Məhkəmə qərarları › İş №e-2(049)-36/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-36/2024

10.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-36/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçının nümayəndəsi: Nümayəndə Vavqif oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəmir yolunun mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülərək ərazidən çıxarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbi ilə məhkəməyə müraciət edərək, Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin balansında olan Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 29 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 10 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə aktlar tərtib olunmuş, qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş və ona dəmir yolunun mühafizə zonasında tikinti aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili sökülməmişdir. Bu səbəbdən "xxxx" QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumnat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Lənkəran-Göyşaban Lənkəran mənzilinin 152 km PK2-də hərəkətin km göstəricisinin artımı istiqamətinin sağ tərəfində dəmir yoluna məxsus xüsusi muhafizə zonasına aid torpaq zolağında köhnə tikilinin üzərinə mişar daşından özlərini təqdim etməyən şəxslərə dəfələrlə xəbərdarlıq etməylərinə baxmayaraq tikinti işləri davam etdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliynin Əmlak Məsələləri Dövlət Xidmətinin 26 iyul 2022-ci il tarixli, **********55 nömrəli məktubundan görünür ki, Lənkəran şəhəri, Heydər Əliyev prospekti ərazisində ( dəmiryol xətti mühafizə zonasında) monitoriq keçirilən zaman Cavabdeh tərəfindən dövlət mülkiyyətində aidə təqribən 140.0 kvm torpaq sahəsində qeyri-yaşayış obyektinin inşa olunması faktı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 19 mat 2024-cü il tarixli, 10/9626 nömrəli rəyində göstərilmişdir ki, baxış zamanı təqdim olunan Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Göyşaban-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin dəmir yolunun mühafizə zonasının hüqudları daxilində yerləşməsi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş X1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, sözügüdən tikili faktiki olaraq onun istifadəsindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 29 dekabr 2017-ci il tarixli 10-44/216 Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamından görünür ki, Lənkəran rayonu, İstisu qəsəbə sakini X2 Lənkəran şəhəri, Heydər Əliyev prospekti ərazisində tikinti altı sahəsi 162.4 kvm olan iki mərtəbəli ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 17 iyul 2017-ci il tarixli, EL-181/2020 qeydiyyat nömrəli isenziyadan görünür ki, X2 tikintisinə icazə tələb olunan Lənkəran şəhəri, Heydər Əliyev prospekti ərazisində bina və qurğuların layihələndirilməsini icraata tətbiq olunana bina və qurğuların lahiyələndirilməsinə Lisenziya verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikili Cavabdeh tərəfindən tikilmişdir, həmin tikili məhkəmə eksper rəyinə əsasən dəmir yolunun mühafizə zonasının hüqudları daxilində yerləşir və qeyd olunan tikili hazırda Cavabdeht Şamil qızı tərəfindən deyil digər şəxs (X3) istifadəsindədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan tikili özbaşına tikili olmaqla dəmir yolunun mühafizə zonasının hüqudları daxilində yerləşdiyindən həmin mühafizə zonasından kənarlaşdırılmalı və iddia bu hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı halda mübahisə predmeti olan tikilinin digər şəxsin istifadəsində olması nəzərə almaqla tikilinin Cavabdeh hesabına həyata keçirilməsinə dair tələb əsassızdır və iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göyəbaşan-Lənkəran mənzilinin 152-ci km pk 2-3-də hərəkət artımı istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikili sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar