Məhkəmə qərarları › İş №e-2(049)-2934/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2934/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2934/2025 07.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya qaydasında cəmi 1680 manat maddi zərər və 37 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, iddia ərizəsində tələbin əsasları kimi göstərilən xüsusatlar ərizəyə əlavə edilmiş sənədlərlə tam şəkildə öz təsdiqini tapmır. Belə ki, iddia tələbində cavabdehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində protokol tərtib edildiyi qeyd olunsa da, onun həmin maddə ilə inzibati tənbeh edilməsinə dair müvafiq qərar işə əlavə edilməmişdir. Eyni zamanda, cəmi 1680 manat (avtomobilə dəymiş maddi zərər 800 manat, işıq dirəyinə dəymiş maddi zərər 880 manat) məbləğin hazırki iş üzrə iddiaçı tərəfindən ödənildiyi qeyd edilsə də, iş materiallarına bununla bağlı yalnız sığorta aktları əlavə edilmiş, sığorta ödənişinin verilməsinə dair ödəniş tapşırıqları və ta digər sənəd iş materiallarında aşkar edilməmişdir. İddia tələbi iş materiallarında olan sənədlərlə tam şəkildə əhatə olunmadığından və bununla bağlı müvafiq sübutlar ərizəyə əlavə edilmədiyindən, bununla da, iddiaçının təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üzrə əlavə araşdırma aparılması zərurəti yarana biləcəyinə görə işin tərəflərin iştirakı ilə araşdırılması məqsədəmüvafiq hesab edilərək məhkəmənin müvafiq qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə “VAZ 2107” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Hövsan-Türkan yolu ərazisində hərəkətdə olarkən onun idarə etdiyi avtomobil “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin həmin ərazidə olan işıq dirəyinə maddi ziyan dəymişdir. Cavabdehin idarə etdiyi avtomobil iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Baş vermiş hadisə ilə bağlı DYPİ əməkdaşı tərəfindən tərtib olunan inzibati xəta haqqında protokola əsasən “VAZ 2107” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni hazırki iş üzrə cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərtib edilmiş qüsur aktına görə “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 800 manat, işıq dirəyinə dəymiş maddi ziyan isə 880 manat təşkil edir. Bununla əlaqədar iddiaçı tərəfindən sığorta aktları tərtib edilməklə, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 800 manat həmin avtomobilin sahibinə, işıq dirəyinə dəymiş maddi ziyana görə 880 manat isə "xxxx" MMC-nə sığorta ödənişi ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cəmi 1680 manat sığorta ödənişinin geri qaytarılması cavabdehdən tələb edilsə də, cavabdeh indiyədək həmin məbləğləri ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş cəmi 1680 manat sığorta məbləği və 37 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 2107” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə iddiaçı tərəfindən 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək sığorta edilmişdir (sığortalı şəxs Cavabdeh). İş materiallarına əlavə edilmiş, “AutoBox” avtomobil servisi tərəfindən verilmiş aktdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 800 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş ziyan aktından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin ərazidə olan işıq dirəyinə cəmi 880 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(003)-1211/2022 nömrəli qərarından müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 113063 nömrəli sığorta aktından və xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışdan müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 800 manat miqdarında maddi ziyan iddiaçı tərəfindən həmin şəxsə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 115668 nömrəli sığorta aktından, xx.xx.2022-ci il tarixli məktubdan və xx.xx.2022-ci il tarixli 7515 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, yolnəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə dəymiş 880 manat miqdarında maddi ziyan iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. İş materiallarına əlavə edilən **********38 nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 məxsus “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat, həmin ərazidə olan işıq dirəyinə isə 880 manat miqdarında maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılaraq hadisənin baş verməsində hazırki iş üzrə cavabdeh təqsirli bilinməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ilə əlaqədar 800 manat, həmin ərazidə olan işıq dirəyinə dəymiş maddi ziyan ilə əlaqədar isə 880 manat - cəmi 1680 manat sığorta məbləğləri iddiaçı tərəfindən ödənilmişdir. Cəmi 1680 manat məbləğin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı geriyə tələb (subroqasiya) qaydasında 1680 manat sığorta məbləğinin və 37 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokola, sığorta müqaviləsinə dair məlumata, sığorta aktlarına və ödəniş sənədlərinə istinad edir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən sığorta əhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1 və 25.1.2-ci maddələrinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qüvvədə olan qanunvericiliyə əsasən inzibati xəta hadisəsi törətmiş sürücünün alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə avtomobili idarə etməsi, habelə, bununla bağlı inzibati məsuliyyətə cəlb edilməsi onun subroqasiya qaydasında maddi məsuliyyətə cəlb edilməsi üçün bilavasitə əsasdır. Hazırki iddia tələbinin əsasını təşkil edən hal - cavabdehin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi faktı müəyyən olunduğundan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində hadisəni törədən şəxsə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hazırki iddia tələbinin əsasları ilə bağlı iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddia tələbinin əsasları kimi istinad edilən hallara dair sənədlər ərizəyə əlavə edilmiş olmasa da, iş iddia icraatına keçirildikdən sonra qeyd olunan məlumatları özündə əks etdirən müvafiq sənədlər məhkəməyə tqdim edilmişdir. Bununla da iddiaçı iddia tələbinin əsaslılığına dair bütün mümkün sübutlarını məhkəməyə təqdim etmiş, cavabdeh isə iddia tələbinə etirazının əsası ola biləcək hər hansı dəlil irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunan hüquq normalarının ümumi məzmununun təhlilindən göründüyü kimi, sığorta hadisəsi mövcud olduqda, əmlaka və sağlamlığa dəymiş zərərə görə icbari sığorta müqaviləsində müəyyən edilmiş sığorta ödənişinin sığortaçı tərəfindən verilməsi qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş haldır. Həmçinin, sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi halları və həcmi də qanunvericilikdə konkret olaraq göstərilmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edildiyi iş materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair müvafiq protokol ilə yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması, eyni zamanda, onun avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyinə, onun əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs(lər)in əmlakına vurulmuş zərərin əvəzi olaraq iddiaçı tərəfindən “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 ödənilmiş 800 manat və "xxxx" MMC-nə ödənilmiş 880 manat - cəmi 1680 manat sığorta ödənişi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 37.00 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. “Mercedes Benz 190” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə X1 ödənilmiş 800 manat, işıq dirəyinə dəymiş maddi zərərə görə "xxxx" MMC-nə ödənilmiş 880 manat - cəmi 1680 manat sığorta ödənişi, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilən 37 manat dövlət rüsumu, ümumilikdə 1717 manat Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar