Məhkəmə qərarları › İş №e-2(049)-4345/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4345/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4345/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung A05S markalı telefon üçün 201 manat ödənilməmiş əsas borc və 100 manat hesablanmış cərimə olmaqla ümumilikdə 301 manat borc, cavabdehə ünvanlanan xəbərdarlıq məktubuna görə ödənilmiş 2.40 manat rüsum və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 1 (bir) ədəd “Samsung A05S (4/128GB)” markalı telefon almış və nəticədə cavabdehin iddiaçı qarşısında 375 (üç yüz yetmiş beş) manat borcu yaranmışdır. Cavabdeh ötən müddət ərzində bu müqavilə üzrə əslində ödəməli olduğu 375 (üç yüz yetmiş beş) manat borcdan cəmi 174 (yüz yetmiş dörd) manat ödəniş etmişdir. Sonradan isə borcunu ödəməkdən boyun qaçıraraq müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, cavabdehlə qarşılıqlı bağlanan alqı-satqı müqaviləsi üzrə dəyəri 375 (üç yüz yetmiş beş) manat (yəni məhsulu alarkən ilkin olaraq 27 (iyirmi yeddi) manat nağd, sonra isə növbəti 12 ay müddətində 29 (iyirmi doqquz) manat hissəli ödənməli olduğu) “Samsung A05S (4/128GB)” smartfonu üçün alqı-satqı müqaviləsində göstərilən qaydada ödənişlərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında 201 (iki yüz bir) manat əsas, 100 (bir yüz) manat borca hesablanmış cərimə olmaqla ümumilikdə 301 (üç yüz bir) manat borcu yaranmışdır. Cərimə maliyyə və ödəniş cədvəlinin qeyd hissəsində cavabdehin ödənişləri vaxtında ödəməməklə uzun müddət gecikdirməsi nəticəsində iddiaçını kommersiya qazancından məhrum etdiyinə görə dövrün bazar qiymətləndirməsinə əsasən güzəştli olaraq 100 manat hesablanmışdır. Cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh alqı-satqı predmeti olan məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışıqlarında, həmçinin, göndərdiyimiz xx.xx.2025- ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar səmimi müstəvidə həll olunması üçün cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin qeydiyyat yeri olan ünvan 1 ünvanına bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Sütəmurdov kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləki, İş materiallarında olan xx.xx.2024-cü il tarixli 01 saylı Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə cavabdeh arasında ümumi dəyəri 375 manat olan 1 ədəd Samsung A05S markalı telefon alınması ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan təhvil təslim aktından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilədə göstərilən məhsulu tam və qusursuz şəkildə təhvil almışdır. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 29 manat olmaqla, cəmi 319 manatı Cavabdeh iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh arayış tərtib olunan tarixə olan qalıq borcu 201 manat əsas və 100 manat dəbbə olmaqla cəmi 301 manat təşkil edir. İş materiallarına əlavə xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 527-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 452-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən yaranmış borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli 01 saylı Alqı-satqı müqaviləsi üzrə yaranmış 201 manat əsas, 100 manat dəbbə pulu, xəbərdarlıq məktubuna görə ödənilmiş 2.40 manat rüsum və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 333.40 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar