Məhkəmə qərarları › İş №e-2(049)-77/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-77/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-77/2024 23.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1570 manat və ödənilmiş dövlət rüsumuna görə 35.7 manat, ümumilikdə 1605.7 (bir min altı yüz beş manat yetmiş qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış VAZ 21070 markalı, 42BX399 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 16 yanvar 2020-ci il tarixində Lənkəran, Sütəmurdov kəndində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Lənkəran ŞRPŞ tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən VAZ 21070 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Qərarın yekun hissəsinin 2-ci bəndinə əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İddiaçı “İcbari Sığorta Bürosu” X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh bildirmişdir ki, 16 yanvar 2020-ci il tarixdə əmisi oğlu X3 məxsus “VAZ 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmiş və Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi törədən zaman sürücülük vəsiqəsi olmamışdır. Ümumiyyətlə onun sürücülük vəsiqəsi yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X7 ilə "xxxx" ASC arasında **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” markalı nəqliyyat vasitəsinin sığorta edilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. İC AA 0686/20 saylı işə dair Sığorta Aktından görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində X4 1570 manat maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərçəkən X4 1570 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lənkəran ŞRPŞ-nin müstəntiqi Elgün Məmmədov tərəfindən qəbul edilmiş 30 aprel 2020-ci il tarixli qərardan görünür ki, şöbənin istintaq bölməsində araşdırılmış xx.xx.2020ci il tarixli HK-1 qeydiyyatlı 148 saylı və xx.xx.2020-ci il tarixli HK-1-233 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC-də xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” markalı avtomobil sığorta müddətində 16 yanvar 2020-ci il tarixində Lənkəran, Sütəmurdov kəndində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində olan “VAZ 2107” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin əmlaka maddi zərər vurulmuşdur. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkən X4 1570 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən sürücülük vəsiqəsi olmamışdır. Bu hal cavabdehin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işdə olan digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.70 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1570 manat və ödənilmiş dövlət rüsumuna görə 35.7 manat, ümumilikdə 1605.7 manat pulun tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X6 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar