Məhkəmə qərarları › İş №e-2(049)-322/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-322/2024

07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-322/2024 07.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 628.99 manat əsas borc, 133.70 manat cərimə, cəmi 762.69 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20 noyabr 2022-ci ildə bağlanmış 138506 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 839 manata nisyə televizor satmışdır. Cavabdeh həmin məbləği hər ay 69.92 manat ödəmək şərtil ilə 12 ay müddətinə, hər ayın 20-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 628.99 manat əsas, həmin gün üçün hesablanmış 17.5 (69.92x1%=0.7x25gün=17.5) manat cərimə, 646.49 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 628.99 manat əsas, xx.xx.2023-cü il tarixədək hesablanmış 133.70 (69.92x1%=0.7x191gün=) manat cərimə borcu, cəmi 762.69 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında televizor alınmasından ötrü alqı-satqı müqaviləsi bağlanmışdır. Təhvil-təslim aktlından görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 69.92 manatı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək ödəməklə cəmi 839 manat məbləğində hesablanmış borcu İddiaçı MMC-yə qaytarmalıdır. Xəbərdarlıq məktubundan görünür ki, Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilmədiyi təqdirdə "xxxx" MMC tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 628.99 manat əsas borc, 133.70 manat cərimə borcu olmaqla cəmi 762.69 manat borcu vardır. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 628.99 manat əsas borc, 133.70 manat cərimə borcu, cəmi 762.69 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar