Məhkəmə qərarları › İş №e-2(049)-3157/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3157/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3157/2022 13.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, ümumilikdə 3111 manat borc, 51.11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN kondisioner, İMEİ kodu **********46272 Samsung Galaxy A12 markalı telefon, Casio saat, Casio qutu, Huawei saat, Panasonic qulaqlıq, JBL səs ucaldıcı alımış və nəticədə 3111 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2097.60 (iki min doxsan yeddi manat, altmış qəpik) manat (24 ay x 87,4 manat + 0 manat ilkin ödəniş) HOFFMANN kondisioner üçün ümumilikdə 1999 (min doqquz yüz doxsan doqquz) manat olmaqla ondan, 1817.6 (min səkkiz yüz on yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 181.40 (yüz səksən bir manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 544.8 (beş yüz qırx dörd manat,səksən qəpik) manat (12 ay x 45.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********46272 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 548 (beş yüz qırx səkkiz) manat olmaqla, ondan 498.8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 49,2 (qırx doqquz manat, iyirmi qəpik) manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96 (doxsan altı) manat (12 ay x 9.6 manat + 0 manat ilkin ödəniş) Casio saat, Casio qutu üçün ümumilikdə. 94 (doxsan dörd) manat olmaqla ondan 86 (səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 427.2 (dörd yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat (12 ay x 35.0 manat+ 0 manat ilkin ödəniş) Huawei saat, Panasonic qulaqlıq, JBL səs ucaldıcı, CASİO saat üçün ümumilikdə, 470 (dörd уüz yetmiş) manat olmaqla, ondan. 427.2 (dörd yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.8 (qırx iki manat, səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 336 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh 02 sentyabr 2022-ci il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi ərizədə göstərilən ünvanın tam olmaması səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, bu hal cavabdehin məhkəmə müdafiəsi hüququnun pozulması nəticəsinə gəlməyə, habelə mübahisənin sadələşdirilmiş icraat qaydasında həll edilməsinin istisna edilməsinə əsas vermir. Məhkəmə gəldiyi nəticəni işıqlandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Adıçəkilən Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) məlumatlar daxil edilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı). DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışının surətindən görünür ki, onun qeydiyyat ünvanı Lənkəran rayonu Şağlaser kəndidir. Məhz məhkəmə bildirişi də həmin ünvana göndərilmişdir. Odur ki, hazırda bildirişin cavabdehin həmin ünvandan köçməsi səbəbindən geri qaytarılması cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri vermək hüququnun məhdudlaşdırılması demək deyildir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən Hoffman kondisioneri, İMEİ kodu **********46272 olan Samsung Galaxy A12 markalı telefon, 2 ədəd Casio saatı, Casio qutu, Huavei saat, Panasonik qulaqlıq, JBL səsucaldıcı alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan 24015708 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 45.40 manat, cəmi 544.80 manat; 24035713 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 35.60 manat, cəmi 427.20 manat; 24035661 saylı xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 87.40 manat, cəmi 2097.60 manat; 24015834 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş cədvilində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 9.60 manat, cəmi 96.0 manat olmaqla Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2097,60 manat dəyərində aldığı Hoffmann soyuducusu üçün 24 ay müddətinə hər ay 87.4 manat ödəməli olduğu halda, cəmi 280 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 544,8 manat dəyərində aldığı İMEİ kodu **********272 olan Samsung Galaxy A 12 mobil telefonu üçün 12 ay müddətinə hər ay 45.40 manat ödəməli olduğu halda, cəmi 46 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 96 manat dəyərində aldığı Casio saat və Casio qutu üçün 10 ay müddətinə hər ay 9.60 manat ödəməli olduğu halda cəmi 10 manatvə xx.xx.2021-ci tarixli müqaviləyə əsasən 427,20 manat dəyərində aldığı Huavei saat, Casio saat, Panasonik qulaqlıq və JBL səsucaldıçı üçün 12 ay müddətinə hər ay 35.60 manat ödəməli olduğu halda cəmi 0 manat ödədiyi üçün ümumilikdə 3111 manat borcu yaranmışdır. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 51.11 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 51.11 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 3111 manat borc və 51.11 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar