviltəslim aktı ilə qəbul edilmiş və təmir olunduqdan sonra təmir haqqının ödənilməli olması bildirilmişdir. Bunda sonrakı müddətdə "xxxx" MMC-nə dəfələrlə şifahi müraciətlər etsə də, hər hansı müsbət nəticə əldə olunmamışdır. Mobil telefon indiyədək ona qaytarılmamış, ancaq iddiaçı onu məhkəməyə verib əsassız olaraq pul tələb etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsindən, müqaviləyə əlavə edilən ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, həmin müqaviləyə əsasən cavabdeh 599.99 manat dəyərində mobil telefonu "xxxx" MMC-dən satın almışdır. Cavabdeh nisyə aldığı mala görə 40 manat ilkin ödəniş etdikən sonra qalan 559.99 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 47.00 manat, sonuncu ay isə 42.99 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 nömrəli faktorinq müqaviləsindən, həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli R-xx/xx-0230 nömrəli sazişdən və xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ilə "xxxx" MMC arasında bağlanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə "xxxx" MMC-nin tərəf olduğu müəyyən işlər, o cümlədən, cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 559.99 manat borca dair tələb hüququ İddiaçı QSC-yə, yəni hazırki iş üzrə iddiaçıya keçmiş, tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müştəri mallarının təhvil-təslim blankından görünür ki, cavabdeh tərəfindən həmin tarixdə “TCL 30 PLUS 4/128 gb Black” modelli mobil telefon (işlənmiş cızıqlı və ekranı sınıb, aksessuarları tam yerindədir, qutusu mövcuddur) "xxxx" MMC-nin nümayəndələri Seymur Səmədzadə və Razim İsmayılova təhvil verilmişdir. Blankda əlavə qeyd kimi “Müştəri bildirir ki, mobil telefonun ekranı sınıb, təmir olunsun. 15 dəqiqə işlədəndə telefon qızır və sensoru zəif işləyir. **********” sözləri göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan və həmin tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əsas məbləğdən 50 manat ödəniş edilmiş, xx.xx.2025-ci il tarixə 509.99 manat borc qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı cavabdehə bildiriş göndərilmiş, öhdəliklərini icra etmədiyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 509.99 manat əsas borc məbləği, həmçinin, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq nisyə alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədlərə, faktorinq müqaviləsinə və ona əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa, maliyyə arayışına, cavabdehə göndərilən xəbərdarlıq bildirişinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin təmin edilməməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq nisyə aldığı mobil telefonu 3 ay işlətdikdən sonra ekranı zədələndiyi üçün telefonu geri qaytardığını, telefonun təhvil-təslim aktı ilə ondan qəbul edildiyini və 20 gün ərzində təmir edib qaytaracaqlarını bildirdiklərini, lakin dəfələrlə şifahi müraciətlər etsə də, mobil telefonun indiyədək ona qaytarılmadığını bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından və işin mübahisələndirilməyən hallarından görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı dəyəri 599.99 manat müəyyən edilmiş “TCL 30 PLUS 4/128 gb Black” modelli mobil telefonu cavabdehə təhvil verməyi, cavabdeh isə həmin əşyanı qəbul edib aldığı əşyanın dəyərindən 40 manat ilkin ödəniş edərək qalan məbləği 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra “TCL 30 PLUS 4/128 gb Black” modelli mobil telefon cavabdehə təhvil verilmişdir. Müqavilənin 4.7-ci maddəsinə əsasən mallara zəmanət verildiyi hallarda satıcı zəmanət kitabçasının şərtlərinə uyğun vəzifələr daşıyır. Nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, borc tam ödənilənə qədər nisyə malın üzərində sərəncam verməməyi tələb edir. Müqavilənin bu müddəası onu deməyə əsas verir ki, borc tam ödənilənə qədər nisyə malın üzərində sərəncam vermək hüququ, yəni həmin əşyaya mülkiyyət hüququ satıcıda saxlanılır. Hazırki işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından isə görünür ki, xx.xx.2022-ci il tarixdə, yəni müqavilə müddəti ərzində mobil telefonda nasazlıq yaranmış və cavabdeh bu barədə satıcıya məlumat verməklə yanaşı nisyə aldığı əşyanı ona təqdim etmişdir. Qeyd olunan əşya tərəflərin iştirakı ilə akt tərtib edilməklə cavabdehdən təhvil alınmışdır. Mobil telefonun təmir edilməklə cavabdehə qaytarılacağı vəd edilsə də, həmin əşya indiyədək cavabdehə qaytarılmamış, əksinə, mobil telefona görə ödənilməmiş qalan məbləğ cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Həmin Məcəllənin 506.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 587.2, 587.2.1 və 587.2.2-ci maddələrinin məzmununa əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə, Mülki Məcəllənin 587.2, 587.2.1 və 587.2.2-ci maddələrinin məzmununa istinad etməklə qeyd edir ki, alıcının ona satılmış, lazımi keyfiyyəti olmayan əşyaya görə, istər nisyə alqı-satqı müqaviləsinə, istərsə də nağd (birdəfəlik ödənilən) müqavilələrə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş tələbləri satıcıya qarşı irəli sürmək hüququ vardır. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə tərəflərin tələb irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunu qanunvericiliyin imperativ normalarının tələblərinə zidd olmamalıdır. Qanunvericiliyə görə hər bir tərəf öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Tərəflər öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.2-ci maddəsində nəzərdə tutulduğu kimi, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirmədiyi halda, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün cavabdehdir. Həmçinin, Mülki Məcəllənin 589.3-cü maddəsindən göründüyü kimi, hər hansı əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürmək hüququna malikdir. Qeyd olunan müddəaların məzmunundan göründüyü kimi, bu normalar imperativ xarakter daşıyır və həmin qaydalar hər hansı məzmunlu müqavilə üzrə tərəflərin müqavilə azadlığı istəyi ilə dəyişdirilə bilməz. Həmin qaydalardan kənara çıxmalar isə istənilən məzmunlu müqaviləyə münasibətdə əhəmiyyətsizdir. Hazırki iş üzrə nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, "xxxx" MMC və cavabdeh müqavilə şərtlərini qəbul edərək onu imzalamışlar. Sonradan "xxxx" MMC ilə hazırki iş üzrə idddiaçı arasında bağlanmış faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə edilən xx.xx.2022-ci il tarixli R-xx/xx-0230 nömrəli sazişə əsasən nisyə-alqı satqı müqaviləsi üzrə 559.99 manat borca dair tələb hüququ hazırki iş üzrə iddiaçıya keçməklə yanaşı, müqavilə üzrə öhdəliklər də iddiaçıya keçmiş hesab edilir. İş materiallarından isə görünür ki, cavabdehə nisyə olaraq satılmış mobil telefon həmin saziş bağlandıqdan 3 aydan artıq müddət keçəndən sonra "xxxx" MMC-nin əməkdaşları tərəfindən təhvil alınmışdır. Eyni zamanda, mobil telefon cavabdehdən təhvil alınanda onun texniki vəziyyətinə dair akt tərtib edilmiş, lakin mobil telefonda olan nasazlığın nə zaman, kim tərəfindən kimin vəsaiti hesabına aradan qaldırılacağı qeyd edilməmişdir. Bununla bağlı hazırki iş üzrə iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin, 3 ilə yaxın müddət ərzində mobil telefonun təmir edilərək istifadəyə yararlı vəziyyətdə cavabdehə qaytarıldığı və ya onun digər telefonla əvəz edildiyi də müəyyən edilməmişdir. İddiaçı hazırki vəziyyətdə də cavabdehə istifadəyə yararlı uyğun əşya verildiyini iddia etmir, yalnız cavabdehin özünün əşyanın servisdən geri götürülməsinə təşəbbüs göstərmədiyini bildirir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı “TCL 30 PLUS 4/128 gb Black” modelli mobil telefona görə ödənilməmiş qalan məbləği cavabdehdən tələb etməkdə haqlı deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Şərh edilənlərə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, əsas borc məbləğinin tutulmasına dair iddia tələbinin rədd edildiyi nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 37.00 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı QSC-nin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli 40019787 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 509.99 manat əsas borc məbləği tutulması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2390/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2390/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver