Məhkəmə qərarları › İş №e-2(049)-4161/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4161/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4161/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 256 manat sığorta məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2017-ci il tarixdə “Porsche Cayenne” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri M.Qaşqay küçəsinin ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "xxxx" tərəfindən könüllü (kasko) sığorta müqaviləsi üzrə sığortalanmış “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 5736 manat miqdarında maddi ziyan dəymiş, avtomobilin təxliyəsi üçün 20 manat ödənilmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan qərara əsasən “Porsche Cayenne” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni hazırki iş üzrə cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə iddiaçı tərəfindən 5756 manat sığorta ödənişi verilmiş, həmin məbləğin 5000 manatdan ibarət hissəsi cavabdehin mülki məsuliyyətini icbari sığortalamış "xxxx" tərəfindən ödənilmiş, 500 manat azadolma məbləği çıxıldıqdan sonra qalan 256 manat isə cavabdeh tərəfindən ödənilməlidir. Zərərçəkmiş şəxsə ödənilmiş sığorta məbləğin 256 manatdan ibarət hissəsinin geri qaytarılması cavabdehdən tələb edilmişdir, lakin cavabdeh indiyədək həmin məbləği ödəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 256 manat sığorta məbləği və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. xx.xx.2025-ci il tarixdə Cavabdeh iddia tələbinə etiraz ərizəsilə məhkəməyə müraciət etmiş, ərizəsində göstərmişdir ki, iddiaçı “Qala Sığorta" ASC ona qarşı subroqasiya hüququ üzrə vurulumuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə məhkəmə bildirişi ona xx.xx.2025-ci il tarixində qeydiyyatda olduğu ünvana göndərilmişdir. O, məhkəmədən sadələşdirilmiş icraat qaydasında deyil işin ümumi icraat qaydasında baxılmasını xahiş edir. İddia ərizəsində ondan 256,00 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi qeyd etməklə tələb olunur. "xxxx" ASC 2017-ci il tarixində onun istifadəsində olan 10UR009 qeydiyyat nişanlı "Porsche Cayenne" markalı avtomobil Lexus LX570 markalı 90AA035 qeydiyyat nişanlı avtomobilə tərtib edilmiş maddi ziyanla bağlı akta uyğun olaraq 4200,00 manat məbləğində maddi ziyan hesablanmışdır. Həmin dəymiş maddi ziyan sığorta təşkilatı olan "xxxx" ASC-i tərəfindən 5000,00 manat olmaqla ödənilmişdir. Bütün ödənişlər 2017-ci ildə olmuşdur. Sonradan 2025-ci il oktyabr ayında iddia ərizəsi ilə məhkəmə müraciət etmiş və iddia Mülki Məcəllənin 373-cu maddəsinin tələblərini pozmuşdur. İddiaçı üç il iddia müddəti olduğu halda iddiaçı tərəf iddia müddətini ötürərək 8 ildən sonra müraciət etmişdir. Hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında deyil, ümumi icraat qaydasında baxılmasını və hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, 2017-ci ildə hadisə baş vermiş, 5 min manat ziyan hesablanmış, sığorta agenti tərəfindən onlara məsələnin yoluna qoyulması barədə söz verilmişdir. Hazırda isə iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə QalaSığorta ASC-yə məlumat verilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi iştirak etməmiş, QalaSığorta ASC məhkəməyə elektron kabinet vasitəsilə elektron qaydada ərizə göndərərək iddianı müdafiə etdiklərini bildirərək təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən QalaSığorta ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC (hazırki iş üzrə iddiaçı) tərəfindən kasko sığortası, sürücülərin və sərnişinlərin fərdi qəza sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası növləri üzrə 1 il müddətinə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmiş, hadisə nəticəsində X5 idarə etdiyi “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Həmin arayışda “Porsche Cayenne” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün, yəni hazırki iş üzrə cavabdehin hadisə zamanı ayıq vəziyyətdə olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixdə verilmiş AC 404010 nömrəli sürücülük vəsiqəsinin və xx.xx.2017-ci il tarixdə verilmiş AC 922812 nömrəli şəhadətnamənin surətlərindən görünür ki, hazırki iş üzrə cavabdehin nəqliyyat vasitələrini idarə etmə hüququ vardır və “Porsche Cayenne” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünün mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhərinin ərazisində “Porsche Cayenne” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həmin avtomobili idarə edən şəxs - hazırki iş üzrə cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qüsur aktından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 5736 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli sığorta aktının və xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətlərindən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə iddiaçı tərəfindən 5736 manat miqdarında vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə iddiaçı tərəfindən ödənilmiş vəsaitin 256 manatdan ibarət hissəsinin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materialları ilə müəyyən edildi ki, cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Porsche Cayenne” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə kasko sığortası, sürücülərin və sərnişinlərin fərdi qəza sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası növləri üzrə 1 il müddətinə sığortalanmışdır. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılaraq hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ilə əlaqədar iddiaçı tərəfindən 5736 manat sığorta ödənişi və 20 manat təxliyə xərci verilmiş, həmin məbləğin 5000 manatdan ibarət hissəsi cavabdehin mülki məsuliyyətini icbari sığortalamış "xxxx" tərəfindən ödənilmiş, 500 manat azadolma məbləği çıxıldıqdan sonra qalan 256 manat isə Cavabdehdən tələb edilmişdir. Hazırda iddiaçı geriyə tələb (subroqasiya) qaydasında 256 manat sığorta məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərara, sığorta müqaviləsinə dair məlumata, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə sığorta aktına və ödəniş sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq bildirir ki, “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı 4200 manat hesablanmış, onun öz avtomobili üzrə mülki məsuliyyətini sığortalamış "xxxx" ASC tərəfindən isə hazırki iş üzrə iddiaçıya 5000 manat sığorta ödənişi ödənilmiş və məsələnin tam şəkildə həll edildiyi sığorta şirkəti tərəfindən onlara bildirilmişdir. Bu ödənişlər 2017-ci ildə olmuş, həmin vaxtdan 8 il müddət keçəndən sonra iddiaçı ona qarşı hazırki tələbi irəli sürmüş, bununla da iddiaçı məhkəməyə müraciət edərkən müddəti ötürmüşdür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbdə cavabdehin hazırki iddia tələbinə etirazının əsası olaraq istinad etdiyi, iddia müddətinin keçməsi ilə bağlı xüsusata münasibət bildirərək qeyd edir ki, iddiaçının hazırki iddia tələbi müqavilələrdən irəli gələn öhdəliklərdən və ya vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər sırasına aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki tələb müqavilədən irəli gələn və ya vaxtaşırı icra edilməli olan öhdəliklər sırasına aid olmadığından, qanunvericiliyə əsasən bu növ tələblər üzrə iddia müddəti on il müəyyən edilir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı həmin müddət çərçivəsində hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq həmin müddəti keçirmədən hazırki tələblə məhkəməyə müraciət etdiyindən məhkəmə cavabdehin iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə dəlillərini əsaslı hesab etmir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki tələbində cavabdehin konkret olaraq hansı təqsirli hərəkəti nəticəsində mülki (maddi) məsuliyyət daşıdığını, yəni hansı səbəbdən iddiaya cavab verməli olan şəxs olduğunu əsaslandırmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edən 25-ci maddəsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;] 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Həmin Qanunun 63.1-ci maddələrinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırki iddia tələbi üzrə iş materiallarından, yəni iddiaçının dəlillərindən cavabdehin xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirinin konkret olaraq nədən ibarət olması müəyyən edilmir. Cavabdehin nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunmaqla idarə etməsi; avtomobilin onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi və ya onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi; habelə baş vermiş hadisə zamanı sürücünün hadisə yerindən yayınmış olması və sair bu kimi hallar aşkar edilməmiş, əksinə belə halların mövcudluğu iş materialları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Cavabdehin hazırki tələbə görə maddi məsuliyyət daşımalı olduğunu təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə qərara gəlir ki, “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə cavabdehdən 256 manat sığorta ödənişi tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edilmədiyi nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Lexus LX570” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə Cavabdeh 256 manat sığorta ödənişi tutulmasına dair iddia tələbi təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar