Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-533/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 2442,75 manat pulun, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin tərəflərin iştirakı ilə araşdırılması məqsədəmüvafiq hesab edilərək məhkəmənin müvafiq qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış, avtomobilin müddətli satışı üzrə xx.xx.2023-cü il tarixli K-464A-PCC-23 nömrəli müqaviləyə əsasən cavabdeh “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçıdan satın almışdır. Müqavilə bağlandıqdan sonra avtomobil cavabdehə təhvil verilmişdir. Cavabdeh əvvəllər müqavilə öhdəliyini icra etsə də, sonradan öhdəliyini icra edə bilmədiyi üçün avtomobili şirkətə təhvil vermişdir. Qeyd edilən avtomobil təhvil alınarkən qüsurları olduğuna görə iddiaçıya məxsus servis mərkəzində yoxlanılmış və qüsurlarla bağlı akt tərtib edilmişdir. Tərtib edilmiş qüsur aktına əsasən avtomobilin cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində həmin avtomobilə 2442,75 manat miqdarında maddi zərər vurulduğu müəyyən olunmuşdur. Vurulmuş zərərin ödənilməsi üçün cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh maddi zərər məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdehdən 2442,75 manat maddi zərər məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 manat dövlət rüsumunun ödənilməsini tələb edir İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə cavabdehə saz vəziyyətdə təhvil verilmişdir. Cavabdeh bir müddət avtomobildən istifadə etmiş və 2024-cü ilin may ayında avtomobili iddiaçıya qaytarmışdır. Avtomobil geri qaytarılarkən təhvil-təslim aktı tərtib edilməmişdir. Belə ki, cavabdeh avtomobili şirkətdə qoyaraq çıxıb getmişdir. Lakin sonradan servisdə yoxlanılarkən avtomobildə xeyli qüsurların olduğu aşkar edilmiş, bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Eyni zamanda, avtomobil cavabdehin istifadəsində olduğu müddətdə, 2024-cü ilin oktyabr ayında cavabdeh həmin avtomobillə qəza törətmiş, avtomobilə həm də bu səbəbdən maddi zərər dəymişdir. Qəza nəticəsində dəymiş maddi zərər iddiaçı tərəfindən aradan qaldırılmışdır. Məhkəməyə müraciət edilən zaman təqdim edilmiş qüsur aktlarından birində - xx.xx.2024-cü il tarixi qeyd edilən akt və həmin aktda göstərilən qüsurlar “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olmaqla, aktın tarixi texniki səhv olaraq xx.xx.2024-cü il tarixi kimi qeyd edilmişdir. Həmin aktın real tarixi xx.xx.2024-cü il olmaqla, bununla bağlı yeni akt hazırda məhkəməyə təqdim edilmişdir. “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində həmin avtomobilə cəmi 2442,75 manat miqdarında maddi zərər vurulmuş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasıda verdiyi izahatında göstərdi ki, “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə ona təhvil verilmiş və həmin vaxtdan sonra 2024-cü ilin mart ayınadək onun istifadəsində olmuşdur. Avtomobil onun istifadəsində olduğu müddətdə - 2024-cü ilin oktyabr ayında o, avtomobillə qəza törətmiş və hadisə nəticəsində avtomobilə maddi zərər dəymişdir. Avtomobilə dəymiş maddi zərəri sığorta şirkətinin ödəyəcəyini düşündüyü üçün avtomobili təmir etdirməmişdir. Eyni zamanda, aavtomobilə görə aylıq ödənişləri ödəməkdə çətinlik çəkmişdir. Buna görə də o, 2024-cü ilin mart ayında avtomobili aparıb şirkətə qoyaraq çıxıb getmişdir. Həmin vaxt avtomobilin təhvil-təslimi, texniki vəziyyəti ilə bağlı onunla iddiaçı arasında hər hansı sənəd tərtib edilməmişdir. Sonradan iddiaçı ondan cəmi 2442,75 manat miqdarında maddi zərər tələb etmişdir. O, iddia tələbini yalnız 672,45 manatdan ibarət hissədə qəbul edir. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş, avtomobilin müddətli satışı üzrə xx.xx.2023-cü il tarixli K-464A-PCC-23 nömrəli müqavilə, həmin müqaviləyə 02 saylı əlavə, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı, xx.xx.2024-cü il tarixli ərizə, xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsi, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı, xx.xx.2024-cü il tarixli qiymət təklifi, həmin tarixli servis kartı, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qüsur aktları, fotoşəkillər, avtomobilin müddətli satışı üzrə xx.xx.2024-cü il tarixli K-546A-PCC- 24 nömrəli müqavilə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçıya məxsus “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə müddətli satış müqaviləsi üzrə cavabdehin istifadəsinə verilmişdir. Cavabdehə 35 ay ərzində hər ay 609 manat, sonuncu ay isə 594 manat olmaqla, cəmi 21.300 manat məbləği ödəməli olması ilə bağlı cədvəl təqdim edilmişdir. Cavabdeh avtomobili bir müddət istifadə etdikdən sonra 2024-cü ildə geri qaytarmışdır. Bir neçə ay sonra, xx.xx.2024-cü il tarixdə avtomobil müddətli satış müqaviləsi üzrə digər fiziki şəxsə satılmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərin icrasını, yəni gecikdirilmiş borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh müqavilə üzrə borcu və avtomobilə dəymiş maddi zərər məbləğlərini ödəmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin 672,45 manatdan ibarət hissəsi xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 2442,75 manat pulun və 45 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqaviləyə, avtomobilin cavabdehin istifadəsinə verilməsinə dair təhviltəslim aktına, servis kartına və qüsur aktlarına istinad edir. Cavabdeh iddia tələbini qismən xx.xx.2024-cü il tarixli servis kartı əsasında iddiaçı tərəfindən ödənilmiş 672,45 manatdan ibarət hissədə qəbul edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobil rəsmi dövlət reyestrində qeydiyyata alınan əmlak olmaqla, həmin əmlaka dair alqı-satqı müqaviləsi də rəsmi dövlət orqanı olan notariat ofisində təsdiqlənməli idi. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllə - maddə 144.1). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllə - maddə 650). Bu baxımdan məhkəmə hesab edir ki, “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflər arasında bağlanmış, avtomobilin müddətli satışı üzrə xx.xx.2023-cü il tarixli K-464A-PCC-23 nömrəli müqavilə notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz müqavilə hesab edilir. İddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli bildirişdə də cavabdehdən maddi zərər məbləği deyil, xx.xx.2023-cü il tarixli K-464A-PCC-23 nömrəli müqavilə üzrə öhdəliklərin icrası, yəni gecikdirilmiş borcun ödənilməsi tələb edilmişdir. Halbuki, həmin vaxt qeyd olunan avtomobil artıq başqa bir fiziki şəxsin istifadəsinə verilmişdir. Həmin bildirişdə cavabdehdən tələb edilən borcun miqdarı qeyd edilmədiyi kimi, tələb edilən vəsaitin müqavilə üzrə öhdəliklərdən əmələ gəldiyi və ya qüsur aktlarına görə yarandığı da bəlli deyildir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, avtomobilin müddətli satışı üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli K-464A-PCC-23 nömrəli müqavilə əhəmiyyətsiz müqavilə hesab edildiyinə görə tərəflər arasında yaranan mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin alqı-satqı müqaviləsindən irəli gələn müddəaları deyil, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müvafiq müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra edərək müqavilədə qeyd edilən avtomobili qüsursuz vəziyyətdə cavabdehə təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında da avtomobildə qüsur və ya detal çatışmazlığı aşkar edilməsi barədə hər hansı qeyd mövcud deyildir. Tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə cavab verməyən əhəmiyyətsiz müqavilə hesab edilsə də, cavabdeh özü də xx.xx.2023-cü il tarixdə müqavilə bağlanan vaxt avtomobilin ona qüsurlu və ya detal çatışmazlığı ilə təhvil verildiyini iddia etməmişdir. Bir müddət sonra isə cavabdeh avtomobili geri qaytarmış, özünün qeyd etdiyi kimi, avtomobili gətirib şirkətə qoyaraq çıxıb getmişdir. Cavabdeh avtomobili 2024-cü ilin mart ayında, iddiaçı isə həmin ilin may ayında qaytarıldığını iddia etsə də, işin mübahisələndirilməyən halı olaraq müəyyən edilmişdir ki, avtomobilin qaytarılması anında tərəflər arasında hər hansı təhvil-təslim aktı tərtib edilməmiş, avtomobilin hansı vəziyyətdə qaytarılması ilə bağlı texniki baxış keçirilməmiş və ya qüsur aktı tərtib edilməmişdir. İddiaçı özü də avtomobilin geri qaytarılmış olduğunu inkar etmir, lakin cavabdehin sahibliyində olduğu müddətdə avtomobildə qüsurlar yarandığını və maddi zərər vurulduğunu, maddi zərər məbləğinin cəmi 2442,75 manat təşkil etdiyini iddia edir. Cavabdeh həmin avtomobillə 2023-cü ilin oktyabr ayında qəza törətdiyini və avtomobilə müəyyən qədər maddi ziyan dəydiyini etiraf edir və iddia tələbini həmin qəza nəticəsində dəymiş zərərlə bağlı xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən ödənilmiş 672,45 manat həddində qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymət təklifi və həmin tarixli servis kartı əsasında xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən ödənilən 672,45 manat məbləğ tərəflər arasında işin mübahisələndirilməyən halı olaraq qəbul edildiyindən iddia tələbinin həmin sənədlərdə qeyd edilən 672,45 manat məbləğlə bağlı hissəsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin 809,00 manat və 961,30 manat maddi zərər məbləğləri ilə bağlı qüsur aktlarına dair hissələri ilə əlaqədar qeyd edir ki, cavabdeh həmin qüsur aktlarında qeyd edilənləri və buna görə hesablanmış maddi zərər məbləğlərini qəbul etməsə də, avtomobilin onun istifadəsində olduğu müddətdə ehtiyat hissələrinin istifadəyə yararsız hala düşməsi, habelə, aşınmaya məruz qalıb sıradan çıxması halları istisna edilmir. Avtomobil cavabdehə təhvil-təslim aktı əsasında, istifadəyə yararlı vəziyyətdə təhvil verildiyi kimi, cavabdeh də avtomobilin iddiaçıya qaytarılması zərurəti yarandığı halda, bunu təhvil-təslim aktı əsasında, avtomobilin istifadəyə yararlılıq vəziyyəti qarşılıqlı olaraq yoxlanılmaqla icra etməli idi. Lakin cavabdeh müəyyən müddət istifadədən sonra avtomobili qanunamüvafiq şəkildə rəsmi təhviltəslim aktı əsasında təhvil verməyib, özünün də etiraf etdiyi kimi, gətirib şirkətə qoyaraq çıxıb getməklə hazırda avtomobili qüsursuz vəziyyətdə qaytardığını iddia etməkdə haqlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə həmin avtomobilin cavabdeh tərəfindən qüsurlu vəziyyətdə iddiaçıya qaytarıldığını qəbul edir və bununla bağlı iddiaçı tərəfindən tərtib edilmiş qüsur aktlarını da mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəməyə müraciət edilən zaman təqdim edilmiş qüsur aktlarından birində göstərilən xx.xx.2024-cü il tarixində “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hələ cavabdehin istifadəsində və sahibliyində (avtomobilin cavabdehin qeyd etdiyi kimi 2024-cü ilin mart ayında və ya iddiaçının qeyd etdiyi kimi 2024-cü ilin may ayında qaytarılmasından asılı olmayaraq) olmuşdur. Belə olan halda, xx.xx.2024-cü il tarixdə avtomobildə iddiaçı tərəfindən qüsurlar aşkar olunması və bununla bağlı akt tərtib edilməsi reallığı əks etdirmir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsinin iddia etdiyi kimi, aktın tarixinin texniki səhv olaraq xx.xx.2024-cü il tarixi kimi qeyd edildiyi, əslində isə aktın real tarixinin xx.xx.2024-cü il olduğu halda isə, istənilən tarixli və istənilən məzmunlu aktda belə bir texniki səhvə yol verildiyini iddia etmək mümkündür. Bu isə özü-özlüyündə həmin qüsur aktının səhihliyini şübhə altına alır. 809 manat maddi zərərlə bağlı yeni tarixli qüsur aktı sonradan məhkəməyə təqdim edilmiş olsa da, həmin avtomobilin həm xx.xx.2024-cü il tarixdə, həm də xx.xx.2024-cü il tarixdə servisdə, həm də iddiaçının özünə məxsus servisdə ayrı-ayrılıqda texniki baxışdan keçirilərək fərqli məzmunlu aktlar tərtib edildiyi də ağlabatan deyildir və inandırıcı görünmür. Məhkəmə tərəflərin dəlillərinə araşdırdığı faktlarla məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək iddiaçının avtomobilə dəymiş maddi zərərin hər iki aktla əhatə olunması, həmçinin, cavabdehin avtomobildə qəza hadisəsinin nəticəsindən başqa əlavə qüsurların olmaması barədə dəlillərinə tənqidi yanaşır. Həmin əsaslara görə məhkəmə digər iki qüsur aktına münasibətdə avtomobilə dəymiş maddi zərəri yalnız xx.xx.2024-cü il tarixli aktda qeyd edilən qüsurlara görə 961,30 manat maddi zərərlə bağlı hissədə sübuta yetirilmiş hesab edir və həmin aktı mötəbər sübut kimi qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərlə bağlı tərtib edilmiş xx.xx.2024cü il tarixli aktda qeyd edilən 961,30 manat məbləğlə bağlı hissəsi təmin edilməli, xx.xx.2024-cü il tarixli aktda qeyd edilən 809,00 manat məbləğlə bağlı hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən və ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəmə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 45 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan 15 manatdan ibarət hissəsinin isə iddiaçının özünə aid edilməsini qanunamüvafiq hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “RAVON R3 SX” markalı 99 P 790 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə İddiaçı xeyrinə 1633,75 manat və məhkəməyə müraciət etmək üçün ödənilən 45 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi - cəmi 1663,75 manat tutulsun. Məhkəməyə müraciət etmək üçün ödənilən 45 manat dövlət rüsumu məbləğinin 15 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbinin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-533/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-533/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver