Məhkəmə qərarları › İş №e-2(049)-3778/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3778/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3778/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 yanvar 2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 avqust 2025-ci il tarixə ödənilməmiş 964.10 manat gecikdirilmiş əsas, 750.37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 775.24 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Lada Granta” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 14050.63 manat, ümumilikdə 16540.34 manat borc və ödənilmiş 139.62 manat dövlət rüsumu “X4” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Lada Granta” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 21% mükafat məbləği hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 587.73 manat, ümumilikdə isə 24.658 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24658 manatın 19100 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Lada Granta” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 05 avqust 2025-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 14050.63 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AUT-1301 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 avqust 2025-ci il tarixə ümumilikdə 2489.71 manat məbləğində gecikmə borcu yaranmışdır. Tərəflərə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, beləki İddiaçı MMC-nin nümayəndəsi tərəfindən işə iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 27 yanvar 2025-ci il tarixli AUT-1301 saylı daxili lizinq müqaviləsindən və onun 1 saylı əlavəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Lada Granta” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobil 19,100 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Lada Granta” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmiş və o, avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş “X3» MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Lada Granta” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə və bərpasına (ümumi xidmət haqqı 4450,00 manat, ehtiyyat hissələri üçün 7102,20 manat, ehtiyyat hissələrin ümumi dəyərinə 5% marja daxil 355,11 manat, ƏDV 2143,32 manat olmaqla) ümumi cəmi 14.050,63 manat məbləğində vəsait tələb olunur. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” AKT-dan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə məxsus “Lada Granta” markalı, 90YN 408 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə AUT-1301 saylı “Daxili lizinq” müqaviləsinə əsasən gecikmə borcunun olması barədə ona bildiriş göndərilmiş və “Lada Granta” markalı, 90YN 408 dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağa yerləşdirilməsi bildirilmişdir. İddiaçı MMC tərəfindən yaranmış borcun və dəymiş zərərin ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən tərtib edilmiş və Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 771 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə gecikdirilmiş mükafat borcu üzrə 964,10 manat əsas, 750,37 manat mükafat, 775,24 manat cərimə, ümumilikdə cəmi 2489.71 manat borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli AUT-1301 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2024-cü il buraxılış ili olan, “Lada Granta” markalı, 90YN 408 dövlət qeydiyyat nişanlı, qəhvəyi metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə 3) əsasən lizinq alan illik 21 faiz hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 19,100 manat, ümumilikdə isə 24,658 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. "Daxili Lizinq" müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anma ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladığı müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində İddiaçı MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh 27 yanvar 2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 avqust 2025-ci il tarixə ödənilməmiş 964.10 manat gecikdirilmiş əsas, 750.37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 775.24 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Lada Granta” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 14.050,63 manat, ümumilikdə 16.540,34 manat borc və ödənilmiş 139.62 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı MMC tərəfindən 139,62 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27 yanvar 2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq" müqaviləsi əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 avqust 2025-ci il tarixə ödənilməmiş 964,10 manat gecikdirilmiş əsas, 750,37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 300 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Lada Granta” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 14.050,63 manat olmaqla, ümumilikdə 16.065.10 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,62 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27 yanvar 2025-ci il tarixli AUT-1301 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 avqust 2025ci il tarixə ödənilməmiş 964,10 manat gecikdirilmiş əsas, 750,37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 300 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Lada Granta” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 14.050,63 manat olmaqla, ümumilikdə 16.065,10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,62 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar