Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2929/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1125 manat əsas borc, dövlət rüsumu kimi ödənilmiş 31.25 manat - cəmi 1156.25 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X2 əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olmuş, 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Raifə adlı şəxlər ona məişət avadanlıqlarını kreditlə satan bir firma açmağı və həmin firmanı Elmarın işlətməsini təklif etmişlər. Məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər verməli olmuş, Elmar da onlarla razılaşmışdır. Bundan sonra Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar “Sədərək” ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla satın alaraq Lənkəran rayonunda kreditlə ayrı-ayrı şəxlərə satmışdır. Belə ki, malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almamışdır. Elmardan məişət texnikası alan şəxslər əsasən X1, X3 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri krediti vaxtlıvaxtında ödəsələr də, bir qismi aylıq ödənişləri gecikdirmişdir. Əri Elmar satdığı avadanlıqların pullarını Zamiq və Vəfadan geri ala bilməmiş və xx.xx.2023-cü il tarixdə işlədiyi mağazada özünü asaraq intihar etmişdir. Yas mərasimi bitdikdən sonra o, Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulları verməkdən yayınmışlar. Belə ki, Zamiq və onun gətirdiyi adamların 50000 manat, Vəfa və onun gətirdiyi adamların isə 30000 manat ödənilməmiş borcu qalmışdır. Zamiq və Vəfa kreditlə məişət avadanlıqları almaq üçün ayrı-ayrı şəxsləri tapıb, mağazaya gətirmiş və Elmar həmin şəxslərlə razılıq əsasında məişət avadanlıqlarının dəyərini aylıq ödəmələrə bölüb bu barədə müqavilə bağlamışdır. Zamiq və Vəfa, həmçinin onların tapıb gətirdiyi şəxslər mərhum əri Elmara olan borclarını ödəmədikləri üçün o, Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti araşdırılarkən hazırki iş üzrə Cavabdeh da kreditlə özü üçün Elmardan 1125 manat dəyərində məişət avadanlıqları götürdüyü və onun Elmara 1125 manat borcu olduğu müəyyən edilmişdir. O, pulu cavabdehdən tələb etsə də, cavabdeh borcu qaytarmaqdan yayınmışdır. Ona görə də cavabdehdən mərhum ərinə olan borcun ona ödənilməsi tələb edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin, məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, o, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və onun xeyrinə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi, fiziki şəxsin uçotu haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə, Lənkəran regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 2074 nömrəli məktubu, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, X2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi xx.xx.2022-ci il tarixdə müvafiq orqanda qeydiyyata alınmışdır. Elmar Ağayev xx.xx.2023-cü il tarixdə intihar edərək vəfat etmişdir. Hazırki iş üzrə İddiaçı X5in arvadı olmuş və onun vəfatından sonra vərəsə olaraq müvafiq orqanda qeydiyyata alınmışdır. Elmar Ağayev məişət avadanlıqlarının satışı ilə məşğul olduğu vaxtlarda cavabdehlə aralarında olan qarşılıqlı razılığa əsasən cavabdeh ondan müəyyən əşyaları nisyə olaraq (dəyəri sonradan ödənilmək şərti ilə) almışdır. İddiaçı mərhum ərinə ayrı-ayrı şəxslərin borclu qaldıqları, lakin borc məbləğlərini ödəmədikləri ilə bağlı polis şöbəsinə şikayət etmiş, onun müraciəti əsasında araşdırma aparılaraq cinayət faktı aşkar olunmadığına görə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı cavabdehin vaxtilə Elmar Ağayevdən nisyə olaraq aldığı əşyaların dəyərini tam şəkildə ödəmədiyini iddia edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 31.25 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehdən mərhum əri Elmar Ağayev tərəfindən ona nisyə olaraq satılmış malların dəyərinin ödənilməmiş hissəsi kimi 1125 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 31.25 manat - cəmi 1156.25 manat məbləği tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara istinad edir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh X5dən nisyə olaraq satın aldığı əşyaların dəyərini tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin razılaşma üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. X5 isə tərəflər arasında bağlanmış şifahi müqavilə(lər)dən irəli gələn öhdəliklərini icra etməklə, həmin müqavilə(lər)də nəzərdə tutulan əşyanı alıcının, yəni cavabdehin mülkiyyətinə vermişdir. Məhkəmə hazırki iddia tələbinin prosessual əsası ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı X5in vəfatından sonra onun qanun üzrə birinci növbədə vərəsəsi olaraq ondan qalan mirası (həm aktiv, həm də passiv) qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının X5dən qalan miras aktivləri ilə bağlı tələb irəli sürmək hüququ da yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, cavabdeh X5dən nisyə olaraq, yəni dəyəri sonradan ödənilmək şərti ilə məişət avadanlıqları almışdır. Məhkəmə cavabdehin Elmar Ağayevdən nisyə olaraq aldığı əşyaların dəyərinin indiyədək ödənilməmiş qaldığı barədə iddiaçının dəlillərinə iş materialları ilə əlaqəli şəkildə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı 1125 manat məbləğin indiyədək ödənilmədiyini iddia etmiş, cavabdeh isə bunun əksini sübut edə biləcək, yəni nisyə alınmış mallara görə yaranmış borc məbləğinin tam və ya qismən ödənilməsinə dəlalət edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda da cavabdehin Elmar Ağayevə 1125 manat borcu qalması barədə xüsusat öz əksini tapmışdır. İddiaçı hazırki iddia tələbinin maddi əsasları ilə bağlı mümkün sübutlarını məhkəməyə təqdim etmiş, cavabdeh isə iddia tələbi ilə bağlı məhkəməyə hər hansı etriaz təqdim etməmiş, ümumiyyətlə, iddia tələbinə münasibət bildirməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin X5dən nisyə olaraq aldığı məişət avadanlıqlarına görə 1125 manat borcu yaranması faktını qəbul edir ödənilməmiş qalan borcun miqdarının da iddiaçının iddia tələbində qeyd etdiyi həcmdə, yəni 1125 manat miqdarında olmasını sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların ödənilməmiş qalan dəyəri olaraq cavabdehdən 1125 manat pul tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 31.25 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh nisyə satılmış əşyaların dəyəri olaraq 1125 manat pul, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 31.25 manat - cəmi 1156.25 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-2929/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2929/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver