Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3720/2023 06.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1846.85 (min səkkiz yüz qırx altı manat, səksən beş qəpik) manat sığorta ödənişinin, iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 38.47 (otuz səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 1885.72 (min səkkiz yüz səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində pulun tutulub iddiaçı"xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 05 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 və Cavabdeh2 göndərilməsinə və sonuncu tərəfindən 10 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş sübutlardan iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi «Toyota Prius» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Chevrolet Malibu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR DİN Nəsimi rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən AR İXM-in 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. «Chevrolet Malibu» markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən zərər məbləğindən 250 (iki yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 4115 (dörd min yüz on beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 2018.15 (iki min on səkkiz manat, on beş qəpik) manat məbləğində olan hissəsi «Toyota Prius» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülkiməsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, iddia Cavabdeh2 münasibətdə əsaslı olmaqla təmin edilməli, Cavabdeh1 münasibətdə isə əsassızdır və sonuncuya münasibətdə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh1 Əskr oğlunun mülkiyyətində olan ** BZ *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobili idarə etməyi Cavabdeh2 verilmişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi cavabdeh Qalib Əlyievin avtomobili idarə etməyə sürücülük hüququ vardır və ona qanuni əsaslarla sahiblik etmiş və ** BZ *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyindən çıxmışdır. Belə olan halda Qalib Əlyievin törətdiyi mülki hüquq pozuntusuna görə yalnız özü məsuliyyət daşıya bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38.47 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1846.85 (min səkkiz yüz qırx altı manat, səksən beş qəpik) manat sığorta ödənişi və 38.47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-3720/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3720/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver