Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3392/2022 11.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci tarixdə bağlanmış VİP 18503 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1305 ABŞ dolları əsa (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində 326 ABŞ dolları cərimə, cəmi 1631 ABŞ dolları və 48 manat dövlət rüsumu pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli VİP 18503 saylı alqı-satqı müqaviləsinə əsasən, «Apple İ phone 12 pro pacific blue» markalı telefon almış və nəticədə 1410 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1410 ABŞ dolları (yəni 12 ay müddətinə hər ay 108+sonuncu ay 117 ABŞ dolları + 105 ABŞ dolları ilkin ödəniş) olan «Apple İ phone 12 pro pacific blue» telefon üçün ümumilikdə 1631 ABŞ dolları olmaqla, ondan 1305 ABŞ dolları ödənilməmiş hissə, 326 ABŞ dolları cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105 ABŞ dolları təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 3.5-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh 30 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilməsinə və xx.xx.2022-ci il tarixdə onun tərəfindən qəbul edilməsinə baxmayaraq o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış VİP 18503 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC-dən «Apple İ phone 12 pro pacific blue» markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək, hər ay 108 ABŞ dolları, sonuncu ay isə 117 ABŞ dolları olmaqla cəmi 1305 ABŞ dolları İddiaçı MMC-yə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən 08 sentyabr 2022-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1410 ABŞ dolları dəyərində olan, «Apple İ phone 12 pro pacific blue» markalı telefon üçün 12 ay müddətinə hər ay 108+sonuncu ay 117 ABŞ dolları ödəməli olduğu halda, cəmi 105 ABŞ dolları ödəmiş və onun 1305 ABŞ dolları əsas, 326 ABŞ dolları cərimə, cəmi 1631 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə alqı-satqı müqaviləsi üzrə 326 ABŞ dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə cərimənin cavabdehdən 100 ABŞ dolları həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 48 (qırx səkkiz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1305 ABŞ dolları əsas, 100 ABŞ dolları cərimə, ümumilikdə 1405 ABŞ dolları borc və 48 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh tutulacaq 1405 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3392/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3392/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver