Məhkəmə qərarları › İş №e-2(049)-3792/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3792/2025

12.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3792/2025 12.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil Əfləddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran Rayon 1 saylı Notariat Kontoru və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, daşınmaz əmlakın bağışlanma müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan tam pay alınması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər Lənkəran Rayon 1 saylı Notariat Kontoru və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, daşınmaz əmlakın bağışlanma müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan tam pay alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon notariusu tərəfindən verilmiş 17 may 2012-ci il tarixli, 2-V-01-2/17 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 02 avqust 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, **********13-05101-093027 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və mərhum anası X5 varisi olaraq, anasından Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlakdan tam pay almağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir və ondan Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlak qalmışdır. Belə ki, o, anasının yeganə varisidir. Lakin, anasının bacısı Cavabdeh1 anasının nə qanun üzrə, nə də vəsiyətnamə üzrə varisi olmadığı halda 17 may 2012-ci il tarixli 2-V-01-2/17 nömrəli vərəsəlik şəhadətnaməsi ilə sözügedən miras əmlakı adına keçirmişdir. Sonradan həmin əmlakı 02 avqust 2024-cü ildə öz qızı Cavabdeh2 bağışlamışdır. Anası vəfat etdiyi zaman o, Rusiya Federasiyasında olmuş və onun 40 mərasiminə özünü çatdırsa da, hazırki iş üzrə cavabdeh olan xalası ilə mübahisəsi yarandığı üçün onun yas mərasimində iştirakına imkan verməmişdir. Səbəbi isə, mərhum anası atası ilə faktiki nikah ilə ər-arvad münasibətində yaşamışlar. Onların faktiki nikahlarından övladları olmadığına görə mərhum anası onu valideynlərinin razılığı ilə övladlığa götürmüşdür. X1 qalan miras əmlakı o vəfat etdikdən sonra faktiki olaraq qəbul etmiş, daha sonra isə evi açarlayaraq Rusiya Federasiyasına yaşamağa getmişdir. Lakin, 2024-cü ildə ona xəbər çatmışdır ki, cavabdeh həmin mənzilə qanunsuz olaraq daxil olmuş və oradan istifadə edir. Elə həmin ildən anasının bacısının mülkiyyətdən çıxarılmasından ötrü səy göstərsə də görmüşdür ki, xalası qanunsuz hərəkətlərindən əl çəkmir. Nəhayət qərara gəlmişdir ki, anasından qalan miras əmlakı vərəsəlik yolu ilə adına keçirsin. Buna görə də 11 mart 2025-ci il tarixdə Lənkəran Regional ASAN xidmət mərkəzində notarius ofisinə ərizə ilə müraciət edərək vərəsəlik arayışının alınmasından ötrü Lənkəran şəhər qeydiyyat şöbəsinə sorğu göndərilməsini xahiş etmişdir. Həmin sorğuya Lənkəran şəhər qeydiyyat şöbəsi tərəfindən 24 iyul 2025-ci il tarixli, 3-16-5/8-10-663/2025 nömrəli cavab verilmişdir. Məktubuna əsasən X2 yeganə ailə üzvü və tək varisi onun olmağı barədə doğum aktının surəti və övladlıq haqqında akt qeydlərinin təstiq olunmuş surəti ona təqdim olunmuşdur. 01 avqust 2025-ci il tarixli 186 nömrəli Notarius tərəfindən DƏDRX-nə verilmiş mərhum anasının vərəsəsi olduğunu təstiq edən məktubdan sonra, anasından qalmış orderi reyestr xidmətinə təqdim etmək istədikdə, məlum olmuşdur ki, 2012-ci ildə qanunsuz olaraq, onui gizlətmək yolu ilə xalası ikinci dərəcəli vərəsə kimi mirası qəbul etmişdir. X9 ASAN xidmət mərkəzində notarius ofisinə müraciət edərək notarius tərəfindən verilmiş 17 may 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini əldə etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə hərəkəti həyata keçirən Lənkəran Regional ASAN xidmət mərkəzində notarius ofisinin notariusu Səfər İsmayılovun lisenziya müddəti başa çatdığına görə digər sənədləri əldə etməsi mümkün olmamışdır. Bu səbəbdən də QR kod ilə sistemdən Çıxarış əldə etmişdir. Hazırda bildirmək istəyir ki, notariat tərəfindən verilmiş 17 may 2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi qanunsuz qəbul edilmişdir, onun əsasında da Cavabdeh1 verilmiş ******* nömrəli Çıxarış etibarsızdır. Həmin çıxarışın əsasında aparılan 02 avqust 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız və Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, **********13- 05101-093027 reyestr nömrəli çıxarış etibarsız hesab edilməli və ona görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və verdiyi izahatında göstərmişdir ki, mərhum X8 onun bacısıdır və 2011-ci ildə vəfat etmişdir. Bacısı Miryaqut nə rəsmi, nə də qeyri-rəsmi ailə qurmamış, onun övladı da olmamışdır. İddiaçının atası kimi qeyd etdiyi Akif adlı şəxsi də tanımır, mərhum bacısı Miryaqut oğlu və ya əri olması barədə heç vaxt ona nəsə deməmişdir. Məhkəmə tərəfindən ona göndərilən iddia ərizəsini alıb oxuduqda özü də təəcüblənmişdir. Çünki, bacısının ölən gününə kimi onun Ramid adlı oğlunun olmasından xəbərsiz olmuş və belə bir şəxsi heç vaxt görməmişdir. Bacısı bir müddət yataq xəstəsi olmuş və ona özü qulluq etmiş, digər bacıları və onların övladları da gəlib dəstək olmuşlar. Lakin, hazırki iş üzrə iddiaçı onun oğlu olduğunu iddia etsə də, bacısı Miryaqut xəstə olduğu vaxtlarda hazırda onun oğlu olduğunu deyən şəxs ona baş çəkməyə gəlməmiş, nə maddi, nə də mənəvi dəstək olmamışdır. Bacısı dünyasını dəyişdikdən xeyli vaxt sonra o tapılmış və ondan qalan mirasa hazırda sahib çıxmağa çalışır. Oğlu olduğunu deyən Ramid adlı şəxs bacısı Miryaqutun yas mərasimində də iştirak etməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi 40 mərasimə gəldiyi və onunla mübahisə etdiyi də yalandır, belə bir şəxs heç vaxt mərhum bacısının məslisində olmamış və onu tanımır. Bundan başqa iddiaçı qapını bağlayıb getdiyini qeyd edir. Bacısının Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən evinın qapısı dəmir, seyfli qapıdır. Bacısı vəfat etdikdən sonra evin açarı həmişə onda olmuş, bacısına qulluq edib onun bütün qayğılarını çəkdiyi üçün vəfatından sonra da onun əmlakına özü sahib çıxmışdır. Mübahisə olunan mənzil iki dəfə təmir olunmuş və hazırki mülkiyyətçisi onun açarlarını dəyişdirmişdir. O, hazırda həmin evdə yaşamır, çünki evi digər Cavabdeh2 hədiyyə etmişdir. O, iddiaçının tələbini əsassız və qanunsuz hesab etdiyi üçün məhkəmədən tələbin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edərək Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 onun xalasıdır. Hazırda mübahisə olunan evin mülkiyyətçisi xx.xx.2024-cü ildən etibarən özüdür. O, iddia ərizəsilə tanış olmuşdur və həmin ərizədə qeyd olunanları əsassız hesab edir. X2 övladının olması barədə onun və ailənin digər üzvlərinin iddia ərizəsi ünvanlarına göndərilənə kimi məlumatı olmamışdır. 13-14 il ərzində heç vaxt belə bir şəxsi görməmiş, onun varlığından xəbərsiz olmuşdur. Hazırda mübahisə olunan ev onun xalası Cavabdeh1 tərəfindən ona 2024-cü ildə hədiyyə edilmişdir. Həmin vaxta qədər evin qapısı seyfli dəmir qapı və həmçinin açarı eyni olmuş, sonra mənzil təmir edilmiş və açarlarını dəyişmişlər. Qapı əvvəlki qapıdır, köhnə açar da ondadır. İddiaçı isə ərizəsində qeyd edir ki, evə mərhum Miryaqutun ölmündən sonra baş çəkmiş və qapısını bağlayıb getmişdir. İddiaçı mərhumun mərasimlərində də iştirak etməmişdir. İddiaçını nə mərhum xalasının evində, nə də məclisində görən olmamışdır. Onun ərizədə qeyd etdikləri yalan və əsassız iddialardır, heç bir sübutu yoxdur. O, iddia tələbini əsassız hesab edir və tələbin rədd edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 vəkili Vəkil Əfləddin oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və verdiyi izahatlarında cavabdehlərin izahatına uyğun məzmunda izahat verib tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə göndərilmiş məktubda üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon 1 saylı Notariat Kontoru məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının İddiaçı, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran regional “ASAN xidmət” Mərkəzində notariat ofisi və Lənkəran Rayon 1 saylı Notariat Kontorunun nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında ifadə verən şahid X6 bildirdi ki, Cavabdeh1 və mərhum X8 onun xalalarıdır. O, Bakı şəhərində yaşayır. Mərhum xalası yataq xəstəsi olduğu üçün ona bacısı Seyidxanım baxıb qulluq etmişdir. O, və digər yaxın qohumlar isə tez-tez ona baş çəkməyə gəlmişlər və həmçinin maddi dəstək göstərmişlər. Lakin, Ramid və ya Akif adlı şəxsləri tanımır, onlar barəsində heç vaxt eşitməmiş, mərhum xalasına sağlığında, xəstə olduğu vaxtlarında nə maddi, nə də mənəvi dəstək olmamışlar. Mərhum xalasının ailəli olması və onun övladlıq uşaq götürməsindən məlumatı yoxdur. Çünki, o, həmişə X2 nikahının və ya nikahdan kənar ailəsinin olmadığını bilmişdir. Özü də heç vaxt övladlığa uşaq götürməsi və ya ailəli olması barədə bir söz deməmişdir. Xalasının ölmündən sonra da mərhumdan qalan mənzilə Seyidxanımın gediş-gəlişi olmuşdur. Ramid onun oğlu olduğunu qeyd etsə də, xəstə olduğu vaxt ən azından anasına telefonla zəng edə bilərdi, onun dəfnində və yas mərasimlərində iştirak edərdi. Xalası Seyidxanım ona və digər yaxın qohumlara məhkəmədən ərizə göndərildiyini və ərizədə mərhumun Ramid adlı oğlu olduğunun yazılmasını deyəndə hamı təəcüblənmişdir. Mərhum xalası Miryaqut dünyasını dəyişdikdən sonra ondan qalan ev xəstə vaxtlarında ona qulluq edən xalası Cavabdeh1 tərəfindən vərəsəsi kimi qəbul edilmiş və onun tərəfindən də Cavabdeh2 bağışlanmışdır. Evin əvvəldən seyfli dəmir qapısı olmuş və hazırda da həmin qapı istifadədədir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında ifadə verən şahid X10 bildirdi ki, o, mərhum X8 ilə həm yaxın qonşu, həm də ən yaxın rəfiqə, həm də iş yoldaşı olmuşlar. Poçtda işləmişlər və mübahisə olunan mənzil dövlət tərəfindən verilmişdir. Onunla bir-birinin evlərinə gediş-gəlişləri olmuş və Cavabdeh1 ona qulluq etdiyini, həmin evə gəlib-getdiyini təsdiq edir. Mərhum Miryaqut heç vaxt Ramid adlı övladının olması barədə ona bir söz deməmişdir. Həmçinin mərhumun Akif adlı həyat yoldaşı olmayıb və o, belə bir şəxsi tanımır. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixdə verilmiş 75 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Əliyev (Rahid) Ramid Akif oğlu xx.xx.1977-cu ildə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Onun atası X13, anası isə (X14) X7r. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixdə verilmiş 11 nömrəli övladlığa götürmə aktının qeydindən görünür ki, Lənkəran rayonu, Xolmili kəndində doğulmuş xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Əliyev Akif və Ağayeva Miryaqut tərəfindən övladlığa götürülmüşdür. Bu barədə xx.xx.1977-ci ilin akt qeydində 75 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 710438 nömrəli xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-cu ildə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Onun atası X13, anası isə X7r. İş materiallarına əlavə edilmiş AZ-İİ 449868 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə Lənkəran rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2011-ci ildə Lənkəran rayonunda ölmüş X8 həmin tarixədək subay olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinin xx.xx.2025-ci il tarixli 186 nömrəli məktubundan görünür ki, X8 xx.xx.2011-ci ildə vəfat etmiş, onun vərəsəsi İddiaçı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon DTİ və MHQİ-nin xx.xx.1999-cu il tarixli 5/2162 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Lənkəran şəhəri Nizami küçəsində 5 mərtəbəli 92/33 nömrəli binada yerləşən ümumi sahəsi 53.3 kv.metr, yaşayış sahəsi 28.5 kv.metr olan 2 otaqlı mənzil X3r. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında yaşayan bacısı – Cavabdeh1 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi idarəsinin xx.xx.2012-ci il tarixli 22-27-890 saylı arayışına və Lənkəran rayon DTİ və MHQİ-si xx.xx.1999-cu il tarixli 5/2162 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, 30.33 kv.metr yaşayış və 22.97 kv.metr yardımçı sahəsi olan 2 otaqlı mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan (qeydiyyat tarixi: xx.xx.2012; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********13-05101-093027) görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil daşınmaz əmlakın Dövlət reyestrində 8 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzili hədiyyə alan - bacısı qızı Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (qeydiyyat tarixi: xx.xx.2024; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********13-05101-093027) görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m olan mənzil daşınmaz əmlakın Dövlət reyestrində 8 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 4Ə-1444 reyestr nömrəli bağışlanma müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətlərində olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən (qeydiyyat tarixi: xx.xx.2012; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********13-05101-093027) tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzili bacısı qızı Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil Cavabdeh2 mərhum xalası və Cavabdeh1 mərhum bacısı X5 mülkiyyətində olmuşdur. X8 xx.xx.2011-ci ildə vəfat etmiş və ondan miras qalan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş və sonra da Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanmışdır və həmin daşınmaz əmlak hazırda onun xüsusi mülkiyyətindədir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil miras əmlak kimi qəbul edilmiş, əmlak üzərində miras qoyan öldükdən sonra yalnız Cavabdeh1 oraya sahiblik etmiş, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun tərəfindən Lənkəran rayon notariusunun verdiyi 17 may 2012-ci il tarixli, 2-V-01- 2/17 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 02 avqust 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, **********13-05101-093027 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və X2 varisi kimi Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlakdan tam pay alması ilə bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının iddia etdiyi mərhum X1 qalan mirası qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq və ya sənəd üzrə qəbul etməsi halları, habelə iddiaçının həmin müddətdən sonrakı dövrdə mərhum X1 qalan mirası faktiki olaraq qəbul etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi halları aşkar olunmadığı kimi, iddiaçının mirası faktiki qəbul etmiş olması halları hazırki məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, İddiaçı tərəfindən sözügedən mirasın qəbul edilməsi ilə əlaqədar aidiyyəti notariat orqanına müraciət də edilməmişdir. Halbuki iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində “anası vəfat etdiyi zaman o, Rusiya Federasiyasında olmuş və onun 40 mərasiminə özünü çatdırsa da, hazırki iş üzrə cavabdeh olan xalası ilə mübahisəsi yarandığı üçün onun yas mərasimində iştirakına imkan verməmişdir.” ifadəsini bildirməklə X1 miras qalmış əmlakın qaldığını və vərəsəliyə çağırıldığını bildiyini ifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə araşdırdığı faktlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək iddiaçının hüquqlarının pozulması hallarının aşkar edilmədiyi, onun dəlillərinin heç bir sübutla təsdiqini tapmayan və hüquqi əsasa söykənməyən formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Lənkəran rayon notariusu tərəfindən verilmiş 17 may 2012-ci il tarixli, 2-V-01-2/17 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 02 avqust 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, **********13-05101-093027 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, İddiaçı X2 varisi olması və onun mərhuma məxsus Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlakdan tam pay alması üçün hər hansı hüquqi əsaslar mövcud deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının hazırki iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği də onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran Rayon 1 saylı Notariat Kontoru və Lənkəran Regional “Asan Xidmət” mərkəzində yerləşən Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, daşınmaz əmlakın bağışlanma müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan tam pay alınması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar