Məhkəmə qərarları › İş №e-2(049)-3934/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3934/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3934/2025 27.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 550 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, cəmi 580.40 manat məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2025-ci il tarixdə almış, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsi üzrə "xxxx" ASC-də icbari sığortalanmış, "xxxx" MMC-yə məxsus olan, Cavabdeh tərəfindən idarə edilən “CHANGAN ALSVİN V3” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri ərazisində X4 məxsus olan, X1 idarə etdiyi “VAZ 2107” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “CHANGAN ALSVİN V3” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı inzibati araşdırma aparılmış, cavabdeh həmin inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla cavabdeh 100 manat məbləğində cərimə edilmişdir. “VAZ 2107” markalı ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 550 manat maddi zərər dəymiş və həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 550 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “VAZ 2107” markalı ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və hadisə yerindən yayındığına görə də inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. “VAZ 2107” markalı ** KX *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 550 manat müəyyən edilmişdir. Həmin avtomobilə dəymiş 550 manat maddi ziyan iddiaçı tərəfindən ödənilmişdir. 550 manat maddi zərər məbləğinin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı geriyə tələb (subroqasiya) qaydasında 550 manat sığorta məbləği, 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.8-ci maddələrinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddələrinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. xx.xx.2023-cü il tarixli ödəniş aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 550 manat sığorta məbləği iddiaçı tərəfindən avtomobili idarə edən şəxs X2 ödənilmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsinə dair qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması və cavabdehin hadisə yerindən yayınması faktı sübuta yetirildiyinə, cavabdehin əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 550 manat sığorta məbləği geriyə tələb (subroqasiya) qaydasında məhz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 550 manat sığorta məbləği, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı - cəmi 580.40 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar