Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4322/2024 20.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC-yə ödənilməmiş 2250 (iki min iki yüz əlli) manat əsas borc, dəbbə pulu 224 (iki yüziyirmi dörd) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44,74 (qırx dörd manat yetmiş dörd qəpik) manat dövlət rüsumu məbləğini, cəmi 2518,74 (iki min üç yüz qırx dörd manat yetmiş dörd qəpik) manat pulun tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində ******* №-li nisyə alqısatqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Alqı-satqı müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 3600 manat olan 10 ədəd “Arçelik” markalı paltaryuyan maşın almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 6 ay ərzində hər ay 600 manat ödəmək ilə, alınan malların dəyərini tam ödəməlidir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə malları təhvil almışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024 tarixə "xxxx" MMC-nə olan borcu 2250 manat əsas, 224 manat cərimə borcu olmaqla, cəmi 2474 (iki min dörd yüz yetmiş dörd) manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş 20 noyabr 2023-cü il tarixli pretenziya məktubundan və poçt zərfinin surətindən görünür ki, cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilmiş və xx.xx.2023 tarixdə cavabdehə çatdırılmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçı ilə dəfələrlə əlaqə saxlanılmış, daha sonra isə cavabdehin ünvanına pretenziya məktubu göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh öhdəliyini bu günədək icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh xx.xx.2024-cü il tarixdə bildiriş və iddia ərizəsinin surətini poçt vasitəsi ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində ******* №-li nisyə alqısatqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. İş materiallarında olan təhvil təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024 tarixə "xxxx" MMC-nə olan borcu 2250 manat əsas, 224 manat cərimə borcu olmaqla, cəmi 2474 (iki min dörd yüz yetmiş dörd) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli,**********95 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44 manat,74 qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya görünür ki, ona 3 gün müddətində nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, iddianın əsas borca hesablanmış 224 AZN cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 50 manat miqdarında müəyyən edilərək cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2250 manat əsas borc, 50 manat dəbbə pulu və 44,74 manat dövlət rüsumu məbləği olmaqla, cəmi 2344,74 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-4322/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4322/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver