Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4037/2025 07.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Rifah Qrup MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Rifah Qrup MMC məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış 00484129 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə satılmış mallara görə yaranmış qalıq borc 4600 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 460 AZN faiz olmaqla ümumilikdə 5060 AZN məbləğindəki pul vəsaitini və iddianın qaldırılması üçün ödənilmiş 66 AZN pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 00484129 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında Alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan “Mal” satılmışdır. Alıcı Cavabdeh2 Kazım oğlu və Cavabdeh1 Əzizbala qızı isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdəndə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Satıcı ilə Alıcı arasında bağlanmış Nisyə alqı-Satqı Müqaviləsindən irəli gələn ümumi 7310.0 AZN məbləğindən bu günə qədər cavabdehlər tərəfindən 2710.0 AZN ödənişi olmuş və hal-hazırda 4600.0 AZN məbləğində borc qalmaqdadır. Tərəflər arasında bağlanmış X1 6.2-ci bəndinə əsasən Alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 %-i məhsula əlavə qiymət hesablanacaq və həmin cərimə Malın dəyərinin və ya ödənişin cəmi məbləğinin 10%-dən artıq ola bilməz. Bu bəndə cavabdehlərin ödənilməmiş borc məbləği 4600.0 AZN, gecikdirilən günlər üçün hesablanan faiz pulu 460.00 AZN təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 5060 AZN təşkil edir. Cavabdehlərə dəfələrlə ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdeh ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etmiş, iş üzrə ekspertiza təyin olunmasına etiraz etməmişdir. Cavabdehlərdən Cavabdeh2 isə iddia ilə razılaşmayaraq iddiaçıya olan borcunun iddia tələbində göstərilən məbləğdən az olduğunu bildirmiş və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etməmişdir. Digər Cavabdeh1 üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-4037/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi məhkəməyə daxil olunanadək iş üzrə icraat dayandırılmışdır. Lakin bir neçə saatdan sonra onlar məhkəməyə ərizə verərək, iddiaçının nümayəndəsi isə iddialarını dəqiqləşdirərək cavabdehlərdən hər ay 150 manat ödəmək şərti ilə ümumilikdə 5060 manat borcun alınması, Cavabdeh2 iş üzrə ekspertizanın keçirilməsinə zərurətin qalmadığını, iddiaçının müayəndəsi ilə razılığı gəldiyini, iddianı qəbul etdiyini və işin məhkəmə baxışına verilməsini xahiş eytmişdir Məhkəmə onların ərizələrini nəzərə alaraq iş üzrə ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmiş, bu səbəbdən iş üzrə icraatı təzələmiş və məhkəmə baxış iclasını xx.xx.2026-cı il tarixinə təyin etmişdir Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 00484129 Saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 ilə cavabdeh (Alıcı) Cavabdeh2 arasında ümumi dəyəri 7310 manat olan məhsulların alınmasından ötrü nisyə alqı-satqı müqavilə imzalanmış və müqavilyəyə əsasən satıcı həmin məhsulları alıcının mülkiyyətinə verməyi, alıcı isə malın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən digər cavabdeh Quliyeva X2 Vüqar Kazım oğluna zamin durmuş və borcun ödənilməsi üçün iddiaçı qarşısında bocalanla birlikdə öhdəlik götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə iddiaçıya əsas məbləğ üzrə 4600 manat və cərimə faizləri üzrə 460 manat olmaqla cəmi 5060 manat borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Qeyd olunan Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış nisyə alqı satqı müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı Rifah Qrup MMC qarşısında Cavabdeh2 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həq ay 150 manat məbləğində ödəmək şərti ilə 4400 manat qalıq borc, gecikdirlimiş hər günə görə hesablanmış 460 manat faiz borcu, cəmi 5060 manat alınaraq iddiaçı Rifah Qrup MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlklə müştərək qaydada onlardan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həq ay 150 manat məbləğində olmaqla 4400 manat qalıq borc, gecikdirlimiş hər günə görə hesablanmış 460 manat faiz borcu, cəmi 5060 (beş min altmış) manat pul və 66 manat dövlət rüsumu tutularaq iddiaçı Rifah Qrup MMC verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №e-2(049)-4037/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4037/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver