Məhkəmə qərarları › İş №e-2(049)-3699/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3699/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3699/2022 16.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2021-ci il tarixli KG-Mi43 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 1590 manat əsas, 127.2 manat cərimə, cəmi 1717.20 manat borcun və 37.58 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həmin müqaviləyə əsasən ümumi dəyəri 1690 manat olan «İktech» markalı su təmizləyici sistemi cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdehlə bağlanmış xx.xx.2021-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuş və nəticədə alqı-satqı qiyməti 1690 manat (16 ay x 102 manat, sonuncu ay 110 manat + 50 manat ilkin ödəniş) olan «İktech» markalı su təmizləyici sistemin alınması üçün üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş bardə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1590 manat və cərimə üzrə 127.2 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində müştəri mübahisəsiz olaraq dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 04 noyabr 2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə baxmayaraq, sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KG-Mi43 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən «İktech» markalı markalı su təmizləyici sistemi almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, hər ay 102 manat, sonuncu ay 110 manat, cəmi 1640 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 1590 manat əsas və 127.2 manat cərimə, cəmi 1717.20 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 37.58 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 527-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 452-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37.58 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli KG-Mi43 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1590 manat əsas, 127.20 manat cərimə, cəmi 1717.20 manat borc və 37.58 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar