Məhkəmə qərarları › İş №e-2(049)-2879/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2879/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2879/2024 07.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcunun qaytarılması» tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin kiçik iddiaya qarşı etiraz etdiyindən, iş iddia icraatına keçmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh “Bosch”markalı soyuducu almış və nəticədə 1275 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 2311.20 manat ödəməli olduğu məbləğdən 1151.8 manat ödəmiş, 1159.4 manat əsas, 115.6 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2024-ci ildir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sadalanları nəzərə alaraq xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, satılmış “Bosch” markalı soyuducu üçün 1159.4 manat ödənilməmiş hissə, 115.6 manat cərimə, ümumilikdə, 1275 manat borc və 32.75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək sözü gedən müqavilənin məhz Cavabdeh özü ilə bağlandığını və müqavilədəki imzaların şəxsən sonuncuya məxsus olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müqavilə imzalanarkən cavabdeh məhsulun istənilən şəxslə təhvil-təslim aparılmasına razılıq vermişdir. Məhkəmə baxışı iclasının keçirilmə yeri və vaxtı barədə cavabdeh məhkəmə hazırlıq iclasında rəsmi xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi ilə bağlı məhkəməyə məlumat verməmişdir. O, məhkəmə hazırlıq iclasında bildirmişdir ki, İddiaçı şirkəti ilə “Bosch” markalı soyuducu almaqdan ötrü müqavilə imzalamış, lakin həmin soyuducu faktiki olaraq ona təhvil verilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, alqı-satqı müqaviləsində və təhvil-təslim aktındakı imzalar ona məxsus olsa da, məhsul ona çatdırılmayıb. Məhsulun kimə çatdırıldığını bilmir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21114181 saylı müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında “Bosch” markalı soyuducu alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, hər ay 128.40 manat, cəmi 2311.20 manatı Cavabdeh "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2311.2 manat dəyərində olan, pul ödəməyərək aldığı “Bosch” markalı soyuducu üçün 18 ay müddətinə hər ay 128.40 manat ödəməli olduğu halda, cəmi 1151.80 manat ödəmiş və onun 1159.40 manat əsas, 115.60 manat cərimə olmaqla, cəmi 1275 manat borcu yaranmışdır. Əşyaların Təhvil-Təslim aktından görünür ki, 1 ədəd “Bosch” markalı soyuducu Cavabdeh çatdırılmış və o, aktı imzalamaqla məhsulu tam və qüsursuz şəkildə təhvil aldığını təsdiq etmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 32.75 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh, iddiaçı təşkilatla bir ədəd “Bosch” markalı soyuducu alınmasından ötrü xx.xx.2020-ci il tarixli 21114181 saylı müqavilə imzalamış və həmin müqaviləyə əlavə olaraq iddiaçı ilə cavabdeh arasında məhsulun təhvil alınmasından ötrü Təhvil-təslim aktı imzalanmışdır. Cavbdeh Cavabdeh həmin aktı imzalamaqla orada qeyd edilən bütün şərtləri, o cümlədən, aktın 2-ci bəndində qeyd edildiyi kimi ”ABC tərəfindən Mal ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə Malın qəbul etməsini və qəbul aktını imzalanmasını etibar edir” şərtinə də razılıq vermişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, təhvil-təslim aktındakı imzanın ona məxsus olmasına şübhə ilə yanaşan cabadehə məhkəmə hazırlıq iclasında xətt ekspertizasının keçirilməsi təklif edilsə də, o, imzanın onun tərəfindən icra olunduğunu bildirərək ekspertizanın keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32.75 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 1275 manat borc və 32.75 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar