Məhkəmə qərarları › İş №e-2(049)-4583/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4583/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4583/2024 17.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «müqavilədən yaranan öhdəliklər üzrə» iddia tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «müqavilədən yaranan öhdəliklər üzrə» tələbə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4817 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində 12,503 manat olaraq əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 128 manat məbləğinin, ümumilikdə 12.631 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetolojiavadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 13 Oktyabr 2023-cü il tarixində 4817 nömrəli nisyə alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı MMC müqaviləyə əlavələr ilə müəyyənləşdirilən avadanlığı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərtilə təhvil verməyi, alıcı isə avadanlığı qəbul etməyi və onun dəyərini razılaşdırılmış formada hissə-hissə satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış Müqavilə ilə eyni gündə ona 1 nömrəli Əlavə də imzalanmışdır. Həmin əlavə ilə hər birindən 1 ədəd olmaqla Goldenlaser sunlight diode aparatı, kosmetoloji çarpayı, oturacaq, led lampa, tumba, elektroepilyasiya cihazı və 3 ədəd miqdarda aqua gel mallarının satıcı tərəfindən alıcıya təqdim olunması razılaşdırılmışdır. Qeyd olunan malların ümumi satış dəyəri27,000 (iyirmi yeddi min) AZN olaraq razılaşdırılmışdır və bu məbləğdən 7,000 (yeddi min) AZN-i elə müqavilə imzalanan zaman alıcı tərəfindən satıcıya ödənilmişdir. Qalıq 20,000 (iyirmi min) AZN məbləğ isə 24 aylıq ödəniş qrafiki formasında adıçəkilən Əlavədə öz əksini tapmışdır. İlkin ödənişin ardından satıcı tərəfindən yalnız qrafik üzrə ilk 9 ayın ödəniş məbləği həyata keçirilmişdir. 9 ay üzrə ümumi ödəniş məbləği aylıq ödənişin 833 (səkkiz yüz otuz üç) AZN olduğu üçün 7,497 (yeddi min dörd yüz doxsan yeddi) AZN təşkil etmişdir. Beləlikə, alıcı Cavabdeh Müqavilə üzrə ödəməli olduğu 27,000 (iyirmi yeddi min) AZN məbləğindən ilkin ödəniş kimi 7,000 (yeddi min) AZN və aylıq ödənişlər (9 ay) şəklində 7,497 (yeddi min dörd yüz doxsan yeddi) AZN ödəməklə, ümumilikdə satıcıya 14,497 (on dörd min dörd yüz doxsan yeddi) AZN ödəniş həyata keçirmişdir. Belə olan təqdirdə alıcının satıcıya Müqavilə üzrə hal-hazırda 12,503 (on iki min beş yüz üç) AZN borcu qalmaqdadır. Cavabdeh tərəfindən sonuncu ödənişin həyata keçirilməsindən (vaxtı çatmış öhdəliyin icra edilməməsindən) artıq 4 aya yaxın müddət keçməkdədir. Onun tərəfindən müvafiq ay üzrə ödənişin edilməməsindən sonra tərəfimizdən onunla ödənişin edilməsinin zərurəti ilə bağlı danışıqlar aparılmışdır. Həmçinin, Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziya məktubu da göndərilərək gecikdiriliş ödənişləri həyata keçirməsi üçün əlavə 3 gün vaxt verilmiş və buna əməl etməyəcəyi təqdirdə isə artıq onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin, bütün bu cəhdlər nəticəsiz qalmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri öyrənib belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilmədən verildiyindən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Lakin məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində mümkündür. Məhz bunlardan biri də işin aidiyyəti üzrə düzgün məhkəmədə baxılması prosedurudur. Təsadüfi deyildir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırda iddia ərizəsi üzrə yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq diqqətin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına yönəldilməsini zəruri hesab edirəm. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Sözügedən Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Eyni zamanda həmin Qərarın 22-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. MPM-nin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eləcə də həmin Qanunun sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından bəhs edən 10-cu maddəsinin İ və İİ hissələrinin məzmunundan görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində “vergi məlumatları” bölməsinə edilmiş sorğuların cavabından görünür ki, həm İddiaçı (VÖEN **********), həm də Cavabdeh (VÖEN **********) vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışlar. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli, 4817 nömrəli nisyə alğı-satqı müqaviləsinin mübahisələrin həllindən bəhs edən 6.3-cü bəndində qeyd olunmuşdur ki, tərəflər arasında gələcəkdə baş verə biləcək mübahisələr məhkəmədənkənar həll edilə bilmədikdə, həmin mübahisələrə ərazi aidiyyəti qaydaları nəzərə alınmaqla mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Göründüyü kimi, hazırki iddia ərizəsi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan və yuxarıda sadalanan Qərara, habelə sadalanan hüquq normalarına əsasən kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsinin geri qaytarılması qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlirəm ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğu üçün, işə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, İddiaçı Cavabdeh qarşı «müqavilədən yaranan öhdəliklər üzrə» tələbi üzrə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinin sonunda “dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün **********68 №-li qəbz əsasında 128 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 128 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «müqavilədən yaranan öhdəliklər üzrə» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 128 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar