Məhkəmə qərarları › İş №e-2(049)-4330/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4330/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4330/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 1299 manat əsas, xx.xx.2023-cü il tarixə hesablanmış 326.88 manat cərimə 1625.88 manat ümumi borc həmçinin 36.25 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə bağlanmış 136027 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1299 manata nisyə televizor satmışdır. Cavabdeh hər ay xx.xx.2022 ci il tarixli müqaviləsinə əsasən 72.17 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 24- dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 1299 manat əsas, həmin gün üçün hesablanmış 312.48 manatcərimə, 1611.48 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 1299 manat əsas xx.xx.2023-cü il tarixədək 326.88 manat cərimə, 1625.88 manat ümumi borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər 24 noyabr 2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «ünvan düzgün deyil» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Lənkəran ŞİHB-nln 1 nömrəli inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: xx.xx.2022-ci ildə bağlanmış 136027 saylı nisyə alqı-satqı müqaviləsindən və EMİSdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən 1299 manata nisyə televizor satmışdır. xx.xx.2023-cü il tarixli Maliyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə bağlanmış 136027 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1299 manat əsas, 326.88 manat cərimə borcu, cəmi 1625.88 manat məbləğində borcu vardır. Hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36.25 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci ildə bağlanmış 136027 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1299 manat əsas, 326.88 manat cərimə borcu, cəmi 1625.88 manat məbləğində borc və 36.25 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar